Ölkəmizdə sosial-iqtisadi sahələrin bütün istiqamətləri üzrə müşahidə olunan uğurlu inkişaf muxtar respublika səhiyyəsini də əhatə edir. Son illərin möhtəşəm quruculuq ünvanlarına daxil olan rayon mərkəzi xəstəxanaları və müasir səhiyyə müəssisələri bunu deməyə əsas verir. Muxtar respublika əhalisinin sağlamlığının qorunmasına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, son illər ərzində 220-dən çox səhiyyə müəssisəsi müasir standartlara uyğun tikilərək və yeni tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib. Onlardan 13-ü ötən ilin payına düşür. Tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir müayinə və müalicə aparatları ilə təchizat hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan verir.
Bütün bunlara baxmayaraq, bəzi şəxslər dələduzluq yolu ilə vətəndaşların etibarından sui-istifadə edərək onların sağlamlığına böyük zərbə vururlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup şəxs tərəfindən külli miqdarda dərman preparatlarının qanunsuz olaraq muxtar respublika ərazisinə gətirilməsi və satışının təşkilinin qarşısı alınıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Babək rayonunun Nehrəm kənd sakini Həmzəyev Təhməz Əvəz oğlu Səhiyyə Nazirliyi tərəfindən verilən xüsusi icazə, lisenziya əldə etmədən qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, heç bir tibbi təhsili olmadığı halda qanunsuz olaraq bir qrup şəxslə əvvəlcədən razılığa gələrək dövlət qeydiyyatına alınmamış və normativ-texniki tələblərə cavab verməyən dərman preparatlarının muxtar respublika ərazisindəki əczaxanalarda satışını təşkil edib.
Təhməz Həmzəyev sosial şəbəkələrdəki (facebook və instaqram) səhifələrində özünü insanlara həkim kimi təqdim edərək daha geniş ictimaiyyət arasında tanınmağa çalışıb. Təhməz Həmzəyev bu qanunsuz fəaliyyətini bir qrup şəxslə birlikdə həyata keçirib.
Qeyd etdiyimiz kimi, qruplaşma üzvləri dərman məhsullarını satmaq məqsədilə instaqramda “Naxçıvan hekim meslehetleri” və “Tiens group Naxçıvan” səhifələri yaradıblar. Sonra qrupun üzvlərindən olan, özünü “Əsəd həkim” kimi insanlara təqdim edən Əsəd Cəfərov həmin səhifələr vasitəsilə Çinin “Tiens” firmasının dərman məhsullarını reklam etməyə başlayıb. Həmin səhifələr vasitəsilə dərmanların qanunsuz olaraq onlayn satışı ilə yanaşı, insanlara xəstəlikləri ilə bağlı həkim məsləhətləri veriblər. Müraciət edən hamilə qadına özünü ginekoloq kimi tanıdan bu şəxslər insanları aldadaraq doğuş öncəsi tibbi müayinə təyin edib, bel sümüyündə əyrilik problemi ilə müraciət edən digər bir qadına isə müalicə təyinatı üçün kürəyinin şəklini çəkərək onlara yollamasına nail olub, həmçinin ayrı-ayrı şəxslərə özlərini kardioloq, androloq, psixoloq kimi tanıdaraq onlara təsəvvürləri olmayan həkimlik sahəsi üzrə müalicə təyin ediblər.
Təhməz Həmzəyev daha sonra orta təhsilli, fəhlə işləyən Şərur rayonunun Qarahəsənli kənd sakini Hüseynov Qiyas Abuzər oğlu və Culfa rayonunun Boyəhməd kənd sakini İmranlı Ürfan Ramazan oğlu ilə tanış olaraq dərmanların satışını həyata keçirmək məqsədilə razılığa gəlib. Qiyas Hüseynovu dərman satışı sahəsində mütəxəssis kimi yetişdirəcəyini, ondan bu istiqamətdə imtahan götürməklə səviyyəsini müəyyənləşdirəcəyini bildirib və ona “Tiens” firmasının dərman kataloqunu verib.
Təhməz Həmzəyev görüşdüyü şəxslərə qazancın 15-20 faizini təklif edib. Lakin Qiyas Hüseynov və Ürfan İmranlı Təhməz Həmzəyevin fəaliyyətində dələduzluq olduğunu hiss edərək ondan uzaqlaşsalar da, vətəndaşlıq məsuliyyətini dərk etməyərək bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.
Təhməz Həmzəyev dərmanların satışını təşkil etmək məqsədilə əczaxanalardan istifadə etmək qərarına gəlib. Bunun üçün Naxçıvan şəhəri, Atatürk 5 ünvanında yerləşən “Prestij” əczaxanasında işləyən Babək rayonunun Cəhri kənd sakini Əhmədov Sadiq Əmir oğlu ilə görüşərək, Çindən gətiriləcək dərman vasitələrinin satışını təşkil etmək barədə razılıq əldə edib. Onlar həmin dərman vasitələrini vətəndaşlara satarkən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıblar. Hazırda fakt üzrə müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, ölkəmizdə əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi məqsədilə bir sıra qanunlar qəbul olunub. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əraziyə idxal olunan dərman vasitələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır və sertifikatlaşdırılır. Əraziyə dərman idxalına yalnız xüsusi icazə – lisenziya əsasında icazə verilir. Yalnız vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitəsini özləri ilə xaricdən gətirə bilərlər. Bildirmək istəyirik ki, idxal olunan dərman vasitələrinin təyinat göstəricilərində Azərbaycan dilində istehsal edən ölkənin və istehsalçının adı, hüquqi ünvanı, hazırlanma tarixi və seriya nömrəsi, tətbiq olunma qaydası, dozası, yararlılıq müddəti, saxlanma şəraiti, tətbiqi zamanı təhlükəsizlik tədbirləri, əksgöstərişləri və yan təsirləri barədə məlumatları özündə əks etdirməlidir. Lakin Təhməz Həmzəyevin yaşadığı mənzilə baxış zamanı aşkar edilib ki, o, dərman vasitələrinin saxlanma şəraitinə əməl etməyib və heç bir normativ-hüquqi akta uyğun gəlməyən, antisanitar şəraitdə saxlayıb.
Saxlanılan şəxslərin fəaliyyətində dərman vasitələrinin qanunsuz dövriyyəsi, qanunsuz sahibkarlıq ilə yanaşı, son dövrlər beynəlxalq fırıldaqçılıq şəbəkəsi kimi tanınan Piramida Şəbəkə Marketinq fəaliyyəti də ortaya çıxıb. Belə ki, şəbəkəyə daxil olan şəxs məhsulu baha qiymətə aldıqdan sonra məhsulların satışına əlavə şəxslər cəlb edir, cəlb etdiyi hər şəxsə görə əlavə faiz alır, cəlb olunan şəxslər də yeni insanlar cəlb etməklə qazanc əldə etməyə çalışırlar. Nəticədə, piramidanın başında olan şəxslər külli miqdarda qazanc əldə etsələr də, aşağıda olan şəxslər fırıldaqçılığın qurbanına çevrilirlər.
Bütün bunlar bir daha onu göstərir ki, bu cür dələduzlara aldanmaq olmaz. Çünki sağlamlığımız bizim ən böyük sərvətimizdir. Bu cür insanların qanunsuz əməllərindən uzaq olmaq, qanun-qaydalara əməl etmək lazımdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi