Culfa rayonunun Yaycı kəndindən reportaj
Culfa rayonunun Yaycı kəndi Naxçıvan Muxtar Respublikasının ən böyük yaşayış məntəqələrindən biridir. Arazın sahilində Qızılqaya dağının ətəyində yerləşən bu kənd qədim tarixə malikdir. Doqquzuncu əsrdə yaradıldığı ehtimal olunan Yaycıda bu gün 7 minə yaxın sakin yaşayır. Yaycı həm də 1918-ci ildə ermənilərin hücumları vaxtı ən çox qırğınlara məruz qalan yurd yerlərindən biridir. Bunu tarixi faktlar və canlı şahidlərin söylədikləri də təsdiq edir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bir vaxtlar təhrif edilən tarixi həqiqətlər yenidən araşdırılmağa başlanıldı, ötən əsrin əvvəllərində başımıza gətirilən müsibətlər barədə tarixi faktlar ortaya çıxarıldı. 1918-ci ildə erməni cəlladların törətdiyi soyqırımı aktı barədə də tarixi mənbələrdə qeyd edilən dəhşətli hadisələr barədə ictimaiyyət məlumatlandırıldı, tariximiz yenidən yazıldı. Bu gün 1918-ci ildə baş vermiş hadisələr haqqında təhsil ocaqlarında yeniyetmə və gənclərə ətraflı məlumat verilir, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi diqqətdə saxlanılır, tarixi yaddaşın qorunması üçün tədbirlər həyata keçirilir.
Həmin il daşnaklar muxtar respublikanın bir sıra bölgələrində olduğu kimi, Culfa rayonunun Yaycı kəndində də kütləvi qətllər törədiblər. Məhz buna görə Yaycıda böyükdən-kiçiyə hamı soyqırımı qurbanları uyuyan ərazidə abidə ucaldılması arzusunda olub. 2007-ci ildə yaycılıların arzu və istəyi gerçəkləşdirilib. Kənddə soyqırımı qurbanlarının xatirəsinə abidə inşa olunub, ətrafında park salınıb. İndi bura kənd sakinlərinin, xüsusilə də gənclərin müqəddəs and yerinə çevrilib. Kəndin meydanında ucaldılmış həmin abidə bu gün hər bir yaycılının və bura gələn qonaqların ziyarət etdiyi yerlərdən biridir.
Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində biz də həmin yaşayış məntəqəsindəyik. Abidəni ziyarət etdikdən sonra kənd camaatı ilə görüşüb onlarla söhbət edirik.
Yaycı kəndində doğulub boya-başa çatan ziyalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov doğma yurd yerindən bəhs edən bir neçə kitabın müəllifidir. Onlar içərisində hər bir yaycılının stolüstü kitabına çevrilmiş “Yaycı soyqırımı” kitabı da var. Müəllifin uzun illər apardığı araşdırmalar, həmin dəhşətli faciənin şahidləri ilə söhbətlər əsasında qələmə aldığı kitabını həyəcansız oxumaq mümkün deyil. Yaycıda görüşüb həmsöhbət olduğum Fərəc Fərəcov deyir ki, tarix kitabımızda qara hərflərlə yazılmış bir neçə səhifə var. Azərbaycan xalqının məğrurluğunu, qəhrəmanlığını, düşmən qabağında əyilməzliyini də göstərən bu səhifələr son illərdə daha çox vərəqlənir. 70 il sovet dönəmində bu səhifələrdə olan həqiqətlər xalqdan gizli saxlanılıb. Lakin ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti açıqlanıb. Bununla da təhrif edilmiş tariximizin bugünkü və gələcək nəsillərə olduğu kimi çatdırılması imkanı əldə etmişik. Xalqımızın başına gətirilən faciələr barədə saatlarla, günlərlə danışmaq olar. Bu faciələrdən birini 1918-ci ildə qaniçən Andranikin quldur dəstəsi Culfa rayonunun Yaycı kəndinin sakinlərinə yaşadıb. Həmin dövrdə Yaycının 2500-dən artıq sakini qılıncdan keçirilib.
Yaycı kəndinin ən yaşlı sakinlərindən biri Abdulla Səfərovdur. O, 1923-cü ildə anadan olub. Atasından, qonşuları Hacı İbrahimdən, Hidayət Salahovdan və digər o günləri yaşamış yaycılılardan eşitdiyi faciəni danışarkən haldan-hala düşür, gözləri dolur. Həyəcansız dinləmək mümkün olmayan bu söhbətlərin fonunda həmin hadisələri təsəvvürümdə canlandırmağa çalışıram.
Abdulla dayının sözlərinə görə, “min evli” adlandırılan bu kənddə 1918-ci ildə elə bir ailə olmayıb ki, faciənin qurbanına çevrilməsin. Hər ailənin bir, iki və daha çox üzvü erməni qaniçənlərindən canlarını qurtara bilməyiblər. Onlarla ailə bütün üzvləri ilə birlikdə evlərində qətlə yetirilib.
1918-ci ilin iyun ayında erməni faşistləri tərəfindən törədilən soyqırımı kəndin əhalisini yarıbayarı azaldıb. İtkin düşənlər də olub. Kənddə 7 il matəm saxlayıblar. Xeyir mərasimləri, şənliklər keçirilməyib.
– Yaycılılar çox qorxmaz insanlardır. Düşmən qabağından qaçmağı özlərinə sığışdırmayan yaycılılar başqalarına da özləri kimi inanırlar. Elə başlarına gələnlərə də bu inam səbəb olub, – deyə Abdulla Səfərov gözlərini uzaqlara zilləyir, bir qədər sonra söhbətinə davam edir:
– Ordubad rayonunun qonşu Aza və Darkəndində yaşayan ermənilərin Andranikin planlarından xəbərləri varmış. Həmin ermənilər yaycılıları inandırmağa çalışıblar ki, Andranikin dəstəsi buradan səssiz-səmirsiz keçəcək, sizə heç bir xətər toxundurmayacaq. Və bu yalanla kənd adamlarını aldada biliblər.
Andranik Ozanyan 5 min nəfərlik qoşunla (onlardan 4 mini piyada, mini isə süvari dəstə olub) Naxçıvan ərazilərinə daxil olub və ilk qəfil zərbəsini Naxçıvanın iri yaşayış məntəqələrindən biri olan Yaycıya vurub.
Ermənilər kəndə günorta vaxtı hücum ediblər. Bu, o vaxt idi ki, kəndin kişiləri çöl işlərinə gedibmişlər. Kimisi otunu biçir, kimisi əkinlərini suvarır, kimisi digər kənd təsərrüfatı işləri görürmüş. Kənddə qalanlar yalnız qadınlar, uşaqlar, qocalar və xəstələr idi. Azğınlaşmış quldur dəstələri bir günün içində kəndi yerlə yeksan edib. Evlər qarət olunaraq yandırılıb, qocalar, qadınlar, uşaq və körpələr qılıncdan keçirilib. Yaycılıların bəziləri isə Araz çayından o tərəfə keçmək istəyərkən həlak olub.
Abdulla kişi həmkəndlisi, dünyasını dəyişmiş Zəhra İsmayılovanın dediklərini xatırlayır: – O Andranik məlun Zəhragilin də ailəsinə sağalmaz yaralar vurub. Zəhranın anasıgil altı bacı olublar: Fatma, Leyla, Züleyxa, Səmənnaz, Zəhra və anası Həlimə. Onlardan salamat qalanı təkcə Həlimə olub. Xalalarının beşini də ermənilər uşaqları, körpələri ilə birlikdə qəddarlıqla öldürüblər. Züleyxanın təkcə bir övladı təsadüfən sağ qalıb. Adı Abbas idi. Erməni qulduru onu qamçı ilə vurub anasının yanına sərib. Hər ikisini ölmüş biliblər. Lakin xoşbəxtlikdən uşaq sağ qalıb.
Yaycı kənd sakinləri Məmməd Məmmədov, Cəfər Əliyev, Müseyib İsmayılov, Səkinə Quliyeva və başqalarının söhbətləri hər birimizi dəhşətə gətirir. Qəddar Andranik o vaxt Naxçıvanın ən iri kəndlərindən biri olan Yaycını dağıdıb viran qoyub. Yaycının indiki sakinləri öz doğmalarının, əzizlərinin başına gətirilmiş o qanlı qırğını heç vaxt unutmurlar. O müdhiş faciədən zaman keçsə də, onun odu-alovu ürəklərdə sönməyib, yaycılıları düşmənə qarşı daim sərvaxt olmağa səfərbər edib... Bu gün yaycılılar o vaxt baş verənlər barədə olan məlumatları uşaqlara da öyrədirlər. Yaycıdan kənarda yaşayanlar bu soyqırımı haqqında yaşadıqları ünvanlarda danışırlar.
* * *
Yaycı kənd 2 nömrəli tam orta məktəbin direktoru Ramiz Vəliyev deyir ki, 1941-1945-ci illər müharibəsi də yaycılılar üçün itkisiz ötüşməyib. Bu müharibədə 100-dən çox yaycılı evinə qayıtmayıb. Kənddə onların da şərəfinə abidə ucaldılıb.
1988-ci il hadisələri zamanı yaycılıların vətənpərvərliyi bir daha özünü büruzə verib. Kənd sakinləri, o cümlədən cavanlar çox böyük mütəşəkkilliklə Naxçıvan Muxtar Respublikasının sərhədlərini azğınlaşmış ermənilərdən qoruyublar. O vaxtlar Yaycının könüllü dəstələri Sədərək, Şahbuz dağlarında, Ordubad ətrafında ermənilərlə ölüm-dirim savaşında əsl qəhrəmanlıqlar göstəriblər. Ümumiyyətlə, Yaycı Dağlıq Qarabağda və muxtar respublikanın torpaqlarının müdafiəsində 6 şəhid verib. Azadlığımız və Vətəni yağı düşməndən qoruması naminə canlarını qurban verən həmin igidlərin adları yaycılıların, həmçinin bütün xalqımızın qəlbində əbədiləşib.
* * *
Yaycıda iki məktəb fəaliyyət göstərir. Həmin məktəblərə də baş çəkirik. Hər iki təhsil ocağında düzəldilmiş sərgilər, burada soyqırımla bağlı keçirilən tədbirlər diqqətimizi cəlb edir. Yaycı kənd 2 nömrəli tam orta məktəbində Fərəc Fərəcovun “Yaycı soyqırımı” kitabının müzakirəsi keçirilirdi. Kitabda ermənilərin məkrli niyyətləri açılır, oxucu I Pyotrun bədnam vəsiyyətnaməsi, zaman-zaman ermənilərin Azərbaycan torpaqlarına basqınları, dəhşətli qırğınları ilə tanış olur. Yaycı soyqırımı öz dəhşətləri ilə həmin soyqırımlarla müqayisə edilir.
Tədbirdən sonra məktəbliləri kənddəki hər iki abidəni ziyarətə gətirdilər. Məktəblilər soyqırımı mövzusunda yazılmış şeirləri bədii qiraət etdilər.
Yaycıdan ayrılarkən düşünürəm: Bu gün Azərbaycan dövlətinin apardığı sülhsevər siyasət nəticəsində dünya ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələrdən artıq xəbərdardır. Dünyanın azadlıqsevər millətləri səsimizə səs verməkdədir. Bu gün hər kəs əmindir ki, istər sülh, istərsə də hərbi yolla olsun, yaxın vaxtlarda erməni tapdağı altında olan torpaqlarımıza qovuşacağıq. Vətən uğrunda şəhid olanların ruhu məhz həmin vaxt rahatlıq tapacaqdır.
Muxtar Məmmədov