Tarixçilər bildirirlər ki, “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması “Kevliçer” kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay boyunca cərgə ilə düzülmüş qədim mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayonda “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir. Tədqiqatçılara görə, Kəlbəcər ərazisində ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu da 4 milyon ildən artıq bir tarix deməkdir. Buradakı mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Qarabağın qala qapısı adlanan Kəlbəcər ermənilərin Qarabağdan kənarda yerləşən Laçından sonra işğal etdikləri ikinci rayondur. Xalqımızın başına gətirilən digər soyqırımlara, işğal olunmuş ərazilərimiz kimi, Kəlbəcərin işğalına da ilk dəfə öz münasibətini bildirən, bu hadisəni kəskin pisləyən, günahkarların cəzalandırılmasını tələb edən ümummilli liderimiz Heydər Əliyev olub. Ulu öndərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1993-cü il aprelin 1-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin iclasında deyib ki, bu günlər cəbhə bölgələrindən, xüsusilə Kəlbəcərdən çox həyəcanlı xəbərlər alınır. Erməni ordusu Kəlbəcərə qarşı genişmiqyaslı hücuma keçərək bu rayonu işğal etməyə çalışır. Ulu öndərimiz Kəlbəcərə erməni hücumlarını kəskin pisləyib, ölkə rəhbərliyini rayonun müdafiəsinə çağırıb. Ancaq ozamankı hakimiyyət bu çağırışlara heç bir reaksiya verməyib və Azərbaycanın bu qədim rayonu taleyin ümidinə buraxılaraq ermənilərə təslim edilib.
Qeyd edək ki, ermənilər 1993-cü il mart ayının 27-dən aprelin 2-dək 50 min nəfərdən çox əhalisi və 1936 kvadratkilometr ərazisi olan Kəlbəcər rayonunu, o cümlədən 10 min nəfərə yaxın əhalisi olan Kəlbəcər şəhərini, dünya şöhrətli İstisu kurortunu, 130 kəndi işğal ediblər. Ümumiyyətlə, erməni təcavüzü nəticəsində ilkin hesablamalara görə, hazırkı qiymətlərlə, təxminən, 2 milyard 280 milyon manat dəyərində maddi ziyan dəyib. Kəlbəcərin işğalı zamanı 220 mülki vətəndaş qətlə yetirilib, 125 nəfər itkin düşüb və ya girov götürülüb, ümumiyyətlə, rayon üzrə 511 nəfər vətəndaş şəhid olub. Bunların 265 nəfəri hərbçilər, 246 nəfəri mülki vətəndaşlardır. İtkin düşmüş mülki vətəndaşlardan 6 nəfəri azyaşlı uşaqdır. Neçə-neçə qız-gəlinlərimiz düşmən əlinə keçməmək üçün özlərini qayadan atıb, çayda boğularaq intihar ediblər. Bir çox yaşayış məntəqələri vəhşiliklə dağıdılıb. Rayona məxsus 13 min yaşayış evi, 500 ictimai bina, 96 orta məktəb, 76 səhiyyə müəssisəsi, 62 körpü, 37852 hektar meşə sahəsi, 4 tarixi abidə, 172 mədəniyyət ocağı, 100 minlərlə baş mal-qara, qoyun-quzu və digər maddi-mədəni sərvətlər düşmən işğalında qalaraq talan edilib, yandırılıb və erməni xislətinə uyğun vəhşiliklə dağıdılıb.
Beynəlxalq ictimaiyyət Kəlbəcərin işğalına və ümumilikdə, Ermənistan silahlı qüvvələrinin, onların himayəçilərinin işğalçılıq hərəkətlərinə kəskin etirazını bildirib. Rayona erməni təcavüzü başlayandan dərhal sonra Azərbaycan bölgədə yaranmış vəziyyət haqqında BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məlumat verib. Azərbaycan dövləti Təhlükəsizlik Şurasından təcili iclas çağırmağı və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməyi tələb edib. Azərbaycanın bu tələbi qardaş Türkiyə tərəfindən müdafiə olunub. Məhz Kəlbəcərin işğalından sonra Türkiyə Cümhuriyyəti Ermənistanla sərhədini bağlayıb və bu gün erməni lobbisinin, həmçinin bəzi maraqlı dövlətlərin etirazlarına baxmayaraq, qardaş ölkə rəsmi İrəvanla diplomatik əlaqə qurmur. Sərhədlərin açılması məsələsinin isə yalnız Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən sonra mümkün olacağını qətiyyətlə bəyan edir.
Ermənilər, sözün həqiqi mənasında, barbar, vəhşi bir xalq olduqlarını Kəlbəcərin işğalı zamanı da bir daha göstəriblər. O vaxtlar çoxlu sayda tarixi-mədəni abidələr erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdılıb. Rayonun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Cəlal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçənli kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində, Başlıbel kəndində, Otaqlı kəndində məscidlər, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilib. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da bu gün işğal ərazisində qalmaqdadır.
Bununla bərabər onu da qeyd etmək yerinə düşərdi ki, 1992-1993-cü illərdə və 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Kəlbəcər uğrunda gedən döyüşlərdə hərbçilərimiz son nəfəslərinə qədər mənfur düşmənlə döyüşərək şəhid olublar. Neçə-neçə Vətən oğlu 1992-ci ildə Vəng, Narınclar, Yanşaq, Bağlıpəyə, 1994-cü ilin əvvəllərində isə Qanlıkənd, Çəpli, Murovdağ döyüşlərində qəhrəmanlıqla vuruşaraq torpaq uğrunda canlarını qurban veriblər. Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərdən 3 nəfəri ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb, 7 nəfərə isə “İgidliyə görə” medalı verilib.
Bu gün dünyanın bütün beynəlxalq təşkilatlarının Ermənistanı işğalçı dövlət kimi qəbul etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsinə ümidləri artırır. Reallıq budur ki, Azərbaycan işğal altında olan torpaqlarını qan tökülmədən, sülh, barış yolu ilə həll etməyə çalışır. Bunun əks variantı da istisna deyil. Ötən ilin aprel döyüşləri bütün dünyaya göstərdi ki, hazırkı status-kvo qəbuledilməzdir və Azərbaycan istənilən vaxt öz ərazi bütövlüyünü təmin etməyə qadirdir. Əlbəttə ki, xalqımızın da səbri sonsuz deyil. İctimaiyyət əmindir ki, problem sülh yolu ilə həllini tapmadığı zaman son sözü Cənubi Qafqazın ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri deyəcək. Bunun üçün isə xalqın qətiyyəti, Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi və dövlətimizin iqtisadi qüdrəti vardır.
Səbuhi Həsənov