Qəsəbə və kənd bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şöbə rəisi, ədliyyə müşaviri Səttar Zamanov bildirib ki, bu cür maarifləndirici görüşləri təşkil etməkdə məqsəd bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, bələdiyyə qanunvericiliyinin öyrənilməsi və tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasıdır.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı, II dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov deyib ki, bələdiyyələrin öz əmlakına dair mülkiyyətçi hüququna malik olması onun statusu haqqında qanunda xüsusilə qeyd olunub. Bu mənada, bələdiyyə torpaqlarının idarə olunması sahəsində qanunvericiliyin tələblərinə əməl edilməsi və hüquq pozuntularının baş verməməsi üçün yerli özünüidarəetmə orqanı olan bələdiyyələr qanunvericiliklə müəyyən edilən tələbləri düzgün yerinə yetirməlidirlər. Bunun üçün onlara müvafiq metodik vəsaitlər paylanılıb, tövsiyə məktubları göndərilib.
Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə orqanlarında vətəndaşların müraciətləri ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik” mövzusunda çıxış edərək bildirib ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri vətəndaşların, o cümlədən digər fiziki və hüquqi şəxslərin təklif, ərizə və şikayətlərinin qəbulu, qeydiyyata alınması, baxılması, cavablandırılması və arxivləşdirilməsi ilə bağlı kargüzarlığın aparılması işini tənzimləyir.
Sonra mövzular müzakirə edilib, tədbir iştirakçılarına “Bələdiyyə büdcəsinin planlaşdırılması: şəffaflıq və hesabatlılıq” metodik vəsaiti paylanılıb.
Muxtar RZAZADƏ