26 Dekabr 2024, Cümə axşamı

Bayram əhval-ruhiyyəsi ilə yola saldığımız mart ayı bu baxımdan mühüm hadisələrlə yadda qaldı

Ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışlarına səs verərək müstəqilliyimizi qorumaq və daha da möhkəmləndirmək, ölkənin parçalanmasının qarşısını almaq və respublikamızın düşdüyü ağır sosial­-iqtisadi böhrandan xilas etmək üçün 1992-ci ildə Naxçıvanda möhkəm təmələ söykənən ideologiya əsasında Yeni Azərbaycan Partiyasını yaratması müstəqillik tariximizin ən parlaq səhifələrindən birinə çevrilib. Partiya 25 illik şərəfli bir yol keçib. Bu gün üzvlərinin sayı muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edən partiyanın muxtar respublika təşkilatının 52 mindən çox üzvü vardır. Bu, partiyanın yarandığı ilk dövrdəki göstəricidən 47 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov martın 16-da keçirilən Təşkilatın Siyasi Şurasının iclasındakı çıxışında bu barədə deyib: “Yeni Azərbaycan Partiyası böyük inkişaf və təşkilatlanma yolu keçib. Yeni Azərbaycan Partiyasının gücü onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ideyalarının uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır. Məhz bu amili əsas götürərək ümummilli liderimiz deyirdi ki: “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”. Partiyamızın dünəni quruculuq, bu günü isə yaradıcılıq tarixidir. Bu proseslərdə partiyamızın hər bir üzvünün əməyi və fəaliyyəti təsirsiz qalmamış, ölkəmiz, onunla birlikdə partiyamız, eləcə də onun Naxçıvan Muxtar Respublika Təşkilatı böyük inkişaf yolu keçmişdir”.

Şuranın iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2016-cı ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı” məsələ müzakirə olunub. İclasda partiya üzvlüyünə yeni qəbul olunanlarla işin gücləndirilməsi, İcra Katibliyi, şəhər və rayon təşkilatları ilə yanaşı, gənc və yaradıcı qüvvələrin partiya sıralarına cəlb edilməsinə diqqətin artırılması, Partiyanın İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə işinin əlaqələndirilməsi, qadınlar şuralarının və Yeni Azərbaycan Partiyasının Universitet şəhərciyi ərazi ilk təşkilatının fəaliyyətlərinin gücləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulub.
Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyev istər müstəqillik illərində, istərsə də Sovet İttifaqı dövründə hakimiyyətdə olduğu müddətdə muxtar respublikanın inkişafına xüsusi diqqət yetirib. Azərbaycana rəhbərliyinin birinci dövründə – 1978-ci ildə məhz Onun təşəbbüsü ilə Babək rayonunun yaradılması da görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Ötən dövr ərzində rayon böyük inkişaf yolu keçib. Göstərilən dövlət qayğısı nəticəsində bölgədə tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri aparılıb. Həmin tədbirlərin davamı olaraq martın 6-da Babək Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Onu da qeyd edək ki, Babək Rayon İcra Hakimiyyətinin əvvəlki binası işçilərin yerləşməsi və idarəetmənin təşkili baxımından tələblərə cavab vermirdi. Ona görə də binada yenidənqurma işləri aparılaraq əlavə bir mərtəbə artırılıb, 38 müasir iş otağı yaradılaraq kollektivin istifadəsinə verilib.
Xatırladaq ki, ötən il Babək rayonu muxtar respublikanın ən çox quruculuq işləri aparılan bölgələri arasında ön sırada yerini alıb. Rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması da aparılan quruculuq işlərinin daha bir ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılıb, yeni istirahət parkı salınıb və kafe fəaliyyətə başlayıb.
Martın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov parkın və kafenin açılışını bildirən lenti kəsib, həyata keçirilən tikinti işləri ilə maraqlanıb.
Muxtar respublikada əlverişli biznes və investisiya mühitinin yaradılması özəl sektorun inkişafı üçün geniş imkanlar açıb. Hər il muxtar respublikada yeni istehsal və xidmət sahələri yaradılır, əhalinin məşğulluğu təmin olunur.
Martın 8-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Danyeri” istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, 62 nəfər işlə təmin olunub. Burada istehsal olunan məhsullar “Danyeri” əmtəə nişanı ilə muxtar respublikadakı ticarət mərkəzlərində satışa çıxarılır. Mağazada ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilir. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Mebel salonunda isə muxtar respublikada və başqa ölkələrdə istehsal olunan müxtəlif növ keyfiyyətli mebel dəstləri alıcılara təklif olunur.
Naxçıvanda həyata keçirilən tədbirlərin mərkəzində insan amili dayanır. Görülən işlər muxtar respublika sakinlərinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Onu da qeyd edək ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Bu isə, öz növbəsində, kəndlərin abadlaşmasına paralel olaraq kənd təsərrüfatının inkişafını da zəruri edir. Kənd təsərrüfatında yeni innovasiyaların tətbiqi bu gün böyük əhəmiyyət daşıyır. Aqrar sahədə mütərəqqi metodların tətbiqi ilə məhsuldarlığa nail olmağın mümkünlüyü artıq təcrübədə sınanıb. Naxçıvan Muxtar Respublikasına tələbata uyğun yeni kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi də məhz bu amala xidmət edir. Sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən həmin kənd təsərrüfatı texnikaları həm də iqtisadi cəhətdən sərfəlidir. Ötən il 9 “New Holland” markalı traktor, 25 kotan, 90 əl üçün otbiçən, 6 dəst yağış üsulu ilə suvarma sistemi və digər texnoloji avadanlıqlar olmaqla, 240 ədəd texnika alınaraq muxtar respublikaya gətirilib. Hazırda muxtar respublikada yeni alınan suvarma sistemləri də 40 faiz güzəştlə satılır. 2017-ci ilin ötən dövründə isə 41 texnika alınıb. Müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcəkdir.
Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.
Muxtar respublikamız sosial-iqtisadi baxımdan sürətlə inkişaf etdikcə bura xarici ölkə­lərin və həmin ölkələrdə fəaliyyət göstərən böyük şirkətlərin iqtisadi marağı daha da artır. Huawei şirkəti də bunlardan biridir. Şirkət Azərbaycandakı fəaliyyətinə 2002-ci ildə Naxçıvandan başlayıb və ötən dövrdə əlaqələr inkişaf edib.
Martın 17-də Ali Məclisin Sədri Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Lin ilə görüşüb.
Həyata keçirilən qarşılıqlı layihələrdən razılığını bildirən Ali Məclisin Sədri həmin gün imzalanan yeni müqavilənin də bu baxımdan əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikasında yeni innovasiyaların tətbiqindən danışan Ali Məclisin Sədri muxtar respublikanın bütün ərazisinin sürətli internetlə təmin olunduğunu, dördüncü nəsil mobil rabitə şəbəkəsinin fəaliyyət göstərdiyini, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində rabitə və yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlandığını qeyd edib.
Görüşdən sonra Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyi ilə Huawei şirkəti arasında “Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində telekommunikasiya şəbəkəsinin yeni nəsil telefon stansiyaları ilə əvəz edilməsi” haqqında müqavilə imzalanıb.
Bu məqamda xatırladaq ki, martın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə də görüşüb. Ali Məclisin Sədri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında qonağa məlumat verib, muxtar respublikada iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatı, sənaye, təhsil, əczaçılıq, rabitə və yeni texnologiyaların inkişafından danışıb. Naxçıvandakı ali təhsil müəssisələrində dünyanın 12 ölkəsindən tələbələrin təhsil aldığını bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında təhsil, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Ulularımızdan bizə yadigar qalan Novruz bayramı azərbaycanlıların qədim tarixini, milli ruhunu dolğun şəkildə ifadə edən el bayramı, el şənliyidir. Bayram bu il də Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq və iqtisadi yüksəliş şəraitində qeyd olunub. Martın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib. Milli geyimli qız Ali Məclisin Sədrinə Novruzun rəmzi olan səməni təqdim edib.
Ali Məclisin Sədri Novruz bayramı münasibətilə tədbir iştirakçılarını, Naxçıvan Muxtar Respublikasının bütün əhalisini, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrinin şəxsi heyətlərini təbrik edərək deyib: “Həmişə olduğu kimi, bu il də muxtar respublikamızda Novruz bayramı əmin-amanlıq içində, firavanlıq şəraitində qeyd olunur. Ötən il muxtar respublikada sabitliyin daha da möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmiş, ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə artaraq 2 milyard 500 milyon manatı ötmüşdür. Sosial-iqtisadi inkişaf sürətlənmiş, yeni emal və sənaye müəssisələri yaradılmışdır. Əldə olunan imkanlar hesabına infrastruktur obyektləri, məktəblər, idman və səhiyyə-sağlamlıq müəssisələri tikilərək istifadəyə verilmiş, sahibkarlıq inkişaf etdirilmişdir. 2016-cı ildə daha 49 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı artmışdır”.
Ali Məclisin Sədri insan əməyi olmadan inkişafın mümkün olmadığını diqqətə çatdırıb, muxtar respublikanın inkişafına öz töhfəsini verənlərin hamısına təşəkkürünü bildirib, bayram tonqalını yandırıb.
Xalqımıza məxsus milli dəyərlər və adət-ənənələrin əsasında vətənpərvərlik, saflıq və xeyirxahlıq kimi savab əməllər dayanır. Bu gün Naxçıvanda insanlar milli və mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmətlə yanaşır, mənəvi saflıq və həmrəylik nümayiş etdirirlər. Dini dəyərlərimizə uyğun olaraq muxtar respublika ərazisindəki qəbiristanlıqlarda iməciliklərin keçirilməsi də bu tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.
Martın 25-i Naxçıvan Muxtar Respublikasındakı qəbiristanlıqlarda səliqə-sahman yaratmaq və yaşıllıqlar salmaqla əlamətdar olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib.
Muxtar respublikada təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir.
Martın 27-də Şərur şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Ali Məclisin Sədri məktəbin açılışını bildirən lenti kəsib.
Məktəbdə 4 kompüter otağı yaradılıb, ümumilikdə, 84 kompüter quraşdırılaraq sürətli internetə çıxışı təmin edilib. Yeni texnologiyalar məktəbdə distant tədrisin tətbiqinə və interaktiv dərslərin keçilməsinə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində müasir təhsilin tələblərinə cavab verən məktəb binasının istifadəyə verildiyini bildirib, bu münasibətlə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində pedaqoji heyətə uğurlar ­arzulayıb.
Muxtar respublikada əhalinin ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması diqqət mərkəzində saxlanılır. Yeni səhiyyə müəssisələrinin tikilməsi, mövcud xəstəxana binalarında təmir işlərinin aparılması və müasir tibbi avadanlıqların quraşdırılması bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Martın 27-də Ali Məclisin Sədri Şərur Rayon Mərkəzi Xəstəxanasında aparılan təmir işləri ilə maraqlanıb, quraşdırılan yeni tibbi avadanlıqlara baxıb.
Muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığına, onların asudə vaxtlarının səmərəli təşkilinə ciddi önəm verilir. Müasir idman infrastrukturunun yaradılması gənclərin idmana olan marağını daha da artırıb, istedadlı idmançılar yetişib, Naxçıvanda ölkə və beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi təmin edilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının birinci dövrə və final oyunlarının keçirilməsi bunun bariz ifadəsidir. Martın 30-da çempionatın bağlanış mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov tədbirdə iştirak ediblər.
Tədbirin sonunda çempionatın qalib komandalarına medallar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi olmuş “Lokomotiv” komandasına medalları və kuboku təqdim ediblər. Ali Məclisin Sədri qalib komandaları təbrik edib, onlarla xatirə şəkli çəkdirib.
Bəli, hər bir muxtar respublika sakini bu gün yaşadığı qədim və gündən-günə gənc­ləşən, müasirləşən bu diyarla fəxr edir. Çünki bu gün muxtar respublika bütün sahələr üzrə inkişaf edib, abadlaşıb, gözəlləşib. Naxçıvanda Azərbaycançılıq məfkurəsi, dövlətçilik, milli dəyərlər, tarixi köklərimizə bağlılıq hər şeydən üstün tutulur. Dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr fonunda ölkəmiz, xalqımız mövcud risklərdən qorunur, blokada vəziyyətində yaşayan muxtar respublikamızdakı sabitlik, əmin-amanlıq, birlik, həmrəylik və davamlı inkişaf nümunəyə çevrilir. Bütün bunlar isə muxtar respublikada dahi şəxsiyyət Heydər Əliyevin yoluna dərin ehtiramın və böyük sədaqətin ifadəsidir.

Ruhiyyə Rəsulova
Naxçıvan Dövlət Televiziyasının
baş redaktoru

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR