Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2017-ci ilin mart ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 mart tarixli qərarı ilə Ordubad rayonunun Məzrə kənd feldşer-mama məntəqəsinin Üstüpü kənd həkim ambulatoriyasına birləşdirilməsi, Şərur rayonunun Ələkli kənd həkim ambulatoriyasının bazasında Ələkli kənd feldşer-mama məntəqəsinin və Culfa rayonunun Dizə kənd həkim ambulatoriyasının bazasında Dizə kənd feldşer-mama məntəqəsi yaradılmış və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 mart tarixli qərarı ilə “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə” və “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilmişdir.
Həmin qərarla təsdiq edilmiş əsasnamələrə əsasən sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A1”, “A” və “B” kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.
Eyni zamanda ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 mart tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi” təsdiq edilmiş, “Culfa Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli 15 nömrəli sərəncamının təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 mart tarixli qərarı təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 mart tarixli sərəncamı ilə 2017-ci il üçün tikinti-quraşdırma işlərinin vahid smeta qiymətləri təsdiq edilmişdir.
Qəbul edilmiş normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.