26 Dekabr 2024, Cümə axşamı

Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Lin: “Naxçıvanda görülən işlər, tarixlə müasirliyin nizamlı vəhdəti məndə xoş təəssüratlar yaratdı”

 

Martın 17-də Çin Xalq Respublikasının Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Linin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərinin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan Dövlət Xalça Muzeyində qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3200-dən çox eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.
Buradan Duzdağ Fizioterapiya Mərkəzinə gələn nümayəndə heyətinə məlumat verilib ki, mərkəz 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi fəaliyyətə başlayıb. 1980-ci ildə çarpayıların sayı 100-ə çatdırılıb. Yer altındakı müalicə mərkəzi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. 2006-cı ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb. Şöbənin 300 metr giriş yolu genişləndirilib, yolboyu işıqlandırma sistemi quraşdırılıb.
Qeyd olunub ki, burada uşaqlar 12-15, böyüklər isə 14-18 gün hər cür şəraiti olan yeraltı tuneldə müəyyən saatlarda qalmaqla müalicə alırlar. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr tuneldə, təxminən, 300 metr məsafəlik yolu özləri qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Belə olan halda burada müalicə alan xəstələr qısa müddətdə sağala bilirlər. Xəstələr əvvəlcə 2-3 gün müddətində xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra saat 1800-dan səhər saat 800-dək böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə müalicə alırlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma müşahidə edilir.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində saxlanılan, muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar və kompleksdəki Nuh Peyğəmbərin məzarüstü türbəsi də çinli qonaqların marağına səbəb olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Buna görə də ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri mövcuddur. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Hazırda kompleks muxtar respublikada müxtəlif festivalların, mədəni-kütləvi tədbirlərin həyata keçirildiyi məkana çevrilib.
Naxçıvan Muxtar Respublikasına səfərindən razı qalan Çin Xalq Respublikasının Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Lin “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Bildiyiniz kimi, bizim şirkət artıq 15 ilə yaxındır ki, Azərbaycanda işləyir və bizim ilk partnyor əməkdaşlığımız məhz Naxçıvanla qurulub. Naxçıvana səfər etməyimiz bizim üçün sevindirici oldu. Burada maraqlı görüşlər keçirdik. Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvanda görülən işlər, tarixlə müasirliyin nizamlı vəhdəti, buradakı insanların gələcəyə olan nikbin baxışları məndə xoş təəssüratlar yaratdı. Bütün bunlar isə bizi əməkdaşlığa daha da ruhlandırır. İstəyirik ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində qazanılan yenilikləri, xüsusilə təhsildə qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı layihələrimizi bundan sonra da davam etdirək”.
Çin Xalq Respublikasının Huawei şirkətinin nümayəndə heyətinin muxtar respublikaya səfəri dünən başa çatıb.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR