26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən tədbiri şuranın sədri Sucaxan Novruzov açıb.
Bildirilib ki, 1918-ci ilin mart qırğınları mənfur ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından biridir. 31 mart soyqırımı isə milli faciə tariximizin heç zaman unudulmayacaq səhifəsini təşkil edir. Xalqımıza qarşı soyqırımı törədilməsində əsas məqsəd torpaqlarımızın işğalı və “böyük Ermənistan” dövlətinin yaradılması idi. Ermənilər XIX əsrin sonlarından başlayaraq Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya, etnik təmizləmə siyasəti yürüdərək 1905-1907, 1918-1920-ci illərdə Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda dəhşətli qırğınlar törədiblər. 1918-1920-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 73 min 727 nəfər azərbaycanlı qətlə yetirilib. Lakin yerli özünümüdafiə dəstələri erməni işğalçılarına qarşı əzmkarlıq və mətanətlə mübarizə aparıblar. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən mənfur ermənilər Azərbaycanın ərazi bütövlüyünə qarşı işğalçılıq müharibəsinə başlayaraq 20 faiz torpaqlarımızı işğal ediblər.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı aktı ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edən Suca­xan Novruzov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından mühüm tarixi sənəddir. Diqqətə çatdırılıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan məqsədyönlü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımızın başına belə faciələrin gətirilməsi hamımızı düşündürməlidir. Xalqımız mənfur düşmənin məkrli əməllərinə qarşı ayıq-sayıq olmalıdır. Qeyd olunub ki, ermənilər törətdikləri cinayətlərə görə tarix qarşısında cavab verəcəklər. Dövlət başçısının sözləri ilə desək, biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini istəyirik.
Tədbirə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov yekun vurub.

Xəbərlər şöbəsi

* * *

Dünən Naxçıvan Tibb Kollecində də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru Sona Məmmədova tədbiri giriş sözü ilə açaraq 1918-ci ilin mart soyqırımından bəhs edib, o dövrdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb.
Sonra kollecin müəllimləri Rəna Vəliyeva və Xanım Kazımova 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyi, on minlərlə insanın itkin düşdüyü barədə faktlarla ətraflı məlumat veriblər. Vurğulanıb ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi və bu hadisələrə siyasi-hüquqi qiymət verilməsi soyqırımı haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Əsası ulu öndərimiz tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dünya ictimaiyyəti xalqımıza qarşı törədilən bu soyqırımı aktı ilə bağlı həqiqətlərlə yaxından tanış olub.
Sonda tədbir iştirakçıları Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sənədli filmə baxıblar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR