26 Dekabr 2024, Cümə axşamı

Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə poliklinikanın foyesində Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı, qayğıkeş insan Zərifə Əliyevanın son dərəcə zəngin, mənalı həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib.
Naxçıvan Şəhər Poliklinikasının baş həkim əvəzi Tamella Bayramova “Akademik Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti”, Naxçıvan Dövlət Universitetinin Tibbi klinik fənlər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev “Akademik Zərifə xanım Əliyevanın pedaqoji fəaliyyəti”, poliklinikanın həkimi Əhməd Seyidov “Akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinin banisidir”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının göz həkimi Rəhmiyyə Əliyeva “Akademik Zərifə xanım Əliyevanın həkimlik fəaliyyəti” mövzularında çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alimin adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir. Akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir. Ömrünü tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.
Vurğulanıb ki, Zərifə xanım Əliyeva bir çox sanballı tədqiqatların, o cümlədən 12 mono­qrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
Sonda Naxçıvan Qızlar Liseyinin şagirdləri görkəmli alimə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

*  *  *

Aprelin 28-də Kəngərli rayonunun Şahtaxtı kənd tam orta məktəbində keçirilən tədbirdən əvvəl iştirakçılar Zərifə xanım Əliyevanın məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, adını daşıyan muzeyə baxıblar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qərib­ov açaraq görkəmli alim Zərifə Əliyevanın zəngin irsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, Zərifə xanımın böyük zəhməti sayəsində Azərbaycanda oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər qazanılıb. Zərifə xanım Əliyeva ilə bu gün onun doğulub boya-başa çatdığı Şahtaxtı kəndi, təhsil aldığı məktəb, mənsub olduğu xalq qürur hissi keçirir.
Təhsil naziri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən görkəmli alimin adının əbədiləşdirilməsi diqqətdə saxlanılıb, Naxçıvan Şəhər Poliklinikasına və Naxçıvan şəhərində bir küçəyə Zərifə xanımın adı verilib. Zərifə xanım Əliyevanın dünyaya gəldiyi Şahtaxtı kəndində fəaliyyət göstərən, 309 şagirdin təhsil aldığı məktəb də böyük alimin adını daşıyır. Gələcək perspektivlər nəzərə alınaraq 594 şagird yerlik nəzərdə tutulan təhsil ocağı 2005-ci ildə istifadəyə verilib, bir il sonra əsaslı şəkildə yenidən qurulub. Məktəbdə alimin Xatirə Muzeyi fəaliyyət göstərir, onun zəngin həyat yolu, elmi irsi şagirdlərimizə öyrədilir.
Məktəbin uğurları ilbəil artır. Təkcə ötən tədris ilində ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd verən 12 məzundan 7-si tələbə adını qazanıb. Onlardan 3-ü qəbul imtahanlarında 500-700 intervalında bal toplayıb. Müasir informasiya texnologiyaları ilə təchiz olunmuş Şahtaxtı kənd tam orta məktəbi ilə Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən 12 nömrəli məktəb arasında əlaqələr qurulub və həmin məktəbdə də Zərifə xanımın Xatirə Muzeyinin yaradılmasına nail olunub. Həmin muzeyə Şahtaxtı kənd məktəbi tərəfindən Zərifə xanıma aid videomateriallar, dərsliklər, onun həyat və fəaliyyətindən bəhs edən əsərlər hədiyyə edilib.
Sonra Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının, görkəmli alimin adını daşıyan Şahtaxtı kənd tam orta məktəbinin müəllimlərindən Nilufər Rzayevanın, Arifə Əhmədovanın alimin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən çıxışları olub. Çıxışlarda qeyd edilib ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Sonra məktəbin şagirdləri görkəmli alimə həsr olunmuş şeirləri bədii qiraət edib, elektron lövhəli sinifdə Zərifə xanım Əliyeva haqqında filmə baxıblar.

 Səbuhi Hüseynov

*  *  *

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Qadınlar Şurası tərəfindən görkəmli elm xadimi, tanınmış həkim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə konfrans keçirilib. 

Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva açaraq “Akademik Zərifə xanım Əliyevanın həyatı və yaradıcılığı” mövzusunda çıxış edib. Qeyd olunub ki, 1923-cü il aprelin 28-də Kəngərli rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım şərəfli ömür yolu ilə öz adını zəmanəsinin böyük şəxsiyyət­ləri, ictimai xadimləri və alimləri sırasına əbədi olaraq yazdırıb. O, klinik və nəzəri oftalmologiya sahəsində fundamental tədqiqatlar aparmaqla bu sahənin inkişafının əsasını qoyub.
Konfransda “Azərbaycan oftalmologiyası və Zərifə xanım Əliyeva” mövzusunda çıxış edən Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim-oftalmoloqu Kəmalə Əliyeva bildirib ki, Zərifə xanım Əliyevanın alim kimi qazandığı uğurlar Azərbaycan tibb elmi tarixində xüsusi mərhələ təşkil edir. O, apardığı tədqiqatların yekunu kimi, 1960-cı ildə namizədlik, 1976-cı ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə edib. Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülən Zərifə xanım keçmiş SSRİ-də oftalmologiya sahəsində ən nüfuzlu mükafat olan SSRİ Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatını alan ilk qadın alim olub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Qadınlar Şurasının üzvü, Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid “Bənzərsiz insan haqqında povest” adlı çıxışında bildirib ki, Zərifə xanım Əliyeva yalnız elm sahəsində göstərdiyi xidmətləri ilə deyil, eyni zamanda XX əsr Azərbaycan dövlətçilik tarixinin ən parlaq siması, müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin həyat yoldaşı kimi, görkəmli ictimai xadim, milli və mənəvi dəyərlərimizin misilsiz daşıyıcısı kimi də özündən sonrakı nəsillər üçün əsl örnəyə çevrilib.
Naxçıvan Qızlar Liseyinin müəllimi Gülmira Əsgərova “Zərifə xanımın həmişəyaşar qadın obrazı” mövzusundakı çıxışında qeyd edib ki, Zərifə xanım Əliyeva şəxsiyyətin­də birləşdirdiyi yüksək insani xüsusiyyətləri, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti ilə insanlığın parlaq siması kimi dəyərlidir. O, öz peşəsi ilə sübut edib ki, Azərbaycan qadını hər bir sahədə bütün uğurların zirvəsində dayana biləcək qədər qüdrətlidir.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş bir qrup gənc qadına üzvlük vəsiqələri təqdim olunub.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR