26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində bu məsələlərlə bağlı keçirilən tədbiri komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, sosial-iqtisadi problemlərin həllində, dinamik inkişafın təmin edilməsində torpaq münasibətlərinin tənzimlənməsi mühüm rol oynayır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmanla “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilib.

Qeyd olunub ki, fərmana əsasən 2020-ci ilədək muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcəkdir. Dövlət orqanları tərəfindən aparılan sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadə vəziyyətinin müəyyən olunması məqsədilə aparılan monitorinqlərin nəticələri barədə məlumatlar həmin sistemə daxil ediləcək. Sistemdə muxtar respublikanın bütün yaşayış məntəqələri üzrə daşınmaz əmlak obyektləri barədə məlumatlar, torpağın sahəsi və ölçüləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, təyinatı, üzərindəki tikilini xarakterizə edən göstəricilər əks olunacaq. Bundan əlavə, Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi bağların yerləşdiyi torpaqların və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) aradan qaldırılacaq, kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaqdır.
Torpaq bazarının Torpaqların elektron kadastr uçotu informasiya sistemi vasitəsilə tənzimlənməsi icarəyə götürülmüş, lakin istifadə olunmayan torpaqların aşkarlanmasına və istifadəyə verilməsinə şərait yaradacaq. Torpaqlardan istifadədə mövcud uyğunsuzluqlar şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılacaq. Sistemə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunacaq, habelə qanunvericiliyin tələbinə uyğun olaraq hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsi təmin ediləcək.
Diqqətə çatdırılıb ki, 23 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması məqsədilə işlərə başlanılıb. Proqram təminatının xüsusiyyətləri, sistem üçün tələb olunan avadanlıqlar müəyyənləşdirilib, sistemə daxil ediləcək məlumatların strukturu öyrənilib.
Vurğulanıb ki, Şərur rayonunun Mahmudkənd, Vayxır, Tumaslı və Diyadin, Babək rayonunun Babək qəsəbə, Məzrə, Didivar, Nəzərabad, Qahab, Naxışnərgiz, Xəlilli, Aşağı Uzunoba, Yuxarı Uzunoba, Vayxır, Xal-xal, Güznüt, Çeşməbasar, Aşağı Buzqov, Payız, Sirab, Gülşənabad kəndlərində həyətyanı torpaq sahələrinin elektron taxometr vasitəsilə planaalma işləri başa çatdırılıb. Hazırda yeni texnologiyalardan, müasir çöl-ölçmə cihaz və avadanlıqlarından və aerokosmik çəkiliş materiallarından istifadə olunmaqla Naxçıvan şəhərinin və Şərur rayonunun Yengicə kəndinin ərazisində mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinin ölçüləri, sərhədləri, konfiqurasiyası dəqiqləşdirilir, torpaqların növləri üzrə kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişikliklər müəyyən edilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Nəcəfalı Nəcəfalıyevin, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktor müavini Qeysər Əliyevin, institutun Yerquruluşu şöbəsinin rəisi Zülfüqar Bayramovun çıxışları dinlənilib, qarşıda duran vəzifələr ­müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə tədbirə yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR