26 Dekabr 2024, Cümə axşamı

Son iyirmi ildə Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan məqsədyönlü işlər içərisində nəinki burada yaşayıb yaradan, hətta Bakıda çalışan alimlərin də Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı hazırladıqları ümumiləşdirici əsərlərin, kitab və monoqrafiyaların nəşr etdirilib elmi ictimaiyyətə çatdırılması mühüm yer tutur. Bu baxımdan Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətinə həsr olunmuş əsərlərin də özünəməxsus yeri vardır. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının siyasi tarixində iz qoyan görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskidir. Azərbaycanın bir sıra taleyüklü məsələlərinin, xüsusilə Naxçıvana muxtariyyət verilməsində mühüm xidmətləri olan, Moskva müqaviləsinin hazırlanmasında böyük əmək sərf edən, Qars müqaviləsinin imzalanmasında Azərbaycanı təmsil edən Behbud ağa Şahtaxtinski, çox təəssüflər olsun ki, uzun illər öz layiqli qiymətini ala bilməmiş, Azərbaycan dövlət müstəqilliyini bərpa edənədək onun həyatı və fəaliyyəti tədqiq olunmamış, xalqa tanıtdırılmamış, əksinə, unutdurulmuşdur.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onun haqqında ilk tədqiqatlar aparılmağa başlanılmış, dissertasiya müdafiə olunmuş, 2 kitab və dövri mətbuatda məqalələr işıq üzü görmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2011-ci il 21 fevral tarixli “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtax­tinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından sonra bu iş daha sistemli xarakter aldı. Bu baxımdan 2011-ci il oktyabrın 12-də Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhərində keçirilən və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirak və çıxış etdiyi elmi konfransın çox böyük əhəmiyyəti oldu. Bundan sonra Behbud ağa Şahtaxtinskinin əsərləri, haqqında olan arxiv materialları toplanmış, bir sıra məqalələr yazılaraq nəşr etdirilmiş,“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının xüsusi nömrəsi ona həsr olunmuş və digər işlər görülmüşdür. Bu işlərin davamı olaraq Naxçıvanşünaslıq elmi xəzinəsini Behbud ağa Şahtaxtinski irsi ilə zənginləşdirən bir əsər də işıq üzü görmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə nəşr olunmuş “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı görkəmli diplomat haqqında dəyərli elmi mənbədir.

Kitabın tərtibatçısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik İsmayıl Hacıyevdir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr edilən kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdırlar” fikirləri ilə başlayır. Kitaba “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtax­tinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 21 fevral tarixli Sərəncamı, həmin sərəncamla təsdiq olunan Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı, Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi münasibətilə Naxçıvan şəhərində keçirilən elmi konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun proqram xarakterli, istiqamətverici çıxışının mətni daxil edilmişdir. Kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir. Kitaba daxil edilən materialları toplayan və tərtib edən akademik İsmayıl Hacıyevin geniş ön söz yazdığı “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı 5 bölmədən ibarətdir. Qeyd etmək yerinə düşər ki, 100-dən artıq məktub, teleqram, məqalə, müqavilə, protokol, akt və sairi özündə birləşdirən, uzun müddət tədqiqat obyektinə çevrilməmiş bu sənəd və materialların böyük əksəriyyəti ilk dəfə bu kitab vasitəsilə oxuculara təqdim olunur. Kitabın elmi dəyərini artıran cəhətlərdən biri də ora daxil edilən və orijinalı rus dilində olan sənəd və materialların Azərbaycan dilində tərcüməsinin, bəzi sənədlərin fotosurətlərinin verilməsidir.
Məlum olduğu kimi, Behbud ağa Şahtaxtinskinin şəxsiyyətinə və siyasi fəaliyyətinə münasibət birmənalı olmamışdır. Bəziləri onu qatı bolşevik olmaqda, Azərbaycanın gələcəyinin xoşbəxt olmasını ancaq sovet hakimiyyətində görməkdə günahlandırmışdır. Kitabdakı tarixi sənədlər və faktlar bir daha təsdiq edir ki, o tutduğu vəzifədən asılı olmayaraq ümummilli məsələlərdə həmişə Azərbaycanın, onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanın mənafeyi baxımından çıxış etmiş, bu işdə yorulmadan çalışmış, fəaliyyət göstərmişdir. Bu gün Azərbaycan xalqı, xüsusilə Naxçıvan əhalisi onun Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi saxlanmasında göstərdiyi xidmətləri minnətdarlıqla yad edir.
Kitaba daxil edilən müxtəlif sənədlərdən göründüyü kimi, Behbud ağa Şahtaxtinski Azərbaycanın taleyüklü məsələləri, xüsusilə ölkə ərazisinin bütövlüyü ilə bağlı məsələlərdə heç nədən, hətta öz iradlarını sovet dövlətinin başçısı V.İ.Leninə bildirməkdən belə çəkinmə­mişdir. 1920-ci il sentyabrın 20-də V.İ.Leninə ünvanladığı məktubda Behbud ağa Şahtaxtinski Azərbaycanın ən ağrılı məsələsi olan Ermənistanla münasibətlərə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlara, Ermənistanın Azərbaycana, o cümlədən Naxçıvana ərazi iddialarına toxunaraq yazırdı ki, “Qızıl Ordu müsəlman əhalisini hətta Ermənistanla həmsərhəd ərazilərdə də bütün vasitələrlə silahsızlaşdırmağa çalışır... Müsəlman əhalisi silahsızlaşdırılır, daşnakların silahlı dəstələri müsəlman kəndlərini amansızcasına doğrayıb tökür və məhv edirlər... Azərbaycanlı kütlə Naxçıvan diyarının az qala bütünlüklə Ermənistana verilməsi xəbərini eşitdikdə dəhşətə gəlir”. Həmin dövrdə bu sözləri V.İ.Leninə demək və ya yazmaq heç də hər bir vəzifə sahibinin işi deyildi. Bunu ancaq Behbud ağa Şahtaxtinski kimi cəsarətli, qorxmaz, vətənpərvər, ölkəsi və xalqı uğrunda həyatını riskə qoyan şəxsiyyətlər edə bilərdi.
Naxçıvan məsələsi Behbud ağa Şahtaxtinskinin siyasi fəaliyyətində xüsusi yer tutur. Bu cəhət onun sovet hakimiyyəti illərində Naxçıvanda yüksək vəzifələrdə işlədiyi dövrlərdə özünü daha parlaq göstərir. Məlumdur ki, 1920-ci il 1 dekabr tarixli bəyanatdan sonra, dekabrın 5-də Naxçıvanda əhalinin narazılığı başlanmış, narazılığı aradan qaldırmaq və əhalini sakitləşdirmək üçün Behbud ağa Şahtaxtinski dekabrın 15-də Naxçıvana gəlmişdi. Behbud ağa Şahtaxtinskinin apardığı işlər nəticəsində əhali nisbətən sakitləşmiş, Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 1 dekabr tarixli bəyannaməsi, Ermənistan İnqilab Komitəsinin Naxçıvanın müstəqilliyini rədd etmək haqqında 1920-ci il 26 dekabr və Naxçıvanı müstəqil Sovet Respublikası kimi tanıması haqqında 1920-ci il 28 dekabr tarixli bəyanatları öz hüquqi qüvvəsini itirmişdi. Onun 1921-ci ilin yanvarında əhali arasında Naxçıvanın taleyi ilə bağlı keçirdiyi referendum və əhalinin 90 faizdən çoxunun Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verməsi Naxçıvanın gələcəkdə muxtar respublika kimi Azərbaycanın tərkibində saxlanmasında mühüm rol oynadı.
Kitaba daxil edilmiş sənədlərdən aydın olur ki, 1921-ci il yanvarın 12-də Naxçıvana komissar təyin olunan Behbud ağa Şahtaxtinski Naxçıvan bölgəsinin müxtəlif yerlərində olaraq vəziyyəti dərindən öyrənmiş, bir sıra faktları dəqiqləşdirmiş və bununla əlaqədar geniş məruzə hazırlayaraq həmin il aprelin 19-da Azərbaycan İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasında çıxış etmişdi. Məruzədə ermənilərin Naxçıvanda törətdikləri vəhşiliklər geniş təsvir olunmuş, Qərbi Azərbaycandan didərgin salınmış 500 min nəfərdən artıq qaçqının böyük bir hissəsinin Naxçıvana pənah gətirməsi səbəbindən vəziyyətin daha da pisləşməsi diqqətə çatdırılmışdır. Məhz bu məruzədən sonra Azərbaycan İnqilab Komitəsi Naxçıvanda vəziyyəti qaydaya salmaq üçün müəyyən tədbirlər həyata keçirmişdi.
1921-ci il martın 16-da Moskvada Rusiya ilə Türkiyə arasında imzalanan “Dostluq və qardaşlıq haqqında” müqavilədə Naxçıvanın Azərbaycanın tərkibində qalması ilə əlaqədar maddənin salınmasında xüsusi rolu olan Behbud ağa Şahtaxtinski 1921-ci il oktyabrın 13-də Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR hökumətləri ilə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında RSFSR hökuməti nümayəndələrinin iştirakı ilə Qarsda bağlanan müqaviləni Azərbaycan hökumətinin təmsilçisi kimi imzalamış, bununla da, Naxçıvanın gələcək siyasi-hüquqi statusu müəyyənləşdirilmiş, Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi 11 kilometr uzunluğunda təsdiq olunmuşdu. Beləliklə, Qars danışıqlarında Behbud ağa Şahtaxtinskinin qətiyyətli mövqeyi sayəsində müqavilənin V maddəsi və III əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə son qoydu. Onun Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi danışıqlarda iştirak edənlərin imzaları ilə təsdiqləndi. Ermənistanı təmsil edən İ.Mravyanın və B.Makinzyanın müqaviləyə imza atması ilə Ermənistan Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusunu tanımış oldu. Məhz buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə desək: “43 illik mübarizələrlə dolu qısa, lakin mənalı həyatında Behbud ağa Şahtaxtinski heç nə etməsəydi belə, xalqımızın tarixi taleyində mühüm rol oynayan Moskva və Qars beynəlxalq müqavilələrinin imzalanmasında göstərdiyi vətənpərvərlik və siyasi uzaqgörənlik onun adını Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bir sırada qoymağa tamamilə əsas verir”.
Kitabdakı arxiv materialları və sənədlərdən də məlum olduğu kimi, Naxçıvanda işləyərkən Behbud ağa Şahtaxtinski vəziyyəti normal hala salmaq üçün çox çalışmış, məcburən bir sıra sərt tədbirlər həyata keçirmiş, hətta bəzi komissarların vəzifədən azad edilərək partiya sıralarından uzaqlaşdırılmasına nail olmuşdu. 1921-ci ildə Naxçıvan SSR Xalq Komissarları Sovetinin Sədri təyin edildiyi zaman Naxçıvanda dəhşətli quraqlığın baş verməsi, bu səbəbdən onsuz da ağır olan vəziyyətin daha da ağırlaşmasına baxmayaraq, Behbud ağa Şahtaxtinskinin yüksək təşkilatçı­lıq bacarığı sayəsində əhalinin və bölgəyə gəlmiş qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdi. Bunun üçün hətta xarici ölkələrin, beynəlxalq təşkilatların kömək və yardımından da istifadə edilmiş, digər yerlərdən Naxçıvana taxıl və müxtəlif ərzaq məhsulları gətirilmişdi. Bütün bu tədbirlərin sayəsində Naxçıvan əhalisi və orada yerləşdirilən qaçqınlar qismən də olsa, çətinliklərdən və məhv olmaqdan xilas olmuşdu.
Kitabda Behbud ağa Şahtaxtinskinin siyasi publisistikası da öz geniş əksini tapmışdır. Onun “Zakavkazye”, “Nicat”, “Kaspi”, “Azərbaycan” kimi rusdilli mətbuat orqanlarında dərc olunan, milli şüurun oyanmasına, milli təfəkkürün formalaşmasına, mühüm siyasi və mənəvi problemlərin həllinə xidmət edən məqalələri oxuculara ilk dəfə təqdim olunur. Tariximiz üçün çox əhəmiyyətli olduğunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının təşkilatçılığı ilə bu il aprelin 14-də “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Behbud ağa Şahtaxtinskinin həyatı və siyasi fəaliyyətinin müxtəlif məqamları, o cümlədən onun Naxçıvanın ərazi məsələsi və muxtariyyət statusu məsələsi ilə əlaqədar fəaliyyəti, göndərdiyi teleqramlar, yazdığı məqalələr, yaradıcılığında təhsil məsələləri, hazırlanmasında iştirak etdiyi, yaxud imzaladığı müqavilələr, diplomatik və publisistik fəaliyyəti haqqında çıxışlar dinlənilmişdir.
Elmi ictimaiyyətə, geniş oxucu auditoriyasına təqdim olunan bu əsərin Ali Məclis Sədrinin himayəsi ilə nəşr etdirilməsi görkəmli dövlət xadimi, diplomat Behbud ağa Şahtaxtinskinin həyatı və siyasi fəaliyyətinin, özündən sonra miras qoyub getdiyi irsin öyrənilməsi və təbliği ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlərin davamı istiqamətində atılan mühüm bir addımdır. Kitab Naxçıvanşünaslığa dəyərli töhfə, sovet hakimiyyəti dövründə məqsədyönlü şəkildə unutdurulmuş, Azərbaycan dövlətçilik və diplomatiya tarixində özünəməxsus yeri olan Behbud ağa Şahtaxtinski haqqında aparılacaq gələcək tədqiqatlar üçün qiymətli istinad mənbəyidir. İnanırıq ki, görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinski irsinin böyük bir hissəsinin toplandığı, nadir tarixi faktların yer aldığı bu kitab Azərbaycanın, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixi ilə maraqlananlar üçün gərəkli bir vəsait olacaqdır.

Fəxrəddin Səfərli
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR