Tam 24 il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul olunub. BMT Təhlükəsizlik Şurası həmin qətnamədə təcavüzkar Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət etməyə çağırıb. Həmçinin bildirilib ki, başqa ölkələrin ərazilərinin əldə edilməsi məqsədilə güc işlədilməsi beynəlxalq hüquqa ziddir.
Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgə olan Kəlbəcərin 2 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal olunması nəticəsində 500 nəfər həlak olmuş, 300-dən çox insan itkin düşmüş və girov götürülmüş, xalq təsərrüfatına külli miqdarda ziyan dəymişdir. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri 20 ildən çoxdur ki, talan edilir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod), ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli civə ehtiyatları ermənilər tərəfindən qanunsuz şəkildə istismar edilir, qiymətli ağac növləri kəsilərək Ermənistana aparılır. Bununla yanaşı, Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da işğal ərazisindədir. Bu rayon öz ərazisində çox sayda qədim tarixi memarlıq abidələrini, ziyarətgahları, muzeyləri, qalaları, məscidləri qoruyub saxlayırdı. Həmin abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmışdır.
Təəssüf ki, bu gün də təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əhəmiyyət vermir, aqressiv işğalçılıq siyasətinə son qoymur. İrəvanda hakimiyyətdə olan terrorçu, cinayətkar rejim nəinki bu qətnaməni, BMT Təhlükəsizlik Şurasının Ağdamın işğalından sonra 1993-cü il iyulun 29-da qəbul etdiyi 853, Füzuli, Cəbrayıl, Qubadlının zəbt edilməsi ilə əlaqədar 1993-cü il oktyabrın 14-də qəbul olunan 874, nəhayət, Zəngilanın Ermənistan tərəfindən tutulması ilə əlaqədar 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələri də yerinə yetirmir.
Problemlə əlaqədar olaraq Avropa Şurası və Avropa İttifaqı tərəfindən də qərarlar qəbul edilmişdir. Bu qərarlarda da Azərbaycan torpaqlarının işğal edildiyi vurğulanmış, lakin münaqişənin həlli ilə bağlı adekvat addımlar atılmamışdır. Avropa İttifaqının problemə və işğal edilən torpaqlara dair 4 sentyabr 1993-cü il tarixli qərarında işğal edilmiş bölgələrin adları sıralanaraq, işğalçının bu bölgələrdən çıxması tələb edilmişdir. Amma sənəddə işğal olunan və işğal edən ölkə haqqında heç bir ifadəyə yer verilməmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin BMT üçün əsas olmasını vurğulayaraq, onların 20 ildən çox bir müddət keçməsinə baxmayaraq, hələ də yerinə yetirilməməsini ədalətsizlik və ikili standart adlandırmışdır. Bu vəziyyətin dözülməz olduğunu vurğulayan Azərbaycan Respublikasının Prezidenti dövlətimizin prinsipial mövqeyini qəti şəkildə bəyan etmişdir: “Azərbaycan öz torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç zaman barışmayacaqdır. Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo ədalətli şəkildə dəyişməli, erməni işğalçı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır”.
Bu gün biz qəti şəkildə əminik ki, işğal altında qalan torpaqlarımıza qayıdacaq, öz ata-baba yurd yerlərimizi yenə də abadlaşdıracağıq. Necə ki 2016-cı ilin aprel döyüşləri Böyük Qayıdışa bir işarədir. Cocuq Mərcanlının təhlükəsizliyi təmin olunduqdan sonra Prezident, Ali Baş Komandan cənab İlham Əliyev daha bir qərara imza atdı. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında 2017-ci il 24 yanvar tarixli Sərəncam nəinki bu kəndin və cəbrayıllıların, bütün Azərbaycan xalqının ürəyindən xəbər verdi. İşğal altındakı digər torpaqlarımız da öz sakinlərinin həsrətindədir.
Ordumuzun aprel zəfəri, ölkə rəhbərinin Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı Sərəncam düşmən tapdağı altındakı torpaqlarımızın azad olunacağı günün ilk müjdəçiləridir. Azərbaycan Ordusunun qüdrəti, gücü, xalqın iradəsi və beynəlxalq ictimaiyyətin Azərbaycanın dünya üçün hansı əhəmiyyəti kəsb etdiyini başa düşməsi bunu bir daha təsdiq edir.
Rauf KƏNGƏRLİ