26 Dekabr 2024, Cümə axşamı

Düz bir il bundan əvvəl, aprel ayının ilk günlərində bütün gözlər cəbhəyə, Vətən övladlarının gecə-gündüz keşik çəkdiyi döyüş bölgələrinə dikilmişdi. Aprelin 1-dən 2-nə keçən gecə mənfur düşmən mövqelərimizə hücuma keçmişdi. Ordumuzun bu döyüşlərdə qazandığı şanlı zəfərdən sonra hər şey gün kimi aydın oldu, aprel savaşında qazanılan qələbə qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. Atəşkəsdən keçən əsrin dörddəbiri qədər zaman kəsiyindən sonra cəmi dörd gün ərzində gedən qanlı döyüşlərdə əldə etdiyimiz qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Silahlı Qüvvələrimiz düşmənə və onun havadarlarına onların anlayacaqları tərzdə başa saldı ki,  bu xalq heç bir zaman işğala dözməyəcək, heç bir güc qarşısında boyun əyməyəcək, gec-tez ata-baba əmanəti olan torpaqları azad edəcəkdir. 

Həmin dövrdə torpaqlarımızın azadlığı, dövlətimizin bütövlüyü, müstəqilliyi uğrunda düşmən qarşısında canlarını sipər edərək şəhidlik zirvəsinə ucalan əsgərimizin qəhrəmanlığı isə dillərə dastan oldu. Xalq öz qəlbində bu qəhrəmanlara möhtəşəm bir abidə ucaltdı, onların hər biri ölməzlik, əbədiyyət qazandı. Bu döyüşlərdə Naxçıvan torpağı da iki şəhid verdi. Mayor Rasim Məmmədov və leytenant Qabil Oruc­əliyev aprel döyüşlərində şücaət və rəşadət nümayiş etdirərək şəhidlik zirvəsinə yüksəldilər. Bəli, qədim Naxçıvanın igid övladları ana Vətənin hər qarışının onlar üçün əziz və müqəddəs olduğunu bir daha sübuta yetirdilər.

...Naxçıvan şəhərinin İslam Səfərli küçəsində bir şəhid ocağı var. Bu məkan aprel döyüşlərində mərdliklə vuruşan və şəhidlik məqamına yüksələn Qabil Orucəliyevin ata ocağıdır. Bu gün bu ocaqda daha bir Vətən övladı olan Qabil böyüyür. Eynilə atası kimi iri qonur gözləri, qara qalın qaşları olan balaca Qabil. Hələ dil açıb danışmasa da, ata ocağının divarlarında asılan qəhrəmanın şəkillərinə hey baxır, baxır. Yatmaq vaxtı gələndə, ya da nənəsi, bibiləri onu şəhərə gəzintiyə aparanda asta yerişlərlə gəlib atasının şəkli qarşısında durur, onunla gözləriylə sağollaşıb uzaqlaşır. Onun uşaq dünyasında atası şəkillərdə yaşayır, elə bu şəkildən əl uzadıb onun gecə kimi qara, məxmər saçlarını tumarlayır, öpüb-qoxlayıb bağrına basır. Vaxt, zaman axıb keçəcək, bu oğul da böyüyüb atası kimi qorxmaz bir qəhrəman olacaq, artıq hər şeyi başa düşəndə onun sual dolu baxışlarına da cavab tapılacaq. O zaman balaca Qabilə deyəcəklər ki, atan üzərində yaşadığın bu torpaqlar üçün, Vətəni üçün, xalqı üçün, sənin və sənin kimi minlərlə balanın parlaq gələcəyi üçün canını qurban verdi, ölümün soyuq baxışları onu üşütmədi, əksinə, onun üzərinə yürüdü, düşmənin arzularını gözündə qoydu. Zaman gələcək, balaca Qabil də böyüyüb əsgər, zabit olacaq, igidlərin sırasında öz yerini alacaq. Ancaq hələlik o, anasının, nənəsinin, yaxınlarının əhatəsində qayğısız böyüyür. Başı üzərində mərmilər uçuşmur, güllə səsləri eşidilmir. Ölkəmizin sərhədlərində keşik çəkən onun atası kimi oğullar düşməni çox uzun bir müddətə susmağa məcbur ediblər.
...İgid və qorxmaz Vətən oğlu Qabil Orucəliyev 1991-ci ildə anadan olub, şəhərdəki 1 nömrəli tam orta məktəbi bitirib. Atasını erkən yaşlarında itirən, iki bacı və bir qardaşının sevimlisi olan Qabil 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub, 3 il sonra bu təhsil ocağını yüksək qiymətlərlə başa vurub. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsilini başa çatdırıb. 2013-cü ildə leytenant rütbəsi alan qəhrəman döyüş bölgəsindəki hərbi hissələrdən birində motoatıcı bölüyün taqım komandiri vəzifəsində hərbi xidmətini davam etdirib. Şəhidlik məqamına ucaldığı zaman Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən məntəqədə olub. Bu məntəqəyə Milli Qəhrəman Mübariz İbrahimovun şərəfinə “Qisas postu” adı verilmişdi. Məhz bu postdan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşmən üzərinə yürüşü başlatmış, bu postu bütün Azərbaycanda, hətta düşmən ölkədə tanıtmışdı. Qabil üçün də başlanan bir yol var idi və o, özü də bilirdi ki, nə zamansa çıxdığı bu yol onu şəhidlik zirvəsinə ucaldacaq.
Şəhid anası Nuriyyə Orucəliyevanın dedikləri: Qabil mənə oğul, qardaş, həm də sirdaş əvəzi olub. Bəlkə də, atasını erkən itirməsi səbəbindən idi ki, bütün ailənin yükünü öz üzərinə götürmüşdü. Ətrafındakılara qarşı çox mehriban idi. Bu səbəbdən də onu tanıyan insanlar Qabilin dünyadan getməsi ilə barışa bilmirdilər. Onların təsəllisi Qabilin şəhidlik zirvəsinə ucalması idi. Ona görə dəfn mərasimində övladımı son mənzilə yola salmağa gələn insanların qarşısında başımı dik tutdum. Yoldaşları bir ağızdan deyirdilər ki, ağlama ana, biz də Qabilik! Və elə onda bir yox, yüzlərlə övladımın olduğunu anladım. Qabilin bir balaca qardaşı da var. Atası dünyadan köçəndən sonra dünyaya gəlib, Qabili öz atası bilib. O, 11 yaşındadı. Dəfn mərasimində bayrağı ona təhvil verdilər. Oğlum İsa “Vətən sağ olsun!” – dedi və şəhidimin son örtüyünü, üçrəngli bayrağımızı başı üzərinə qaldırdı. Hə, oğul, Qabilin tabutunu çiynimdə daşıdım, göz yaşlarımı ürəyimə axıtdım. İstəmədim ki, şəhid anasını ağlayan görsünlər, sabah biz də şəhid olsaq, anamız beləcə ağlayacaq, – desinlər. Yenicə dünyaya gələn, üzünü görmədiyi oğluna Qabilin dəfnindən bir neçə gün sonra onun adını qoyduq.
Nuriyyə xanım onu da dedi ki, şəhid ailəsi olaraq hər zaman dövlətimizin diqqət və qayğısını öz üzərində hiss edir: “Ötən ilin may ayında Ali Məclisin Sədri tərəfindən hər cür şəraitə malik yeni mənzillə təmin olunduq. Orada cənab Sədrimizin “Şəhid ailələri Vətən uğrunda canlarını qurban verən igid oğullarının itkisini ailələrinin faciəsi kimi deyil, xalqın qəhrəmanlıq nümunəsi kimi qarşıladılar”, – deməsi, şəhid ailələrinin daim dövlətimizin himayəsi altında yaşayacağını bildirməsi məni bir şəhid anası kimi kövrəltdi. Elə oğlum Qabildə də bu arxayınlıq var idi. Bilirdi ki, başına bir iş gəlsə, dövlətimiz ailəsini köməksiz qoymayacaq, nə lazımdırsa, edəcək. Hə, bala, Qabilim düşmən önünə bizdən əmin-arxayın getdi.
…Hadisə şahidlərinin dediyinə görə, düşmənə qarşı əks-hücumda Qabil və onun yoldaşları “Qisas postu”ndan 15-16 kilometr məsafədə düşmənin dərinliyinədək irəliləyiblər. Erməni postunu tutduqdan və oradakı erməniləri zərərsizləşdirdikdən sonra o, irəlidə olan postu da ermənilərdən təmizləmək üçün yoldaşları ilə məsləhətləşib. Bundan sonra Qabil hücum istiqamətlərini müəyyən edib və döyüş yoldaşları ilə birgə irəli gedib. Döyüş yoldaşlarının dediyinə görə, Qabil və yoldaşları Madagiz kəndində mühasirəyə düşüblər, ancaq uzaq məsafədə olduqlarından onlara kömək gələndə gec olub. Qabil və 2 yoldaşı – Cavid Dədəkişiyev və Adil Adilzadə son mərmilərinədək düşmənlə vuruşub və qəhrəmancasına şəhid olublar. Döyüş zamanı Qabil və yoldaşları çox sayda düşmən zabit və əsgərini zərərsizləşdiriblər. Həmin dövrdə Milli Qəhrəmanımız Mübariz İbrahimovdan sonra erməni mətbuatının ən çox Qabildən bəhs etməsi onu göstərirdi ki, o, düşmənə sarsıdıcı zərbələr vurub. Döyüş zamanı göstərdiyi qəhrəmanlığa görə Qabil Orucəliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 aprel 2016-cı il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli döş nişanı ilə təltif edilib.
Bəli, Qabil öz igidliyi ilə ondan sonra gələnlər üçün bir örnək, ölkəmizin hər bir gənci üçün qürur, fəxarət simvoluna çevrildi. Ötən il aprel ayının 10-da beynəlxalq təşkilatların vasitəçiliyi ilə şəhidimizin nəşi ermənilərdən alındı. Onun cənazəsi Bakıdan Naxçıvana gətirildi. Şəhidi qarşılamaq üçün yüzlərlə insan hava limanına axın etmişdi. Sonu görünməyən avtomobil karvanının müşayiəti ilə şəhidin nəşi ata ocağına aparıldı, sonra isə qəhrəmanımız böyük izdiham əhatəsində dəfn edildi. Mərasimdə iştirak edənlərin böyük bir hissəsi gənclər idi. Onların baxışlarından duymaq çətin deyildi ki, gənclik heç bir zaman şəhidlərini, haqq uğrunda mübarizəmizi, bizə dədə-baba əmanəti olan torpaqlarımızın azadlığı yolunda tökülən qanları unutmayacaq, nəyin bahasına olursa-olsun, son damla qanına qədər vuruşacaq və qalib gələcək. Gec-tez üçrəngli bayrağımız müqəddəs Vətən torpaqlarının hər qarışına öz kölgəsini salacaq.
...Qabil Orucəliyev yaxşı bilirdi ki, o, döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə apardı. Bu baxımdan şəhidimizin döyüş yolu bütün gənclər üçün örnəkdir, nümunədir. Bu gün biz fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən, bununla fəxr edən gənc­lərimiz var. Qabil Orucəliyev kimi qəhrəmanlar yetirən xalq heç vaxt məğlub ola bilməz. Bu gənclərin qəhrəmanlığı xalqımızın həyatında, yeni nəslin düşüncə tərzində yaranan mühüm hadisədir. Bu gün şəhidin ocağını ziyarət edən gənclər bu ocağa müqəddəs ziyarətgah kimi baxır, Qabilin məzarı önündə müqəddəs torpaqlarımızı azad etməyə hazır olduqlarına and içirlər. Sabah həmin gəncləri məğlubedilməzlik ruhu ilə səngərlərdə görəcəyimizə əminik. Bu ruhu, bu Vətən məhəbbətini, Vətənçün ölməyə hazır olmaq şövqünü yaradan Qabil kimi qəhrəman övladlarımıza ulu Tanrı­dan rəhmət diləyirik...

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR