26 Dekabr 2024, Cümə axşamı

AMEA Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda keçirilən elmi konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev 1918-ci ilin mart ayında ermənilər tərəfindən Bakı şəhəri ilə yanaşı, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda və digər bölgələrdə dinc əhaliyə qarşı törədilən tarixdə görünməmiş kütləvi qətl və qırğınlar barəsində ətraflı məlumat verib. Bildirib ki, mart qırğınları azərbaycanlılara qarşı ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biri olub. 1918-1920-ci illərdə xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış yerləri talan edilərək yandırılıb, dağıdılıb, eyni zamanda qadın, uşaq, qocalar vəhşicəsinə qətlə yetiriliblər. Bir çox dövlətlərin arxivlərində belə faciələrlə bağlı arxiv materialları var.

Tədbirdə Mir Möhsün Nəvvabın “1905-1906-cı illər erməni-müsəlman davası”, Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı dəyərli kitablarından və digər tədqiqat əsərlərindən bəhs olunaraq bildirilib ki, həmin kitablarda saxtakar ermənilərin təcavüzkar siyasətlərini təsdiq edən olduqca çox mühüm tarixi sənədlər işıqlandırılıb. Vurğulanıb ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımı aktlarının ifşa edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanla hüquqi-siyasi qiymət verilib.
Tədbirdə azərbaycanlılara qarşı müxtəlif mərhələlərdə törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə еtmək hər bir kəsin mühüm vəzifəsi olduğu vurğulanıb. Eyni zamanda qaniçən еrməni cəlladlarının Azərbaycan xalqına qarşı törətdikləri sоyqırımı faktlarının bütün dünya ictimaiyyətinə çatdırılmasında ziyalıların virtual məkanın – internetin geniş imkanlarından istifadə etməsinin zərurətindən danışılıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev “XX yüzilliyin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar”, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti (1918-1920-ci illər)”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi”, elmi işçi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə “Ermənilərin azərbaycanlılara qarşı ərazi iddialarında Naxçıvan”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyası və onun nəticələri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və Xocalı soyqırımına dair real faktları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slayd nümayiş etdirilib.
Qeyd edək ki, bölmənin Mərkəzi Elmi Kitabxanasında Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar kitab, qəzet, jurnallardan ibarət sərgi təşkil olunub.


AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR