Əlahiddə Ümumqoşun Ordunun müxtəlif güc strukturları ilə birgə komanda-qərargah təlimi başa çatıb. Təlimə 3 min nəfərədək şəxsi heyət, 200-dən artıq avtomobil və döyüş texnikası cəlb olunub.
Üç mərhələdə keçirilən təlimin birinci mərhələsinə uyğun olaraq, birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Cəmləşmə rayonlarında qoşunların idarə olunması praktik şəkildə həyata keçirilib.
Təlim planında Naxçıvan Muxtar Respublikasına qarşı yönəlmiş silahlı təcavüzün dəf edilməsi məqsədilə müdafiə əməliyyatının aparılması, düşmənin darmadağın edilməsi üzrə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili, müdafiənin dərinliyinə soxulmuş düşmənin məhv edilməsi və müdafiənin əlverişli hədd üzrə bərpa olunması əsas məqsəd kimi qarşıya qoyulub.
Döyüş əməliyyatlarının planlaşdırılması zamanı komandir heyətinin kəskin dəyişən döyüş şəraitində çevik qərar qəbuletmə üzrə bilik və bacarıqlarının artırılmasına nail olunub. Eyni zamanda qərargahlararası məlumat mübadiləsinin vaxtında həyata keçirilməsi məqsədilə müasir texnoloji vasitələrdən istifadə edilib.
Təlimin gedişində ideoloji qərargah yaradılıb, mənəvi-psixoloji hazırlıq məntəqələri, ideoloji otaqlar və səhra ideoloji guşələri fəaliyyət göstərib. Şəxsi heyətin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədilə məşğələlər keçirilib.
Tibb təminatının yüksək səviyyədə təşkili üçün səhra tibb məntəqələri fəaliyyət göstərib. Təlimə cəlb edilmiş birləşmə və hissələr səhra şəraitində hərtərəfli şəraitlə təmin edilib. Tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
Komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulan bütün məqsədlərə tam nail olunub.
Xəbərlər şöbəsi