Bu il mart ayının 18-dən başlayan Novruz şənlikləri yurdumuzun hər yerində olduğu kimi, Naxçıvanda da böyük coşqu ilə keçirilib. Baharın gəlişini, təbiətin oyanışını bayram edən muxtar respublika sakinlərinin bu gözəl yaz günlərindəki sevincinə tamaşa etməyə dəyərdi. Qədim diyarımıza gəlmiş turistlər də dəstə-dəstə Naxçıvanqalaya və şəhərin digər gəzməli-görməli yerlərinə axın ediblər.
Novruzun ilk günlərində olduğu kimi bayram ab-havası martın 27-dək davam edib. Havaların gözəl keçməsi də adamları sevindirirdi. Bu il nisbətən uzun və sərt keçən qışdan sonra uşaqlı-böyüklü hər kəs şəhərdə gəzib alış-veriş etməyə, ailəlikcə istirahət edib əylənməyə daha çox maraq göstərirdi. Bayram günlərində muxtar respublikaya gəlmiş çox sayda turistlər də öz asudə vaxtlarını mənalı keçirmək üçün yaxşı fürsət qazanmışdılar. Əksəriyyəti qonşu ölkələrdən gələn turistlər Naxçıvandakı gəzməli-görməli yerlərlə tanış olur, Naxçıvanqalada keçirilən bayram şənliyinə qatılır, buradakı zəngin iaşə xidmətlərindən istifadə edirdilər.
Naxçıvanqalada tanış olduğumuz iranlı turist Həsən Həmidi öz təəssüratlarını bizimlə bölüşərək dedi ki, Naxçıvana 15 il əvvəl gəlmişdik. Bu dəfə gələndə gördüklərimizdən heyrətləndik. Ailə üzvlərimiz və dostlarımızla birgə Naxçıvanı gəzib dolaşmaq bizim üçün çox xoşdur. Hələ bir neçə gün də buradayıq. Duzdağı görmək, Əshabi-Kəhfi ziyarət etmək istəyirik. Buranın yeməklərini bizim uşaqlar çox bəyəndilər. Naxçıvanlıların qonaqpərvərliyini heç vaxt unutmayacağıq. Qismət olsa, gələn Novruzda da Naxçıvana gələcəyik.
Naxçıvanqalada görüşdüyümüz turistlərdən Əbülfəz Suzani, Rəhim Çodari, Dilek Ayyıldız da təəssüratlarını bizimlə bölüşərək dedilər ki, Novruz bayramı günlərində əsrarəngiz diyar olan Naxçıvan Muxtar Respublikasında olmaqdan çox məmnundurlar. Çünki bu günlərdə bayram ab-havası muxtar respublikanın hər tərəfində hiss olunur, insanlar bir-birini təbrik edir. Bu, biz turistlərin də diqqətindən yayınmır. Naxçıvanqalada keçirilən şənlik isə daha da maraqlıdır. Tarixi abidənin içərisində keçirilən şənliklərdə qədim dövrlərin elementlərinin canlandırılması məkan ilə həmahənglik təşkil edir, insanı valeh edir.
Qeyd edək ki, Naxçıvanda martın 27-dək davam etdirilən Novruz bayramında yerli əhalinin və turistlərin rahat istirahəti üçün bütün xidmət sahələrində geniş hazırlıq işləri aparılmışdı. Bu günlərdə Naxçıvana daha çox turistin gəlməsi nəticəsində otellərdə yerlərin əksəriyyəti tutulmuşdu. Sərnişin nəqliyyatı, ticarət və iaşə xidmətlərində xeyli canlanma yaranmışdır.
Əli Cabbarov