Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsinə nəzarət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan icbari sığorta müqavilələrinin bağlanılması üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində Dövlət Baş Sığorta Agentliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə nəzarət tədbirlərinin artırılması, maarifləndirici tədbirlərin keçirilməsi istiqamətində səy göstərməlidir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 2016-cı ildə icbari sığortalar üzrə görülmüş tədbirlər nəticəsində sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 910 müqavilə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 533 müqavilə bağlanılıb. Ümumilikdə, hər iki sığorta növü üzrə sahibkarlarla 1443 müqavilə bağlanılıb. Cari ildə də bu istiqamətdə görülən işlərin nəticəsi olaraq sığorta müqavilələrinin bağlanılması davam etdirilir. Belə ki, cari ilin ilk üç ayında sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 84, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 101 müqavilə olmaqla, cəmi 185 müqavilə bağlanılıb. Lakin hələ də qeyd edilən icbari sığorta növləri üzrə bəzi sahibkarların vaxtında sığorta müqavilələri bağlamaqdan yayınmaları müşahidə edilməkdədir. Belə hallara yol verilməməsi və sığorta müqavilələrinin vaxtında bağlanılaraq, sahibkarların öz üzərlərinə düşən vəzifələri yerinə yetirmələrini təmin etmək üçün izahat və maarifləndirmə işləri genişləndirilməlidir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, daxili xidmət polkovnik-leytenantı Nurlan Həsənov qanuna uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən hər iki icbari sığortalar üzrə müqavilələrin bağlanılmasına nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib, bu sahədə nazirliyin üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirdə şəhər, rayon Dövlət Sığorta agentliklərinin direktorları və rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin rəisləri çıxış ediblər.
Əli Cabbarov