26 Dekabr 2024, Cümə axşamı

Xəbər verdiyimiz kimi, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı, Nizami, Yasamal və Pirallahı rayonlarının məktəblərindən olan 160 şagird Naxçıvan Muxtar Respublikasına gəlib. Həmin gündən tur-aksiya iştirakçıları muxtar respublikamızın təhsil, mədəniyyət, səhiyyə, istehsalat müəssisələri ilə, tarixi abidələrlə tanış olublar.

Martın 26-da isə Duzdağ Fizioterapiya Mərkəzində olan tur-aksiya iştirakçıları sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələrək muxtar respublika ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat alıblar.
Şagirdlər Novruz bayramı ilə əlaqədar Naxçıvanqalada keçirilən şənlikdə iştirak ediblər, xalq rəqslərini maraqla izləyiblər.
Naxçıvan Dövlət Tarix Muzeyi məktəblilərdə dərin təəssürat yaradıb. Diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən, qədim, orta əsrləri, yeni və müasir dövrü əhatə edir.
Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Meydanı və Muzeyi də şagirdlərdə böyük maraq doğurub. Qeyd edilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncama əsasən yaradılıb.

* * *

Həmin gün Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev mərkəz barədə məlumat verərək deyib ki, bu məkan 2014-cü ildə muxtar respublika gənclərinin istifadəsinə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, inter­aktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.
Məmməd Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkə­mizi tanıyaq” tur-aksiyanın böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, son illərdə tur-aksiyalar çərçivəsində ölkəmizin müxtəlif rayonlarından, o cümlədən paytaxt Bakıdan olan məktəblilərin muxtar respublikaya səfərləri onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaradıb.
Muxtar respublikanın təhsil naziri Məmməd Qəribov çıxışında bildirib ki, qədim diyarda təhsil davamlı və müasir tələblər səviyyəsində inkişaf etdirilir. Yeni məktəb binalarının istifadəyə verilməsi, müasir tədris şəraitinin yaradılması tədrisin keyfiyyətini yüksəldib.
Bakı şəhərinin Pirallahı rayonunun 168 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Təhminə Şamilova muxtar respublikada onlara göstərilən yüksək diqqət və qayğıya, qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, bu gün blokada şəraitində yaşayan Naxçıvan özünün sürətli inkişafı ilə hər kəsin diqqətini cəlb edir. Bu gün muxtar respublikada bütün sahələrdə böyük nailiyyətlər əldə olunub.
Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim edilib.

* * *

Dörd gün ərzində bu qədim diyarın tarixi və mədəniyyəti ilə yaxından tanış olan məktəblilər martın 26-da Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.

* * *

Bakı şəhərində səfərdə olan naxçı­vanlı şagirdlər də həmin gün muxtar respublikaya qayıdıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR