26 Dekabr 2024, Cümə axşamı

Müdriklər deyirlər ki, yaddaşlarda yaşamaq əbədi ömür qazanmaqdır. Bu insanlara ölməzlik qazandıran onların nəcib, xeyirxah əməlləri, Vətən naminə gördükləri böyük işlərdir. Yalnız belə işıqlı simaların adları bəşər tarixinə qızıl hərflərlə yazılır. İmzası, dəst-xətti ilə seçilən belə uca şəxsiyyətlərdən biri – dünya şöhrətli alim Zərifə Əziz qızı Əliyevanın adı da əbədiyyət ünvanında həmişəlik qərar tutub. Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi pedaqoq, şəfqətli həkim, eləcə də qayğıkeş Azərbaycan qadını kimi daim yaşayacaqdır.

Bu gün görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın gözlərini işıqlı dünyaya açmasından 94 il ötür. Kim bilir, bəlkə də, o, gözlərini dünyaya elə gələcəkdə yüzlərlə, minlərlə insanın gözləri dünya işığına həsrət qalmasın deyə açmışdı. Adı VƏTƏN naminə yorulmadan çalışan 3 dahi insanın – görkəmli alim və dövlət xadimi Əziz Əliyevin qızı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı və ölkəmizi yeni inkişaf mərhələsinə çıxaran, beynəlxalq aləmdə onun nüfuzunu daha da artıran Prezident İlham Əliyevin anası olmaq bir qadın üçün böyük xoşbəxtlikdir.
1923-cü il aprelin 28-də Kəngərli rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım Əliyevanın xarakterində Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətləri cəmləşmişdir. Adında əks olunan zəriflik qədər zərif, dünyaya göz açdığı Naxçıvan qədər möhkəm iradəli və əyilməz, nəğməsini dinləyərək böyüdüyü Araz qədər şən və mehriban olmaq Zərifə Əliyevanın xarakterinin əsas cizgilərini təşkil edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək ­davamçılarının qəlbində əbədi yaşayacaqdır”.

İstedad, zəhmət və ağılla qazanılan uğur illər keçdikcə zənginləşir və ondan bütün cəmiyyət yararlanır. Zərifə xanım da həyat uğurlarına məhz bu keyfiyyətləri sayəsində nail olmuşdu. O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə­-profilaktika fakültəsinə daxil olmuşdur. Ali təhsil illərində fundamental biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və o, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdu. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi.
Zərifə xanım Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirmişdir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Amma ağır xəstəliklə mübarizədə bu, kifayət deyildi. Respublikada göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq tələb olunurdu. Zərifə xanım da işıqsız gözlərə nur bəxş etmək, dünya işığına həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi.
Məhz bu arzu onu Moskva şəhərinə aparır və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır. 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım 1950-ci ildə aspiranturaya daxil olaraq elmi axtarışlarını davam etdirir. Görkəmli oftalmoloq müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olmağa başlayır.
Ölkəmizdə traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar qazanır. Görkəmli alim tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, bir az da dəqiq desək, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edir. Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını gəzərək xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlər həyata keçirirdi. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir.
Zərifə Əliyeva 1960-cı ildən 1967-ci ilədək Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya ixtisası üzrə böyük elmi işçi” adı vermişdir. 1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. Bu dövrdə Zərifə xanım həkimlik fəaliyyəti ilə məşğul olaraq, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edirdi. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş də aparırdı.
1968-ci ildən başlayaraq Zərifə xanım məqsədyönlü şəkildə oftalmologiyanın digər problemləri, o cümlədən görmə orqanının patologiyası ilə ciddi məşğul olmağa başlamış, bu sahənin ilk təşəbbüskarı olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. O, peşə xəstəlikləri üzərində iş apararkən bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri müayinədən keçirmişdir. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxarmışdır.
Klinik tədqiqatların, eksperimentlərin və çoxillik müşahidələrin nəticələri görkəmli oftalmoloq-alimin doktorluq dissertasiyasının əsas istiqamətini təşkil etmişdir. Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi yüksək qiymətləndirilmiş və 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi adı verilmişdir. Həmin il Zərifə Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı, zəngin təcrübə tələb edirdi. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş ittifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynamışdır.
Zərifə xanım doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. Elə ilk gündən Zərifə Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil etmişdir. Amma kafedranın mövcud bazası elmi tədqiqatların keçirilməsi tələblərinə cavab vermirdi. Təşəbbüs göstərmək lazım gəlirdi və Zərifə Əliyeva bu problemin həlli yolunda bir sıra konkret addımlar atmışdır.
Görkəmli alimin elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin diferensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn, “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair məhz bu məsələlərə həsr olunmuşdur. Həmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş maraqlı tədqiqatlar aparmışdır. Gərgin tədqiqatlar nəticəsində o, bir sıra elmi məqalələr və iki monoqrafiya – “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” və “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” monoqrafiyalarını çap etdirmişdir. Zərifə Əliyeva həm də gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını öyrənmişdir. Bir sıra elmi işlərində o, görmə orqanı zədələndikdə mövcud olan cərrahiyyə əməliyyatları üsullarını araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr işləyib hazırlamışdır. Bu tövsiyələr cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş görmə orqanının müalicəsini xeyli yüngülləşdirmişdir. Zərifə Əliyevanın daktiologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb etmişdir. Zərifə xanım fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitabdır.
Zərifə xanım Əliyevanı həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Zərifə xanımın çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Oftalmoloq-alimin çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini almışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. 1983-cü ildə isə görkəmli alim Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Bununla yanaşı, o, geniş ictimai fəaliyyətinə görə keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuş, bir sıra orden və medallara layiq görülmüş, “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adını almışdır.

Görkəmli alimin qəlblərdə yaşayan xoş xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə xatırlayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu böyük şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salarkən aydın görmək mümkündür ki, elmi tədqiqatların bacarıqlı təşkilatçılığı, dərin elmi düşüncə və parlaq pedaqoji istedad onun şəxsində üzvi surətdə qovuşmuşdur. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, məşğul olduğu sahələrin hamısı Zərifə xanımın istedadı və fədakarlığı sayəsində aparıcı istiqamətə çevrilmiş və bir nümunə səviyyəsinə qalxmışdır. Bu gün istisnasız olaraq demək mümkündür ki, Zərifə xanım Əliyeva həm həkimliyin, həm alimliyin, həm pedaqoqluğun, bunlarla yanaşı isə həm də insanlığın ali zirvəsinə yüksəlmişdir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR