26 Dekabr 2024, Cümə axşamı

Novruz xalqımızın milli birlik rəmzinə çevrilmiş və milli ideologiyamızın əsas sütunlarından biri kimi əbədiləşmiş milli bayramıdır.
Sovet imperiyası dövründə Novruza “dini bayram” damğasının vurulmasını, bu bayramın keçirilməsinin yasaq edilməsini yaşlı və orta nəsil yaxşı xatırlayır. Bu qadağaya baxmayaraq, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin nüfuzu sayəsində Novruz bayramı ölkəmizdə geniş qeyd olunurdu. Bu, ulu öndərin doğma Vətəninə, onun qədim, zəngin tarixinə, cahanşümul mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkə­mizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyev Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu yüksək dəyərləndirir, bayramın ölkəmizdə yüksək əhval-ruhiyyədə qeyd olunması üçün lazımi tədbirlər həyata keçirirdi. Novruzun taleyini Vətənin taleyi ilə eyniləşdirən xalqımızın böyük oğlu bildirirdi ki, indi Novruz Azərbaycanın dövlət bayramıdır. Lakin bu, digər dövlət bayramlarından ona görə seçilir ki, Novruz təbiətdən gəlmiş bayramdır, eyni zamanda özünün maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu qeyd edir. “Ürəklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qarşılıqlı tellərin möhkəmlənməsi, kin-küdurətin aradan qaldırılması, cəmiyyətdə qarşılıqlı xoş münasibətlərin bərqərar olması Novruzun əsrlərin süzgəcindən keçərək formalaşmış gözəl ənənələridir”, – deyən ulu öndər Heydər Əliyevin insanlarda xoş duyğular yaradan, onların yaşamaq, yaratmaq həvəsini gücləndirən bu bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ona görə də xalqın ürəyindən xəbər verirdi. Ölkədəki ictimai-siyasi durumu, adamların rifah halını, ümumiyyətlə, dövlət quruculuğu prosesini Novruz adətləri ilə bağlayan ümummilli liderimiz Novruz bayramının ümumxalq bayramına çevrilməsi, ölkənin hər bir guşəsində bu əziz günün əmin-amanlıq şəraitində, bol süfrə ilə qeyd olunması üçün ictimai-siyasi sabitliyi möhkəmləndirdi, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etdi.

Haqlı olaraq bu gün qürur duyuruq ki, ümummilli liderimizin böyük səyləri ilə rəsmi dövlət bayramı olan – əbədi yaşamaq hüququ qazanan Novruz bayramı artıq dünyada tanınmaqdadır. 2009-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Novruz bayramının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.
Birləşmiş Millətlər Təşkilatı tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilib. Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Məclisində “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsi 2010-cu il fevralın 23-də qəbul olunub.
Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin sürətli və davamlı inkişafı təmin olunub. İctimai-siyasi sabitlik yüksək dərəcədə möhkəmləndirilib. Bu da həyatımızın bütün sahələrində yeni uğurlar qazanılmasına stimul verib. Bütün bu uğurları hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, gələcəyə böyük ümid bəsləyir. Xalqımız builki Novruz bayramını da məhz belə bir yüksək ovqatla qarşılayır. Doğma Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan da Novruzu xüsusi şövqlə keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli dəyərlərə böyük sevgi və ehtiramı bu bayramın tarixi köklərə bağlı şəkildə keçirilməsini, onun ümumxalq şənliyinə çevrilməsini təmin edib. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar diyarımızda bayram şənliklərinin daha yüksək səviyyədə və milli zəmində təşkilinə stimul olub. Muxtar respublikanın ayrı-ayrı bölgələrində yüz illər boyu formalaşdırılmış adət-ənənələrin nümayiş etdirilməsi, folklor kollektivlərinin çıxışı Novruz şənliklərini daha rəngarəng edir.
Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi bu gün hər birimiz doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın milli mədəniyyətinin öyrənilməsində, qədim mifik görüşlərindən tutmuş adət-ənənəsi, həyat tərzi haqqında aydın təsəvvürlər əldə edilməsində Novruz bayramının rolu çox böyükdür. Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək dəyərləndirir. Ölkə rəhbəri bayramın layiq olduğu səviyyədə keçirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirir, hər il Novruz bayramı ərəfəsində Azərbaycan xalqını təbrik edir, Novruzun mahiyyətini ən kiçik detalları ilə ortaya qoyur. Dövlət başçısının bu il Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyildiyi kimi: “Bahar bayramı dövlət müstəqilliyimizin nailiyyəti olaraq rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkəmizin bütün guşələrində qeyd edilir. Yaz bayramı yeniləşdirici ruhu və ilıq nəfəsiylə insanlar arasında səmimi münasibətlərə yol açır, dostluq, mərhəmət və bərabərlik duyğularını gücləndirir, cəmiyyətin inkişafının ahəngdarlığını təmin edir. Onda gələcəyə inam aşılamaq və könüllərdə ülvi duyğular oyandırıb xeyirxahlığa sövq etmək qüdrəti vardır. Ən yüksək dəyərləri özündə topladığı üçün də belə bir mənəviyyat xəzinəsi bəşəriyyətin mədəni irs nümunələri siyahısında yer almışdır”.

Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR