Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyari xidmətin fəaliyyəti əhali tərəfindən yüksək qiymətləndirilir.
Nazirliyin əməkdaşı, polis kapitanı Seymur Tağıyevin sözlərinə görə, “Hyundai” markalı səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir.
Seymur Tağıyevdən aldığımız məlumata görə, ötən illər ərzində səyyari xidmət uğurla fəaliyyət göstərib. 2015-ci il ərzində səyyari xidmətə 6 min 320 müraciət olub. Onlardan 5 min 123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün müraciətlərdir.
Xidmət 2016-cı ili də uğurla başa çatdırıb. Belə ki, bəhs olunan dövrdə səyyari xidmətə 6062 müraciət edilib. Onlardan 4 min 627-si şəxsiyyət vəsiqəsi, 1386-sı sürücülük vəsiqəsi, 5-i ümumvətəndaş pasportu, 44-ü məhkumluq arayışı almaq üçün olunan müraciətlərdir.
Səyyari xidmət 2017-ci ildə fəaliyyətinə Şərur rayonundan başlayıb. Sədərək və Ordubad rayonlarında olub. Hazırda Babək rayonunda fəaliyyətini davam etdirir. Bu günədək rayonun Nehrəm, Qahab, Sirab və Yarımca kəndlərində əhaliyə səyyari xidmət göstərilir. Ümumilikdə, ilin ötən dövrü ərzində səyyari xidmətə edilən müraciətlərin sayı 1740-a çatıb. Onlardan 1270-i şəxsiyyət vəsiqəsi, 436-sı sürücülük vəsiqəsi, 10-u məhkumluq arayışı üçün olunan müraciətlərdir.
Dünən səyyari xidmət rayonun Kərimbəyli kəndində olub. Şəxsiyyət vəsiqəsi üçün 23, sürücülük vəsiqəsi üçün 6, məhkumluq arayışı üçün 1 nəfər xidmətə müraciət edib. Növbəti həftənin bazar ertəsi səyyari xidmət Zeynəddin kəndində olacaq.
Muxtar Məmmədov