26 Dekabr 2024, Cümə axşamı

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi qərarla hər il aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi dövlət quruculuğuna uyğun olaraq əqli mülkiyyət hüquqlarının qorunması və səmərəli idarə olunması üçün hüquqi baza yaradılmış, 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Ölkəmiz bu istiqamətdə beynəlxalq təcrübədən yararlanmaq və əlaqələri dərinləşdirmək məqsədilə 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olmuş, Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən və qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi siyasət təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etməkdədir. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqelərini möhkəmləndirir və layiqli yerini tutur. Davamlı inkişafın “Azərbaycan modeli” bir sıra vacib amilləri, o cümlədən innovativlik və modernləşməni, biliklərə əsaslanan tərəqqini, informasiya-kommunikasiya texnologiyaları və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir. Əqli mülkiyyət sahələri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkə­mizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması isə bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, yaradıcılıq fəaliyyəti nəticələrinin hüquqi mühafizəsinə əlverişli zəmin yaradılmışdır.

Naxçıvan Muxtar Respublikasında əqli mülkiyyətin qorunması və inkişafı sahəsində həyata keçirilən uğurlu siyasət, sahibkarlığın və elmin inkişafına dövlət qayğısı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələnmişdir. Əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti elmi-texniki potensialın saxlanması və qorunması üçün zəruridir. Muxtar respublikada iqtisadi siyasətin həyata keçirilməsi istiqamətində, o cümlədən intellektual kapitaldan istifadənin genişləndirilməsi və texnoloji inkişafın stimullaşdırılması, kontrafakt malların dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi üzrə ardıcıl tədbirlər bu gün də uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında muxtar respublikada əqli mülkiyyətin mühafizəsinin formalaşdırılması və regional inkişafa uyğunlaşdırılaraq sənayedə tətbiqi kimi mühüm vəzifələr dayanır. Komitə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində mütəmadi tədbirlər həyata keçirir, muxtar respublikada patent sahəsinin inkişafını diqqət mərkəzində saxlayır. Patent sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinə dair iddia sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır, bu sahədə hüquqların qorunması və beynəlxalq sistemlərə inteqrasiya təmin olunur.
Fəaliyyət dövrü ərzində komitəyə ixtiraya dair iddia sənədinin qeydiyyata alınması ilə bağlı 66, sənaye nümunəsinə dair 121, faydalı model üçün isə 6 müraciət daxil olmuş və dövlət ekspertizası aparılmışdır. Qüvvədəolma müddəti 20 il olmaqla, 28 ixtira, qüvvədəolma müddəti 10 il olmaqla, 45 sənaye nümunəsi və 1 faydalı model patentləşdirilmişdir. Əmtəə nişanlarına və coğrafi göstəricilərə mühafizə sənədi almaq üçün 1684 iddia sənədi qəbul edilmiş, onlardan qüvvədəolma müddəti 10 il olmaqla, əmtəə nişanlarına dair 1001, coğrafi göstəricilərə dair 5 şəhadətnamə dövlət reyestrində qeydiyyata alınmışdır. Komitənin tərkibində fəaliyyət göstərən Elmi-Texniki Kitabxananın patent fondu da komplektləşdirilmişdir. Fondda xarici ölkələrə məxsus 3 min 655 ixtira, həmçinin əmtəə nişanları və coğrafi göstəricilər, ixtiralar, faydalı modellər və sənaye nümunələrinə dair rəsmi bülletenlər toplanmış və yeni ədəbiyyatlarla zənginləşdirilmişdir. Əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına da xüsusi diqqət yetirilir.
Muxtar respublikada əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların istehsalatda tətbiqi və alınmış patentlərin beynəlxalq mühafizəsi tədbirləri bundan sonra da üstün istiqamət kimi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR