Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan görüşü giriş sözü ilə xidmətin əməkdaşı Rüfanə Qarayeva açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova Naxçıvan Muxtar Respublikasının memarlıq abidələri barədə tədbir iştirakçılarına məlumat verib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçıvanın ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür. Naxçıvan torpağı antik, orta əsrlər və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmləri, daş qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrlə, digər tarixi abidələrlə zəngindir. Bu abidələr əcdadlarımızın təsərrüfat, ictimai və mənəvi həyatını, adət-ənənələrini və incəsənətini öyrənmək üçün qiymətli mənbədir.
Qeyd edilib ki, muxtar respublika ərazisindəki Qazma, Əshabi-Kəhf və Kilit mağaralarında, Batabat yaylağında, Naxçıvançay və Əlincəçay vadilərində, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələr Daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır. Naxçıvanın Daş dövrü abidələri içərisində ən məşhuru Əshabi-Kəhfdir. Eradan əvvəl III minilliyə aid edilən abidə bu gün yüzlərlə insanın ziyarət etdiyi müqəddəs məkana çevrilib. Qədim tariximizin yadigarı olan, xalqımızın bir sıra inamlarını özündə yaşadan abidə barədə “Qurani-Kərim”də ayrıca surənin olması onun tarixinin qədimliyini və müqəddəs məkan olduğunu bir daha təsdiqləyir.
Diqqətə çatdırılıb ki, Naxçıvanın ən qədim abidələrindən biri də Gəmiqaya qayaüstü rəsmləridir. Eradan əvvəl IV-I minilliyə aid olan bu abidə Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini özündə yaşadır. Qayaüstü rəsmlərlə və simvolik işarələrlə zəngin olan Gəmiqaya abidəsi əcdadlarımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli təsvirlər qalereyasıdır. Naxçıvan qədim və orta memarlıq abidələri ilə də zəngindir. XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət üslubu yaranıb. Həmin üslub sonralar geniş yayılaraq “Naxçıvan memarlıq məktəbi” adı ilə tarixə düşüb. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar bəxş edib.
Sonra tədbir iştirakçılarının Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilib.
Nail Əsgərov