Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Hüseyn Cavid yaradıcılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunan tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Elvin Cavadov belə tədbirlərin əhəmiyyətindən danışıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev böyük şairimiz Hüseyn Cavidin həyat və yaradıcılığı haqda danışıb.
Bildirilib ki, qüdrətli sənətkarımız Hüseyn Cavid fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olub. Fəlsəfi-əxlaqi konsepsiyaların mürəkkəbliyi və dərinliyi də Cavid sənətinə xasdır. Sənətkarın yaratdığı obrazlar – Şeyx Sənan, İblis, Azər, Əmir Teymur, Xəyyam, Səyavuş və onlarla başqaları bənzərsizliyi, təkrarolunmazlığı ilə ədəbiyyatımızda əbədiyaşarlıq qazanıb.
Vurğulanıb ki, ötən əsrin 70-ci illərindən etibarən Cavidin əsərləri nəşr olunmağa başlanıb, rus dilində ikicildliyi işıq üzü görüb. Azərbaycanın şəhər və rayonlarında yubiley tədbirləri təşkil olunub, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulub, adına küçələr, məktəblər, kitabxanalar verilib. 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib. O vaxt Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış edib, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub.
Görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1996-cı ildə Naxçıvanda böyük sənətkarın məqbərəsi ucaldılıb. Son illər Hüseyn Cavid haqqında çoxsaylı tədqiqat əsərlərinin, monoqrafiyaların yazılması böyük sənətkarın yaradıcılığına qayğının göstəricisidir. Müstəqillik illərində Hüseyn Cavid irsinə maraq daha da artıb. Son illər böyük sənətkarın əsərləri 12-dən çox dilə tərcümə olunaraq çap edilib.
Ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” Sərəncam, eləcə də “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 16 fevral tarixli Sərəncamı Hüseyn Cavid yaradıcılığına göstərilən növbəti dövlət qayğısıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 20 fevral tarixli Sərəncamı ilə “Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən, simpozium keçirilib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Şeyx Sənan” əsəri səhnəyə qoyulub, “Naxçıvan” jurnalının xüsusi nömrəsi ədibin yubileyinə həsr olunub, silsilə tədbirlər təşkil edilib. AMEA Naxçıvan Bölməsində, ali təhsil ocaqlarında, mədəniyyət müəssisələrində elmi konfranslar təşkil olunub, kütləvi informasiya vasitələrində böyük ədibin həyat və yaradıcılığı geniş şəkildə işıqlandırılıb.
Daha sonra tədbir iştirakçıları Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.
Nail ƏSGƏROV