Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunub. Aprelin 26-da atlasın təqdimatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri üzrə redaksiya heyətinin sədri Asəf Məmmədov tədbiri açaraq deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında imzaladığı 2016-cı il 17 mart tarixli Sərəncamında qarşıya qoyulan vəzifələrin təmin edilməsi üçün redaksiya heyətinin 2016-cı il noyabrın 29-da keçirilən ilk iclasında müvafiq işçi qrupu yaradılmış və işin icrasına başlanmışdır. Aid dövlət orqanlarının əlaqəli şəkildə fəaliyyətinin nəticəsidir ki, atlas yüksək səviyyədə hazırlanaraq nəşr olunmuşdur. 6 bölmədən ibarət olan atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, qaz kəmərlərinin, kommunikasiya xətlərinin, digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilmişdir.
Asəf Məmmədov “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyəti adından atlasın nəşrinə göstərdiyi qayğıya görə muxtar respublika Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov tədbirdə çıxış edərək demişdir: Bu gün fövqəladə hal riskləri artmış, insanların həyat və fəaliyyətlərinin təhlükəsizliyini təmin etmək zərurəti ön plana çıxmışdır. Bu zərurəti nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2016-cı il martın 17-də “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, atlasın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır. Ali Məclis Sədrinin Sərəncamına əsasən hazırlanan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” bu sahədə vahid elmi yanaşmanın təmin olunmasına xidmət edən ilk dəyərli nəşrdir.
Ali Məclis Aparatının rəhbəri bu zəruri nəşr münasibətilə təqdimat iştirakçılarını təbrik etmiş, fövqəladə hallar atlasının nəşrinə göstərdiyi hərtərəfli dəstəyə və yüksək dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun strukturuna daxil olan qurumlar üçün müasir iş və xidmət şəraiti yaradılmış, yeni yanğınsöndürmə avtomobilləri və müxtəlif təyinatlı texniki avadanlıqlar alınmışdır. Nazirliyin mərkəzi aparatı və struktur qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və peşəkarlığının artırılması sahəsində də tədbirlər görülmüşdür. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri də bu sahədə görülən işlərin məntiqi davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr olunan atlas fövqəladə halların qarşısının alınmasına və mülki müdafiə işinin təşkilinə öz töhfəsini verəcəkdir. Atlasda fövqəladə halların başvermə təhlükəsi və onların qarşısının alınması üzrə tədbirlər sistemli şəkildə təqdim olunur. Kitabın birinci bölməsində Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi şəraiti və inzibati ərazi bölgüsü ilə bağlı məlumatlar əksini tapmışdır. Kitabın ikinci bölməsi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinin təşkili məsələlərini əhatə edir. Təbii fövqəladə hal mənbələrinin mövcudluğu, yayılma arealı və təhlükəsi, əvvəlki illərdə muxtar respublikada baş vermiş bu tip təbii fəlakətlər, onların vurduğu ziyan haqqında statistik məlumatlar nəşrin üçüncü bölməsində verilmişdir. Oxucu bu bölmədə muxtar respublikada fövqəladə halların şəhər və rayonlar üzrə təhlükəlilik riski, xüsusiyyətləri, təhlükə göstəriciləri və onlara qarşı qabaqlayıcı tədbirlər sistemi ilə tanış ola bilər. Atlasın dördüncü bölməsində aqroiqlim təhlükələri və riskləri araşdırılır. Burada muxtar respublika iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatına mənfi təsir göstərə biləcək əlverişsiz iqlim amilləri şərh olunur. Bu bölmədə muxtar respublikanın şəhər və rayonlarında aqroiqlim ehtiyatlarının paylanması xüsusiyyətləri, həmçinin əkin sahələrinin əlverişsiz aqroiqlim hadisələrinə məruzqalma səviyyəsi təhlil olunmuş, zəruri tövsiyələr verilmişdir. Atlasda ümumi, yerli və xüsusi səciyyə daşıyan fövqəladə hallar da tədqiqata cəlb olunub. Müasir dövrdə sənayeləşmənin sürətlənməsi, əhalinin və istehsal sahələrinin enerji daşıyıcılarına tələbatının artması, istehsalatda daha mürəkkəb texnologiyaların tətbiqi, öz növbəsində, texnogen təhlükələri də artırmışdır. Atlasın texnogen təhlükələr və risklərə həsr olunmuş beşinci bölməsində texnogen fövqəladə hal təhlükəsinin yaranması xüsusiyyətlərindən, texnogen fövqəladə halların təhlükə riskinin daha çox olduğu ərazilərdən, qəzaların qarşısının alınması üçün müəyyənləşdirilmiş profilaktik tədbirlərdən bəhs olunur.
Diqqətə çatdırılmışdır ki, atlasın sonuncu – altıncı bölməsi “Sosial-bioloji təhlükələr və risklər” adlanır. Naxçıvan Muxtar Respublikasının xarici dövlətlərlə, xüsusilə düşmən ölkə ilə sərhəddə yerləşməsi qeyd olunan risklərlə bağlı ciddi tədbirlərin görülməsini taleyüklü məsələlər sırasına çıxarmışdır. Atlasın bu bölməsində təhlükəli xəstəliklərin hər biri haqqında ayrıca məlumatların verilməsi ilə yanaşı, həm də onların yayılma riskləri və profilaktikası sahəsində görüləcək tədbirlər ətraflı izahını tapmışdır. Qeyd olunan xüsusiyyətlər atlası, fövqəladə hallar üzrə ensiklopedik məlumatları özündə əks etdirən nəşr, eləcə də normativ-metodiki vəsait kimi dəyərləndirməyə əsas verir. Şübhə yoxdur ki, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin planlaşdırılmasında bu nəşrdən faydalanacaqlar. Muxtar respublika Ali Məclisi Sədrinin fövqəladə halların qarşısının alınması, profilaktik tədbirlərin görülməsi sahəsində rəhbər göstərişləri aid orqanlar tərəfindən icra və fəaliyyət üçün diqqətdə saxlanmalı, Ali Məclis Sədrinin tapşırığına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” cari ilin may ayı ərzində şəhər və rayon icra hakimiyyətlərində yerli xüsusiyyətlər nəzərə alınaraq müzakirə edilməli, normativ, eləcə də metodiki sənəd kimi yerlərdəki aidiyyəti orqanlara çatdırılmalıdır.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” redaksiya heyətinin sədr müavini Şamı Abdullayev çıxış edərək demişdir ki, fövqəladə hallar atlası fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə idarəetmə orqanlarının və qüvvələrinin fəaliyyətinin planlaşdırılması və təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir. Burada Fövqəladə Hallar Nazirliyinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının güc və qüvvələrinin tərkibi, onların eşalonlaşdırılması və fövqəladə hallarda tətbiqi ilə bağlı müvafiq müddəalar öz əksini tapmışdır. Fövqəladə hallar atlası təbii və texnogen fəlakətlərin, sosial-bioloji təhlükələrin qarşısının alınmasında və profilaktik tədbirlərin yerinə yetirilməsində metodiki sənəd kimi istifadə olunacaqdır.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov diqqətə çatdırmışdır ki, müasir dünyada baş verən çoxsaylı kiçik miqyaslı müharibələr, iqlimin qlobal istiləşməsi, içməli su mənbələrinin azalması, aclıq, yeni yaranan xəstəliklər, xüsusilə infeksion xəstəliklərin yayılması, təbii, texnogen fəlakətlər və qəzalar insanın gələcəkdə böyük təhlükələrlə qarşı-qarşıya olduğunu göstərir. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” mühüm əhəmiyyətə malikdir. Müəlliflər kollektivi tərəfindən hazırlanan bu əsər həm də muxtar respublikada insan amilinə verilən dəyərin ifadəsidir. Eyni zamanda bu əsərin nəşr olunması Naxçıvan Muxtar Respublikasında proqnozlaşdırılan fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması kimi aktual məsələni də daim diqqət mərkəzində saxlamağa imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov bildirmişdir ki, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” hazırlanarkən muxtar respublikada son 30 ildə baş vermiş bu tip hadisələr və onların törətdiyi fəsadlar araşdırılmışdır. Ərazilərdə sel, daşqın, subasma hadisələrinin statistikası, bu hadisələrin təkrarlanması intensivliyi öyrənilmiş, sürüşmə hadisələri baş vermiş ərazilər, ehtimal olunan ərazilər və onların başvermə səbəbləri öyrənilmişdir. Su və külək eroziyası, torpaqların şoranlaşması, tozlu fırtınalar və onların fəsadları, güclü yağış, külək, dolu təhlükələrinin statistikası və başvermə intensivliyi təhlil edilmişdir. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” fövqəladə halların ekoloji nəticələrini aradan qaldırmaq üzrə işlərə metodiki rəhbərlik etmək, eləcə də bir çox digər tədbirlərin operativ yerinə yetirilməsində istiqamətverici metodik vəsait kimi muxtar respublika ekoloqlarının yol xəritəsi və etibarlı mənbə rolunu oynayacaqdır.
Sonda tədbir iştirakçılarına “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” təqdim olunmuşdur.
“Şərq qapısı”