Hər bir ölkənin təhlükəsizliyi onun Silahlı Qüvvələrinin hərtərəfli inkişafından asılıdır. Güclü, nizami ordu bu təhlükəsizliyin qarantı olmaqla yanaşı, həm də sülhün, firavan və rahat yaşayışın təməl prinsiplərindən sayılır. Tarixdən də məlumdur ki, istənilən dövrdə güclü ordusu olan ölkələr daim inkişaf edib, iqtisadi və siyasi qüdrətini artırıb, nüfuz sahibi olub. Ordusu zəif olanlar isə əksinə. Dünyanın qədim xalqlarından olan Azərbaycan xalqının istər uzaq, istərsə də yaxın tarixi keçmişi ərzində baş verən hadisələr ordu quruculuğu işinin bir daha zəruri olduğunu sübut etməkdədir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğuna bu gün dövlətimiz tərəfindən göstərilən hərtərəfli qayğı bu prosesin yeni mərhələyə qədəm qoymasına şərait yaratmaqla yanaşı, ölkəmizin regionda nüfuzunun artmasına da öz təsirini göstərib. Ordu quruculuğu prosesində ölkə ərazilərinin geostrateji mövqeyi mühüm rol oynayır. Çünki mühüm coğrafi ərazilər təkcə iqtisadi-siyasi deyil, həm də hərbi-strateji əhəmiyyətinə görə seçilir. Buna görə də sülh və müharibə şəraitində ölkənin hava, dəniz və quru sərhədlərinin etibarlı qorunması aidiyyəti ərazilərdə müvafiq qoşun birləşmələrinin dislokasiyasından və döyüş hazırlığından birbaşa asılıdır. Məhz bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər bir çox əhəmiyyətli tərəfləri ilə diqqət çəkir.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası coğrafi cəhətdən ölkənin əsas torpaqlarından ayrı düşüb. Bu tarixi gerçəkliyin acı nəticələri ilə Naxçıvan keçən əsrin sonlarında çox qarşılaşıb. Ancaq ulu öndər Heydər Əliyevin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu qədim diyarın qorunub saxlanılmasında böyük rol oynayıb. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda ilk milli ordu hissələrinin yaradılmasına buradan başlayıb. Məhz həmin dövrdən başlayaraq muxtar respublikada ordu quruculuğu bir çox mərhələlərdən keçib və ötən hər il hərbi hissələr daha da təkmilləşdirilib. 2013-cü ilin dekabrında muxtar respublikada 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən atılan bu tarixi addım Naxçıvanın hərbi gücünün artırılmasında yeni bir mərhələyə çevrilib. Qısa müddət ərzində Əlahiddə Ümumqoşun Ordu müxtəlif təyinatlı müasir döyüş texnikaları ilə təmin olunub, şəxsi heyətin sayı dəfələrlə artırılıb. Bu texnikalara piyada döyüş vasitələrindən tutmuş müasir artilleriya qurğuları və hava hücumundan müdafiə sistemlərinədək müxtəlif növlərdə silahlar daxildir. Güclü maddi-texniki baza muxtar respublikamızın quru sərhədləri ilə bərabər, hava məkanının da mükəmməl mühafizəsinin təmin edilməsinə şərait yaradıb. Eyni zamanda mövcud hərbi hazırlıqlar Əlahiddə Ümumqoşun Ordunun regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirməyə imkan verib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev də siyasi fəaliyyətinin bütün dövrlərində Naxçıvanın təhlükəsizliyini diqqət mərkəzində saxlayır, muxtar respublikanın müdafiə məsələlərinin yüksək səviyyədə həll olunmasına xüsusi əhəmiyyət verir. Ölkə başçısı muxtar respublikaya hər səfərində buradakı hərbi hissələrin vəziyyəti ilə yaxından tanış olur, ordu quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı sayəsində buradakı hərbi hissələrdə böyük quruculuq tədbirləri həyata keçirilir, zabit və əsgərlər üçün lazımi xidmət şəraiti yaradılır, yeni əsgər yataqxanaları, əsgəri-məişət kompleksləri istifadəyə verilir. Bundan əlavə, hərbi qulluqçuların mənzil-məişət şəraiti yaxşılaşdırılır, onlar yeni mənzillərlə təmin olunur. Xidmətdə fərqlənənlərin isə əməyi layiqincə qiymətləndirilərək mükafatlandırılır. Həyata keçirilən tədbirlər sayəsində muxtar respublikada birləşmə və hissələrin döyüş qabiliyyəti və peşəkarlığı artırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı xeyli yüksəldilib. Ali Məclis Sədrinin mütəmadi olaraq hərbi hissələrə səfər etməsi, şəxsi heyətlə təmasları hərbçilərimizi ruhlandırmaqla yanaşı, xalq-ordu birliyinin nümunəvi gücünü də ortaya qoyur. Naxçıvanın hərbi gücünün artırılmasının prioritet istiqamət olduğunu bildirən Ali Baş Komandan bu haqda deyib: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Bu gün bu, belədir. Gələcəkdə Naxçıvanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu artıq reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan vardır”.
Bəli, ordumuzun durmadan artan gücü bu gün düşmənlərimizi də narahat edir. Çünki ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində hər keçən gün daha da güclənən ordumuz bu gün qarşıya qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Silahlı Qüvvələrimizin gücünü 1 il bundan əvvəl baş vermiş aprel döyüşlərində görən düşmən hələ də o qorxudan xilas ola bilməyib. Tarixə dördgünlük müharibə kimi düşən həmin aprel döyüşləri ordumuza öz gücünü göstərməyə şərait yaradıb. Nəticədə, döyüşçülərimizin gücü qarşısında aciz qalan ermənilər sürətlə geri çəkilib, ətraf yaşayış məntəqələrində məskunlaşmış sakinlər kəndləri boşaldıblar və məcburiyyət qarşısında qalan erməni rəhbərliyi acizanə şəkildə atəşkəsin təmin edilməsi üçün müxtəlif qurumlara müraciət edib. Dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri 2000 hektar ərazini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri geri alıb və cəbhəboyu ərazilərə nəzarət etmək imkanı qazanıb.
Aprel döyüşlərində düşmənin Naxçıvan Muxtar Respublikası istiqamətində hücumlarının ola bilməsi ehtimalı var idi. Ancaq bu, baş vermədi. Hərbi ekspertlərin qeyd etdiyi kimi, bunun müəyyən səbəbləri vardı və bu səbəblər hazırda da öz aktuallığını qoruyur. Birinci səbəb ondan ibarətdir ki, son illərdə ölkəmizdə ordu quruculuğu istiqamətində aparılmış məqsədyönlü tədbirlər, o cümlədən muxtar respublikanın müdafiə təhlükəsizliyinin qarantı kimi yaradılmış Əlahiddə Ümumqoşun Ordu ilk günlərdən düşmənlərimizi narahat edir. Çünki Əlahiddə Ümumqoşun Ordunun yaradılması muxtar respublikadakı hərbi birləşmələrə istənilən anda döyüş tapşırığını yerinə yetirmək imkanını verir. Bunun üçün son dövrlərdə Silahlı Qüvvələrimizin muxtar respublikanın ərazisində yerləşən hərbi birləşmələri ən müasir piyada və raket-artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub, Naxçıvanın müdafiə potensialı dəfələrlə artırılıb.
Əlahiddə Ümumqoşun Ordu yarandığı dövrdən real döyüş şəraitinə uyğunlaşdırılmış təlimlərə cəlb olunur və hər dəfə bu təlimlərdə qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirir. Əlahiddə Ümumqoşun Ordunun keçirilən təlimlərdə istifadə etdiyi silahların dağıdıcı gücünü hər kəs kimi düşmənlərimiz də yaxşı bilir. Düşmən Naxçıvan Muxtar Respublikasında güclü ordu ilə üz-üzə gəlməyin ağır fəsadlarını da indidən hesablayır. İkinci səbəb isə müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmuş muxtar respublikanın istənilən hücuma tutarlı cavab verməsidir.
İstənilən halda müasir dünyada reallıq budur ki, haqlı olmağın yolu güclü olmaqdan keçir. Və şübhə yoxdur ki, düşmənlərimizi Naxçıvana bu günədək hücum etməkdən çəkindirən əsl səbəb də Silahlı Qüvvələrimizin buradakı gücüdür. İnanırıq ki, ordumuzun bu gücü tezliklə işğal altında olan bütün torpaqlarımızın azad olunmasında öz sözünü deyəcək.
Səbuhi HƏSƏNOV