26 Dekabr 2024, Cümə axşamı

Xaricdən muxtar respublikamıza işlənmiş, köhnə malların gətirilməsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Bu məqsədlə müvafiq müşayiət sənədləri olmayan, standartlara cavab verməyən “ikinci əl” məişət avadanlıqları, ev əşyaları, elektrik və təsərrüfat malları, geyimlər gömrük orqanları tərəfindən saxlanılaraq barəsində tədbirlər görülür. Belə ki, xaricdən köhnə, işlənmiş malların gətirilməsinin yolverilməz olduğu vətəndaşlara izah olunur, gətirilən bu cür malların geri qaytarılmasının təmin olunması üçün müəyyən vaxt verilir. Verilmiş müddət başa çatandan sonra gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarında qalan mallar məhv edilir.
Sədərək sərhəd-keçid məntəqəsinin yaxınlığında həyata keçirilən növbəti məhvetmə tədbirində 22 adda 54 ədəd elektrik və qazla işləyən avadanlıq, 11 adda 25 ədəd mebel avadanlığı, 16 adda 131 ədəd müxtəlif ev əşyaları, ümumilikdə, 930 kiloqram geyim, 15 adda isə digər qarışıq mallar yandırılaraq məhv olunub.
Məhvetmə tədbirində iştirak edən Şərur Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Məhərrəm Qədimov qeyd edib ki, xaricdən gətirilən köhnə, işlənmiş əşyalar müxtəlif yoluxucu xəstəliklərin mənbəyidir. İnsanların istifadə etdikləri, birbaşa təmasda olduqları əşyalar gigiyenik cəhətdən sağlam və təhlükəsiz olmalıdır ki, istifadə zamanı hansısa fəsadlar ortaya çıxmasın. Digər tərəfdən indi müxtəlif ölkələrdə mənşəyi bilinməyən, müxtəlif yollarla asanlıqla yayıla bilən yoluxucu xəstəlik törədiciləri vardır. Xaricdən gətirilən köhnə, işlənmiş əşyalar da bu baxımdan xüsusi riskli amillər sırasındadır.

Araşdırmalar göstərir ki, muxtar respublika hüdudlarından kənarda köhnə, işlənmiş əşyaları müəyyən yerlərdən toplayıb müxtəlif anbarlarda saxlamaqla, Naxçıvana gətirib satışını təşkil etməklə məşğul olan, haradasa atılmalı hesab olunan malların evlərimizə yol tapmasına vasitəçilik etməklə asan qazanc əldə etmək istəyən “işbaz”lar mövcuddur. Bu mənada, xaricdən köhnə malların gətirilməsi qanunla qadağan olunmaqla yanaşı, insan həyat və sağlamlığı üçün də təhlükə mənbəyidir. Məsələn, zamanla keyfiyyət göstəricilərini itirmiş, standartlara cavab verməyən, təhlükəsizliyinə əminlik olmayan elektrik və qazla işləyən köhnə avadanlıqlardan istifadə zamanı yarana biləcək xoşagəlməz halların miqyasını təsəvvür etmək çətin deyil. Bu baxımdan xaricdən muxtar respublikamıza köhnə malların gətirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində sərhədi keçən vətəndaşlarla fərdi söhbətlər aparılır. Elektron məlumat lövhələrinin də imkanlarından istifadə olunmaqla diqqətə çatdırılır ki, müvafiq standartlara cavab verməyən, gömrük qanunvericiliyi ilə müəyyən edilmiş müşayiət sənədləri olmayan, işlənərək yararsız vəziyyətə düşən malların buraxılışına nə üçün icazə verilmir və belə mallardan istifadənin hansı fəsadları vardır.
Muxtar respublikamızın sərhəd-keçid məntəqələrində köhnə, işlənmiş malların buraxılışına qarşı həyata keçirilən mübarizə tədbirləri, vətəndaşlarla aparılan izahat işlərinin nəticəsidir ki, xaricdən köhnə malların gətirilməsinə cəhd göstərənlərin sayında azalma müşahidə olunur.
Gömrük orqanları insanların sağlamlığının, təhlükəsizliyinin qorunması, xarici ölkələrdə istifadə olunmuş, köhnəlmiş malların ayrı-ayrı şəxslər tərəfindən muxtar respublikamıza gətirilməsinə, istifadə və satışının təşkil olunmasına qarşı mübarizəni bundan sonra da davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR