Serqqapisi.az Naxcivantv.az saytına istinadən xəbər verir ki, Novruz bayramı ilə əlaqədar olaraq Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin kollektivi gücləndirilmiş iş rejiminə keçib.
Xətt nəzarətçisi Cəsarət Abdullayevin sözlərinə görə bu günlər avtobusların sayı artırılaraq 62-yə çatdırılıb. Xəttə buraxılan avtobusların təmizliyinə və sazlığına diqqət yetirilir.
Naxçıvan Avtovağzal Kompleksinin kollektivi də gücləndirilmiş iş rejimində çalışır. Bu bayram günlərində də marşrut avtobus və mikroavtobusların qrafikə uyğun hərəkəti diqqət mərkəzindədir. Avtobus və mikroavtobusların texniki sazlığı təmin olunub. Rayon mərkəzlərindən və kəndlərdən sərnişin daşıyan avtobus və mikroavtobuslar Naxçıvan avtovağzalına vaxtında daxil olur və qrafikə uyğun hərəkət edir. Bakı şəhərinə və qardaş Türkiyə Respublikasına da avtobuslar vaxtında hərəkət edirlər.
Avtovağzalın sektor müdiri Bəxtiyar Vəliyev deyib ki, Naxçıvan avtovağzalından rayon mərkəzlərinə və bütün kəndlərə marşrut işləyir. Hər gün 3 avtobus Bakı şəhərinə, 6 avtobus isə qardaş Türkiyə Respublikasına gedir. Sərnişin sıxlığı nəzərə alınaraq lazım gəldikdə avtobusların sayı artırılır.
Bu bayram günlərində əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, eləcə də “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi də bayram günlərində iş başındadırlar.
Xəbərlər şöbəsi