Erməni qəsbkarları tarixən Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldıraraq zaman-zaman xalqımıza qarşı amansız qətliamlar, soyqırımı törədiblər. 1918-ci ilin mart ayında törədilən soyqırımı aktı da həmin qətliamlar arasında ən dəhşətlilərindən biridir.
Bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib. Rektor bildirib ki, 1918-ci ilin mart qırğınları da ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Saleh Məhərrəmov gəncliyimizi tariximizə qanla yazılmış bu hadisələri daima xatırlamağa və həqiqətlərin dünya xalqlarına çatdırılması istiqamətində səyləri əsirgəməməyə səsləyib.
Lektoriyada Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev çıxış edərək ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən söz açıb. Soyqırımın tarixinə nəzər salan Abdulla Mustafayev bildirib ki, 1918-ci ilin mart hadisələrində ermənilər üç gün ərzində təkcə paytaxt Bakı şəhərində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə minlərlə azərbaycanlı qəddarlıqla öldürülüb, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə yeksan edilib. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə də minlərlə soydaşımız amansızlıqla öldürülüb. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Qeyd olunub ki, ermənilərin tarixboyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda tam əksini tapıb və bu sənəddə 31 mart soyqırımına siyasi-hüquqi qiymət verilib.
Naxçıvan Müəllimlər İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Konfransı institutun rektoru, professor Oruc Həsənli giriş sözü ilə açaraq qeyd edib ki, tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədilib. 1918-ci ilin mart soyqırımı xalqımız üçün ən faciəli səhifələrdən biri olub. Terrorçu daşnak dəstələri təkcə Bakıda deyil, eyni zamanda Şamaxıda, Qubada, Naxçıvanda, Dərələyəzdə, Zəngəzurda və digər bölgələrdə xalqımıza qarşı qəddarcasına soyqırımı törədiblər.
Bildirilib ki, istər XX əsrin əvvəllərində, istərsə də sonunda ermənilər öz sərsəm “dənizdən-dənizə” xülyalarını həyata keçirmək üçün hər cür mənfur yola əl atıblar. Ötən əsrin sonunda həyata keçirilən Xocalı soyqırımı ermənilərin iç üzünü bir daha dünyaya göstərib. Bu gün bir sıra dünya dövlətləri erməni vəhşiliyinin nəticəsi olan Xocalı soyqırımını tanıyırlar.
İnstitutun Humanitar və təsviri incəsənət kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov çıxışında dəfələrlə xalqımıza qarşı həyata keçirilən bu soyqırımların səbəblərindən ətraflı danışıb. Vurğulayıb ki, 1905-1907-ci illərdə törədilən qanlı cinayətlərin davamı olan 1918-ci il mart soyqırımı bəşər tarixində ən qanlı və misligörünməmiş faciələrdən biri kimi qalıb. Erməni daşnakları 1918-ci il mart ayının 30-31-i və aprelin 1-də paytaxt Bakı şəhəri də daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində dəhşətli soyqırımı aktları törədiblər. Üç gün ərzində Bakı Kommunası, xüsusilə onun rəhbəri S.Şaumyan tərəfindən müdafiə edilən və istiqamətləndirilən ermənilər Bakı şəhərində 15 mindən çox azərbaycanlını qətlə yetirib. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Soyqırımı həyata keçirilərkən milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər abidələr də dağıdılıb, yaşayış məntəqələri xarabalığa çevrilib. 1918-ci ilin mart, aprel və may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Göyçayda, Salyanda və Lənkəranda kütləvi qırğınlar törədib, 50 mindən çox soydaşımızı qətlə yetiriblər.
Qeyd olunub ki, qırğınlar İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda və Naxçıvanda daha amansız şəkildə törədilib. 1918-1920-ci illərdə ermənilər Qarabağda 157, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Şamaxıda 58, Qubada 122, Göyçədə 22, Dərələyəzdə 74, Vedibasarda 118 kəndi viran qoyub, əhaliyə qanlı divan tutublar. Həmin illərdə Azərbaycanda ermənilər tərəfindən minlərlə insan qətlə yetirilib. Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təkzibolunmaz faktlarla təsdiq edir ki, rus ordusundan aldıqları döyüş sursatı ilə silahlanmış erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli qırğınlar törədiblər. Naxçıvan ərazisi hərbi anda xəyanət etdiyinə görə türk ordusundan qovulan Andranik Ozanyanın və onun quldur dəstələrinin hücumlarına məruz qalıb. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar edib, əhaliyə divan tutub, qadınları, uşaqları, qocaları belə, öldürüblər.
Bildirilib ki, sovet hakimiyyəti illərində ermənilərin törətdikləri soyqırımlar xalqa zorla unutdurulub, həmin dövrdə baş verən faciələrin obyektiv tədqiqinə yasaq qoyulub, faciənin əsl mahiyyəti təhrif olunub, xalqımızın tarixi saxtalaşdırılıb. Ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı əsrlərboyu apardığı soyqırımı siyasəti dərindən təhlil edilib və ona siyasi-hüquqi qiymət verilib. Həmin fərmana uyğun olaraq, hər il ölkəmizdə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur. Azərbaycanın milli məsələlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün müstəqil Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində dünya ictimaiyyəti ermənilərin törətdiyi soyqırımı aktları barədə məlumatlandırılır, həmin cinayətlərə siyasi-hüquqi qiymət verilir.
Elmi-praktik konfransa institutun rektoru, professor Oruc Həsənli yekun vurub.
Xəbərlər şöbəsi