26 Dekabr 2024, Cümə axşamı

Müxtəlif dövrlərdəki qadağalara baxmayaraq, ölkəmizdə İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanıb və bu gün də həmin dəyərlər inkişaf etdirilir, gələcək nəsillərə çatdırılır. Qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunsa da, müstəqil dövlətimiz həm də milli və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. İslam ölkələri ilə qurulan mədəni əlaqələr də respublikamızın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən birini təşkil edir. Beş min il yaşı olan Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olması həm də bu siyasətin uğurlu nəticəsidir. Qədim şəhərin bu adı daşıması diyarımızın sosial-iqtisadi inkişafının, turizm potensialının tanıdılması ilə bərabər, milli və mənəvi dəyərlərimizin təbliğinə də şərait yaradır.

Əlbəttə, İslam mədəniyyətinin paytaxtı statusunu qazanmaq üçün müəyyən şərtlər var. Bu ada namizəd olan şəhərin region və öz ölkəsi səviyyəsində zəngin tarixi olmalı, o, elm, incəsənət və ədəbiyyatın inkişafına xüsusi töhfələr verməli, həm İslam, həm də bütövlükdə, dünya mədəniyyətində yeri olmalıdır. Eyni zamanda bu ada layiq şəhərdə elmi və mədəni infrastruktur – elmi mərkəzlər, mədəni-kütləvi tədbirləri təşkil edən təsisatlar, mükəmməl təhsil qurumları fəaliyyət göstərməlidir. Həmçinin şəhərdə qədimliklə müasirliyin birləşərək vəhdət təşkil etməsi də əsas şərtlər sırasındadır. Qədim yurdumuz Naxçıvan tələb edilən bütün şərtlərə cavab verdiyindən bu ulu diyar İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.

Həqiqətən də, Azərbaycanın bu ayrılmaz tərkib hissəsi həm qədimliyinə, həm mədəni zənginliyinə, həm də yerləşdiyi coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Naxçıvan hər zaman region ölkələrinin diqqət mərkəzində olmuşdur. İnsan cəmiyyətinin yenidən yaranış tarixini simvolizə edən Nuh Peyğəmbərin məzarüstü abidəsi, adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarası, əsrarəngiz Duzdağ mağaraları, Qərb renessansına meydan oxuyan Möminə xatın türbəsi məhz beş minillik bu şəhərin köksündə nəfəs alır. Bu siyahıya ulu əcdadlarımızın yaşam fəlsəfəsini özündə əks etdirən Gəmiqaya abidələrini, dünya arxeologiya elminə mühüm töhfələr vermək qüdrətində olan Qazma, Oğlanqala, Gilançay, Kültəpə arxeoloji abidələrini, saysız-hesabsız təbiət möcüzələrini, Naxçıvanın Azərbaycan və Şərq elminə necə böyük istedadlı şəxsiyyətlər verdiyini də əlavə etsək, dünya xəritəsində həcmcə çox kiçik bir ərazidə necə böyük bir potensialın toplandığının şahidi olarıq. Ancaq etiraf edək ki, müxtəlif tarixi dövrlərdəki ictimai-siyasi şərait Naxçıvanın öz qiymətini almasına imkan verməmişdir. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, daha doğrusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Naxçıvanın yenidən öyrənilməsinə, tədqiq olunmasına başlanılmışdır. Bu tarixiliklə bərabər, son illər ərzində qədim diyarımızda 300-dən artıq mədəniyyət və turizm obyekti inşa olunaraq və ya əsaslı təmir edilərək istifadəyə verilmişdir. Muxtar respublikada aparılan araşdırmalar zamanı 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. 500-dən çox mədəniyyət, incəsənət və turizm müəssisəsinin fəaliyyət göstərdiyi regionda insanların mədəni istirahətinin formalaşmasında mühüm rol oynayan onlarla müxtəlif profilli muzey də var. Çoxsaylı tarixi abidələrin bərpası, müxtəlif ərazilərdə arxeoloji tədqiqatların aparılması, regionun tarixi, mədəniyyəti, milli dəyərləri ilə bağlı müxtəlif ədəbiyyatların nəşri Naxçıvan haqqında zəngin məlumatları ortaya çıxarmaqla bərabər, ildən-ilə bura axışan turistlərin də sayının artmasında mühüm əhəmiyyət kəsb edir. “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir” fikrini öz fəaliyyətinin tərkib hissəsinə çevirmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və nəhayət, tanıdılması ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı üzə çıxarmaq, təbliğ etməkdən ibarətdir.
Onu da qeyd edək ki, İslam mədəniyyəti deyiləndə təkcə məscid və ibadət yerləri, dini ayinləri icra etmək başa düşülməməlidir. İslam mədəniyyəti insanın mənalı və faydalı ömür yaşamağı üçün həyat kodeksidir. Sevindirici haldır ki, xalqımızın ailə dəyərləri İslam mədəniyyətini özündə ehtiva edir, bu mədəniyyətin ali prinsipləri daim yaşadılır. Bu gün qədim türk dəyərləri ilə birgə İslam mədəniyyəti də ailə dəyərlərimizi formalaşdıran ən mühüm amillərdən biridir.
Qadına ehtiram İslam mədəniyyətinin tərkib hissəsi olduğu kimi, xalqımızın da ailə dəyərlərinin mərkəzində dayanır. Qədim oğuz elinin dəyərlərini özündə yaşadan və keçmişimizin salnaməsi olan “Kitabi-Dədə Qorqud” boylarında qadın-ana adı müqəddəs tutulub, “ana südü Vətən çiçəkləri ilə yaralı igid sağaldar” rəmzi mənası təsadüfən yaranmayıb. Ailə dəyərlərimizdə adət-ənənələr zəminində formalaşmış qadına münasibətin özunəməxsus xüsusiyyətləri vardır. İlk növbədə, ulu babalarımız “ana haqqı, Tanrı haqqı”, – deyib, qadına-anaya hörmət və ehtiram göstəriblər. Hətta bəzi məqamlarda evin böyüyü olan atadan əvvəl anaya ehtiram göstərilir, oğul yurda, evə ayaq basanda əvvəlcə anasına təzim edib görüşür, sonra atasına yanaşır. Çünki qadın-ana ailənin qoruyucusu, ailə münasibətlərinin tənzimləyicisi hesab edilib. İslam mədəniyyəti də qadını cəmiyyətdən ayırmır, onun öz istedad və bacarığını insanlığa xidmət etməyə səsləyir. “Qurani-Kərim”də də qadının şəxsiyyəti uca tutulur. Qadının ailədə və cəmiyyətdə roluna yüksək qiymət verilir. Peyğəmbərimizin ən məşhur kəlamlarından biri “Cənnət anaların ayaqları altındadır” ifadəsidir.
Azərbaycan ailəsi və ailə dəyərlərimiz ən gözəl həyat məktəbidir. Valideynlər bu məktəbin şəfqətli və mehriban müəllimləri, uşaqlar isə öyrənməyə hazır şagirdləridir. Yeni nəslin düzgün tərbiyəsi hər bir xalqın gələcəyi üçün ehtiyac duyduğu məsələlərdəndir. Valideynlər bu cəhətdən məsuliyyət daşıyırlar. Azacıq diqqətsizlik, səhlənkarlıq və ya etinasızlıq onların dəyərli gələcəklərini məhv edib puça çıxara bilər. Bu mənada, necə deyərlər, valideynlərin övlada verdiyi ən böyük sərvət onları düzgün tərbiyə etmələridir.
Uşaqlar həyatın ilk çağlarında zəif və kövrək olduqlarına görə ailələrimizdə ehtirama layiq görülür, nəvaziş göstərilir. Sonrakı mərhələdə onlar ailə qayda-qanunlarını və iş üslubunu öyrətməklə böyüdülür. Ata-ana öz övladları arasında heç bir fərq qoymur, uşaqlar onların məhəbbət, nəvazişindən bərabər faydalanırlar. Ümumiyyətlə, ailələrimizdə uşağa qayğı əskik olmur. Hətta ailə qurub ev-eşik sahibi olsa belə, ata-ana diqqəti onun üzərində olur. Ailə dəyərlərimizə görə valideyn və övladların bir-birlərinə qayğıları qarşılıqlıdır. Valideyn övladın tərbiyəsində nə qədər məsuliyyət daşıyırsa, onların övladları da boya-başa çatanda valideynlərinə qayğı göstərməkdə məsuliyyətlidirlər. Valideynin vaxtilə öz valideynlərinə yaxşılıq etməsi övladları üçün son dərəcə təsirli bir ibrət dərsidir. Bütün bunlar həm də xalqımıza məxsus olan islami dəyərlərin tərkib hissəsidir.
Gözəl əxlaq, xoşxasiyyətlilik, xeyirxahlıq, nəciblik, yüksək insani keyfiyyətlərə malik olmaq bizlərin yaşadığı ömür zərrələridir. Ruhumuza hopmuş bu dəyərlər, əslində, bütün bəşəriyyətə çatdırılmalıdır. Ona görə ki, artıq Qərb cəmiyyətində birgə həyata əsaslanan vətəndaş nikahı üzərində qurulan ailə bəzən model kimi başqa xalqlara təqdim olunur. Lakin bu imitasiya nümunəvi ailə modeli ola bilməz. Bu, ənənəvi ailə dəyərlərinin tənəzzülü ilə bərabər, cəmiyyətin mədəni inkişaf səviyyəsini geri salmaqdan başqa bir şey deyildir. Buna görə də keçmişdən əmanət olaraq bizə gəlib çatan ailə dəyərlərimiz qorunub saxlanılmalı və lazımi şəkildə gələcək nəsillərə ötürülməlidir. Bu missiyanı yerinə yetirməkdə hər kəs gələcək nəsillər qarşısında məsuliyyət daşıyır. Ona görə də ailə dəyərlərimizi qoruyub gələcək nəsillərə çatdırmaq bu gün hər birimizin borcudur.
Bu il ölkəmizin paytaxtında “IV İslam Oyunları” keçiriləcək. Oyun mədəni mübarizə, rəqabətdir, gücünü sınamaq, istedadını göstərməkdir. Qalib olmaq, layiq olduğunu əldə etməkdir. Bu il həm də Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Çünki İslam həm də həmrəylikdir. Həmrəylik isə özü bir mədəniyyətdir. Bunun da təməli ailədə qoyulur. Ailənin bütöv, möhkəm olması toplumda, cəmiyyətdə insanların həmrəy olmasına da zəmin yaradır. Tarixboyu ailələrimizin möhkəm, uzunömürlü olmasının ən başlıca səbəbi isə ailə dəyərlərimizə inam, sədaqət, vəfa və qarşılıqlı hörmətdən irəli gəlir.
Son illər ardıcıl olaraq ölkəmizdə mədəni və humanitar sahədə beynəlxalq forum və konfransların keçirilməsi, 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi belə deməyə əsas verir ki, bu gün Azərbaycan İslam mədəniyyətinin təbliğinə əsaslı töhfələrini verir. Qeyd etdiyimiz kimi, gələn il isə Naxçıvan İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirəcəkdir. Burada bir incə məqam da ondan ibarətdir ki, keçiriləcək tədbir sırf mədəni xarakter daşısa da, Naxçıvanın beynəlxalq müstəvidə siyasi çəkisini də ortaya qoyacaq. Məlum olduğu kimi, tarixin müxtəlif dövrlərində qədim diyarımıza müxtəlif əsassız iddialar irəli sürülüb. Bu iddialar Naxçıvanın tarixinin, coğrafiyasının, mədəniyyətinin, ümumilikdə isə varlığının şübhə altına salınması məqsədi daşıyıb. Lakin indi Naxçıvan ötən əsrin əvvəlləri və sonunda böyük taleyin əsdirdiyi fırtınalarla üz-üzə qalan Naxçıvan deyil. Bu gün artıq Naxçıvanın dünyaya öz iddiaları var. Görülmüş və görüləcək işlər bu iddiaları daha açıq şəkildə ortaya qoyacaq. Tarixi ədalətsizlikdən doğaraq blokada vəziyyətinə salınması heç də bu qədim yurdun mədəni inkişafına mane ola bilməyib. Zəngin baza, dinamik inkişaf və mütərəqqi ideyaların formalaşdırıldığı qədim Azərbaycan diyarı Naxçıvan həm də öz dəyərləri ilə İslam mədəniyyətinə töhfə verəcək.

Sahir Rüstəmov
Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR