26 Dekabr 2024, Cümə axşamı

“Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ümummilli lider Heydər Əliyevin bu müdrik fikirləri hər bir Azərbaycan gəncinin fəaliyyət istiqamətini müəyyənləşdirir. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi rəhbərimiz sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamışdır.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərin potensialından səmərəli istifadə olunur, onların sosial müdafiəsinin təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilmişdir. Son illər gənclərin yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı qəbul olunmuş, gənc istedadların “Qızıl kitabı” təsis edilmişdir. Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmış, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, Fondun fəaliyyəti təmin olunmuşdur.

Gənclər Fondu ötən 5 ildə fəaliyyətini muxtar respublikada tələbə-gənclərlə iş, onların asudə vaxtının səmərəli təşkil edilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, gənc­lərə yönəlik layihələrin reallaşdırılması, gənclər arasında müsabiqələrin, intellektual oyunların təşkil olunması, fəal gənclərlə görüşlərin keçirilməsi və digər istiqamətlərdə qurmuşdur.
Muxtar respublikamızda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Ötən dövrdə Gənclər Fondu aidiyyəti qurumlarla birlikdə muxtar respublikamızın müxtəlif bölgələrində yerləşən hərbi hissələrdə gənclərin əsgər və zabitlərlə görüşlərini keçirmiş, müxtəlif incəsənət kollektivlərinin konsert proqramları təşkil olunmuşdur. Xalqımızın qəhrəmanlığı və azadlığı uğrunda mübarizənin ön plana çəkildiyi bədii və sənədli filmlərin gənclərə nümayiş olunması, vətənpərvərlik ruhlu teatr tamaşalarının göstərilməsi mühüm əhəmiyyətə malikdir. Ötən müddətdə hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində keçirilən tədbirlərdə 6 mindən çox gənc iştirak etmişdir.
Muxtar respublika əhalisinin böyük bir hissəsini təşkil edən gənclərin əsas qismi ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbə-gənclərdən ibarətdir. Bu amil nəzərə alınaraq tələbələrlə iş Gənclər Fondunun keçirdiyi bütün layihə və tədbirlərdə əsas götürülmüş, tələbələr arasında müxtəlif idman yarışları, mədəni tədbirlər, bilik yarışları, muzey ekskursiyaları təşkil olunmuşdur. Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və Novruz bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında, yaradıcılıq sahəsində, təhsildə, dövlət qulluğunda, idman yarışlarında, həqiqi hərbi xidmətdə və digər sahələrdə fərqlənən 4 mindən çox gənclə görüşlər keçirilmiş, 600-dən artıq fəal gənc mükafatlandırılmışdır.
Hesabat dövründə Gənclər Fondu muxtar respublikamızda yaşayan istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq gənclər arasında yaradıcılıq müsabiqələrinin keçirilməsini də daim diqqət mərkəzində saxlamışdır. Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, tam orta məktəblərin şagirdləri, məhdud fiziki imkanlı gənclər arasında müxtəlif mövzularda keçirilən müsabiqələrdə 5 minə yaxın gənc iştirak etmiş, 400 gənc isə qalib seçilərək mükafatlara layiq görülmüşdür. Gənclərin təklif və təşəbbüsləri ilə hazırlanmış layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirilmişdir. Belə ki, 2 mindən artıq gəncin iştirak etdiyi “Naxçıvanı kəşf et”, “Unipsixoloji forum”, “Gənclərin aktivliyinə dəstək”, “Ekoloji mədəniyyət və ekoturizm”, “Mən Naxçıvanı tanıyıram”, “Zəka oyunları festivalı” və digər bir çox layihələr məhz gənclərin bilavasitə təşəbbüsü ilə reallaşdırılmışdır.
Ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında inşa-yazı, rəsm müsabiqələrinin, intellektual oyunların keçirilməsi, onların muzeylərə, tarixi abidələrə səfərlərinin, Ağbulaq İstirahət Mərkəzində həftəsonu istirahətlərinin və yay məktəblərinin təşkil olunması, gənclərin elmi potensialının formalaşdırılması, eləcə də onların mütaliə vərdişlərinin və dünyagörüşünün artırılması sahəsində bir sıra layihələr həyata keçirilmişdir. “Naxçıvan: doğma diyar”,“Ümummilli lider Heydər Əliyev və Naxçıvan”,“Naxçıvan: müstəqillik illərində”,“Torpaq, uğrunda ölən varsa Vətəndir” adlı inşa-yazı müsabiqələri, “Hamımızın bir Vətəni var – bu, Azərbaycandır” silsiləsindən tam orta məktəblərin şagirdləri arasında “Xəmsə” intellektual oyunu, vətənpərvərlik mövzusunda şeir müsabiqələri, “Mənim yaradıcılığım” uşaq sərgisi, gənc alimlərin nümunəvi dərsləri və digər tədbirlər muxtar respublikanın tam orta məktəblərində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlara vətənpərvərlik hisslərinin aşılanması, onların psixoloji vəziyyətinin yüksəldilməsi və bu qrupdan olan istedadlı uşaqların üzə çıxarılması məqsədilə onlar arasında da müxtəlif vaxtlarda yazı, şeir, mahnı və rəsm müsabiqələri keçirilmişdir. Keçirilən tədbirlər bu kateqoriyadan olan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiya edilməsində müəyyən rol oynamışdır. Heydər Əliyev adına Hərbi Liseydə təhsil alan kursantlarla da mütəmadi görüşlər keçirilmiş, onlar arasında şeir, inşa-yazı müsabiqələri, intellektual oyunlar təşkil olunmuşdur.
Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə ingilis, rus və fransız dilləri üzrə hazırlıq kursları keçirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dilin tədrisi üçün lazım olan avadanlıqlarla təmin edilmiş linqafon kabinələrində dövlət vəsaiti hesabına həyata keçirilən kurslarda müxtəlif sahələrdə təhsil alan və ya işləyən gənclərin iştirakı, xarici dilləri mənimsəməsi üçün hər cür şərait yaradılıb. 2014-cü ildən ötən müddət ərzində 323 gənc kurslarda iştirak etmiş, iştirakçılardan 96-sı sertifikasiya imtahanlarında müvəffəqiyyət qazanaraq sertifikatla təmin olunmuşdur. Bundan başqa, 22 muzey bələdçisi xarici dil kurslarına cəlb olunmuşdur. Hazırda kurslarda qeydiyyatdan keçmiş gənclərin sayı 1066 nəfərdir.
Gənclər Mərkəzində “Xəmsə” intellektual oyununun keçirilməsi üçün yaradılmış intellektual oyun zalından və istifadəyə verilmiş avadanlıqlardan səmərəli istifadə edilərək yeniyetmə və gənclərin iştirakı ilə mütəmadi olaraq “Nuh yurdu”, “Nə? Harda? Nə zaman?”, “Breyn Ring” intellektual oyunları keçirilmişdir. Gənclərin daha çox rəğbətini qazanmış “Nuh yurdu” intellektual oyunu üzrə muxtar respublikanın bütün rayon mərkəzlərində yeniyetmə və gənclər arasında birinciliklər keçirilmiş, Gənclər Mərkəzində isə muxtar respublika və zona çem­pionat­ları təşkil olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, yalnız musiqi mövzusunu əhatə edən “Lira” musiqili-intellektual oyunu və qeyri-hüquq fənlərində təhsil alan gənc­lər arasında hüquq fənləri üzrə “Nuh yurdu” intellektual oyunu da böyük maraq doğurmuşdur. Hesabat dövründə keçirilən intellektual oyunlarda muxtar respublikanın ali, orta ixtisas və tam orta məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə təhsil alan, ümumilikdə, 10 mindən artıq yeniyetmə və gənc iştirak etmişdir.
Gənclər Fondu tərəfindən aidiyyəti təşkilatlarla birlikdə həyata keçirilən tədbirlərdən biri də gənclərin asudə vaxtının səmərəli təşkili və həftəsonu istirahətlərinin, yay məktəblərinin keçirilməsindən ibarət olmuşdur. 2013-cü ildən başlayaraq muxtar respublikamızda kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaq İstirahət Mərkəzində gənclərin yay məktəbləri təşkil edilir. Ötən müddət ərzində Ağbulaq İstirahət Mərkəzində təşkil olunan həftəsonu istirahətləri və yay məktəblərində 2 mindən artıq gəncin istirahəti təmin olunmuşdur ki, onların da 200-ə qədəri sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin uşaqları olmuşdur.
Muxtar respublikamızın turizm potensialının təbliği və tanıdılması qarşıda duran əsas vəzifələrdəndir. 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr bu sahədə yeni işlərin görülməsi üçün geniş şərait yaratmışdır. “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Naxçıvanqalaya, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya, Ordubad rayonundakı muzey və tarixi abidələrə, Gülüstan türbəsinə, Qarabağlar türbəsinə və digər yerlərə səfərləri məhz bu məqsədə – muxtar respublikamızın tarixinin, eləcə də turizm potensialının gənclərə tanıdılması və onların iştirakı ilə təbliği məqsədinə xidmət etmişdir.
Gənclər arasında muxtar respublikanın turizm potensialının tanıdılması məqsədilə bilik olimpiadası, “Naxçıvanın turizm imkanları” mövzusunda fotomüsabiqənin keçirilməsi muxtar respublikanın turizm imkanlarının təbliği, turizm məkanlarının, tarixi abidələrinin tanıdılması baxımından əhəmiyyətli olmuş, bu istiqamətdə keçirilən tədbirlərdə mindən artıq gənc iştirak etmişdir.
Müasir dövrdə yeni texnologiyaların tətbiqi və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdikcə genişlənməsi gənclər qarşısında yeni fəaliyyət sahəsi açmışdır. Muxtar respublika gəncləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən, əsasən, təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar. Gənclər Fondu tərəfindən muxtar respublikanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı ilə bağlı hazırlanmış videoçarxların, fotoların və digər materialların sosial şəbəkələrdə yerləşdirilməsi də diqqətdə saxlanılmış, fondun sosial şəbəkə hesablarında (facebook, instagram, twitter, youtube) muxtar respublikamızla bağlı müxtəlif materialların yerləşdirilməsi təmin olunmuşdur. Bu günə qədər Gənclər Fondunun sosial şəbəkə hesablarında 9268 foto, 594 video, 357 məlumat olmaqla, cəmi 10 mindən çox material paylaşılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dünyada Azərbaycan kimi ikinci bir dövlət göstərmək çətindir ki, müharibə şə­raitində ola-ola, Naxçıvan kimi ikinci bir muxtar qurum tapmaq çətindir ki, blokada şəraitində yaşaya-yaşaya gəncliyin problemləri ilə bu qədər yaxından məşğul olsun”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edərək öz işini qarşıya qoyulan tələblər səviyyəsində quracaq, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual biliklərinin artırılması, layiqli vətəndaş kimi yetişmələri üçün zəruri tədbirləri davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Gənclər Fondu

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR