Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və Azərbaycan gəncliyi qarşısında qoyduğu vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev bildirib ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli lider Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsi, Azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirməyə başlayıb.
Vurğulanıb ki, hələ 1953-cü ildə keçmiş Sovetlər Birliyinin Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsində çalışan ulu öndər göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq nümayiş etdirib. Müstəqil Azərbaycan dövləti bundan sonra da dahi öndərin Azərbaycançılıq ideyasını, ana dilini, milli tarix və mədəniyyətimizi, mənəvi dəyərlərimizi qoruyub yaşadacaq.
Ümumi tarix kafedrasının müəllimi, doktorant Arzu Abdullayev çıxışında bildirib ki, bu gün gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması ölkə siyasətində vacib yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gəncləri bütün sahələrdə uğurlar əldə edirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tələbələrə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin prioritet istiqamətləri və Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən danışıblar. Bildirilib ki, müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə gənc nəslin milli ruhda yetişdirilməsi məqsədilə 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb, nazirliyin yerli strukturları formalaşıb. Gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülüb, bir sıra dövlət proqramları qəbul edilib. Hazırda ölkəmizdə, eləcə də muxtar respublikamızda gənclər siyasəti uğurla həyata keçirilir.
Sonda tələbələrin fikirləri dinlənilib, sualları cavablandırılıb.
Nərmin Cabbarova