Martın 17-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin akt zalında Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın 90 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Görkəmli əmək qəhrəmanının ailə üzvlərinin də iştirak etdiyi yubiley tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Bahar Talıbovanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Bahar Talıbova xalqına, millətinə xidməti həyat amalı seçən əmək qəhrəmanı kimi bu gün hər birimizin qəlbində yaşayır. Fədakar əməyi ilə ad-san qazanan, ləyaqətli ömür yaşayan Bahar xanımın keçdiyi həyat yolu sıravi əməkçidən Əmək Qəhrəmanına, adi zəhmət adamından o dövrün yüksək mükafatına layiq görülmüş Vətəndaşına çevrilməyin, ən başlıcası isə el-obanın sevimlisi olmağın bariz nümunəsidir. Bahar xanımın sağlam vətəndaş mövqeyi və şərəfli həyat yolu gənc nəslə örnəkdir.
Qeyd olunmuşdur ki, Bahar xanım Talıbova 1927-ci il mart ayının 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açmışdır. Böyük Vətən Müharibəsi başlananda Bahar Talıbova Şərur rayonundakı Qarxun kənd yeddiillik məktəbinin beşinci sinfində oxuyurdu. Atası müharibədə həlak olandan sonra ailəni dolandırmaq üçün məktəbdən ayrılmadan əmək fəaliyyətinə başlamışdır. 1943-cü ildə Şərur rayonunun Qarxun kənd məktəbini bitirdikdən sonra “Zəhmət” kolxozunda çalışan Bahar xanım Talıbovanın adına 16 yaşında ilk əmək kitabçası yazılmış, 1951-ci ildən Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləmişdir. “Məni torpaq böyütdü, torpaq şöhrətləndirdi. Mən torpağa əyildim, torpaq da mənə güc-qüvvət verdi”, – deyən Bahar xanım Talıbova öz zəhməti ilə zirvələrə ucalmış, adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyi adını qazanmışdır. Böyük Vətən Müharibəsi dövründə və müharibədən sonrakı illərdə əməyi qiymətləndirilən Bahar Talıbova ilk dəfə 1941-1945-ci illərdə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunmuşdur.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 27 oktyabr tarixli Fərmanı ilə Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının “Pambıq ustası” fəxri adı verilmişdir.1959-cu ildə manqa başçısı işləyərkən 12 hektar sahənin hər hektarından 60 sentner pambıq götürdüyündən Bahar Talıbovaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-də ən yüksək fəxri ad olan “Sosialist Əməyi Qəhrəmanı” adı verilmiş, o, “Azərbaycan SSR-in qırx illiyi şərəfinə” yubiley medalı, “Lenin” ordeni və “Oraq və çəkic” qızıl medalı ilə təltif olunmuşdur. Bahar xanım bu yüksək ada Naxçıvan Muxtar Respublikasında 33 yaşında layiq görülən birinci qadın idi. Sonrakı dövrlərdə də onun əmək uğurları yeni təltiflərdə öz əksini tapmış, o, 1964-cü ildə Azərbaycan SSR-in “Əməkdar pambıqçısı” fəxri adı, 1966-cı ildə “Qırmızı əmək bayrağı” ordeni, 1971-ci ildə isə “Oktyabr inqilabı” ordeni ilə təltif edilmişdir. Mənalı bir ömür yaşayan Bahar Talıbova yüksək ictimai fəaliyyət göstərmiş, dörd çağırış – 16 il SSRİ Ali Sovetinin, 3 çağırış – 12 il Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Bahar Talıbova 28 il fasiləsiz olaraq ali hakimiyyət orqanlarında deputat mandatı daşımış, çalışdığı dövrdə yüksək təşkilatçılıq nümayiş etdirmişdir. Bahar xanımın təşəbbüsü ilə Şərur rayonunda neçə-neçə məişət xidməti obyektləri, xəstəxana və feldşer-mama məntəqələri, təhsil ocaqları tikilib istifadəyə verilmişdir.
Vurğulanmışdır ki, Bahar xanım Talıbova uzun illər Şərur Rayon Qadınlar Şurasının sədri olmuş, eyni zamanda yerli sovetlərdə də xalqın layiqli elçisi funksiyasını yerinə yetirmiş, dəfələrlə kolxozçuların ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Bahar xanım əldə etdiyi yüksək göstəricilərə görə dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüşdür. Bahar xanımı başqalarından fərqləndirən ən böyük xüsusiyyət özünəməxsus təşkilatçılıq qabiliyyəti və bacarığının olması idi. İşlədiyi dövrdə ona verilən tapşırıqları ikiqat artıqlaması ilə yerinə yetirdiyindən dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmiş, sərginin gümüş medalına layiq görülmüşdür.
Bildirilmişdir ki, 40 ildən çox əmək cəbhəsində çalışan, öz əlinin zəhməti ilə şöhrət qazanan, hünər və zəfəri dillər əzbəri olan zəhmətsevər Azərbaycan qadınına Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1982-ci il 19 avqust tarixlı qərarı ilə İttifaq əhəmiyyətli fərdi təqaüd verilmişdir. Əmək qəhrəmanı Bahar Talıbovanın fəaliyyəti Azərbaycanın müstəqillik illərində də yüksək qiymətləndirilmiş, o, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür. Bahar xanım Talıbovanın qazandığı yüksək göstəricilər “Bizim qadınlar” və “Nəsillərə nümunə: qayğı dolu ömür yolu” sənədli filmlərində öz əksini tapmış, 2007-ci ildə görkəmli ictimai xadimin 80 illik yubileyi münasibətilə nəfis üslubda tərtib edilmiş “Qayğı dolu ömür yolu” kitabı nəşr olunmuşdur. Şair və yazıçılarımızdan Şıxəli Qurbanov, Hüseyn İbrahimov, Elman Həbib, Asim Yadigar, Ələddin Eyvazov ona əsərlər həsr etmişlər. Bahar xanımın sağlam vətəndaş mövqeyi, keçdiyi həyat yolu və ictimai fəaliyyəti gənc nəslə örnəkdir. Buna görə də adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyinin xatirəsi el-oba içərisində yaşayır və yaşayacaqdır. Azərbaycan qadınına xas olan bütün yüksək keyfiyyətləri özündə birləşdirən Bahar Talıbovanın həyat yolunu göz önünə gətirdikdə onun nəcib, xeyirxah insan olduğunu, xalqını, Vətənini dərin məhəbbətlə sevdiyini görürük. Bu gün xoş xatirə kimi yaddaşlarda yaşayan görkəmli əmək qəhrəmanı Bahar Talıbovanın adı keçmiş Sovetlər Birliyi məkanında daim uca tribunalardan çəkilmişdir. O, işi və əməli ilə nəinki respublikamızda, hətta respublikamızın hüdudlarından kənarda da xalqımızın adını yüksəltmişdir. Bahar Talıbova öz əzmkarlığı ilə daim seçilmiş, əmək cəbhəsində böyük nailiyyətlər qazanaraq Azərbaycan qadınının adını şərəflə daşımışdır.
Ramilə Seyidova demişdir ki, Bahar xanım eyni zamanda gənc nəslin tərbiyəsində, milli və ailə dəyərlərinin qorunmasında, qadınlara nümunəvi iş şəraitinin yaradılmasında müstəsna xidmətlər göstərmişdir. Onun zəfərlərlə dolu əmək fəaliyyəti, ləyaqətli ömür yolu hər zaman Azərbaycan qadını üçün böyük tərbiyəvi gücə malikdir.
Yubiley tədbirində Bahar Talıbova haqqında xatirələrini danışan Sosialist Əməyi Qəhrəmanı Həvayət Qurbanova bildirmişdir ki, Bahar xanımın adı bu gün də şərəflə anılır. O, təbiətən sadə, qayğıkeş və ləyaqətli bir insan idi. Bahar xanımı xatırlayarkən insanın gözləri önündə özünəməxsus həyat tərzi, dünyagörüşü, iş üsulu ilə seçilən əqidəli bir insan obrazı canlanır. Onda Azərbaycan qadınlarına xas olan yüksək insani keyfiyyətlər vardı. Həyat və fəaliyyəti xalqına, doğma torpağına məhəbbət və sədaqət meyarı olan Bahar Talıbovanın adı Azərbaycan xalqının qəhrəmanlıq simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmişdir.
Tədbirdə çıxış edən Şərur Rayon Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Ümbülbəni Musayeva demişdir ki, qədim Şərur torpağının yetirməsi, fədakar əməyi ilə şərəfli bir ömür yolu keçmiş, 4 dəfə SSRİ Ali Sovetinin deputatı olmuş, “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüş Bahar xanım Talıbova əməksevərliyi, torpağa bağlılığı ilə elinə-obasına şan-şöhrət gətirmiş, fədakar əməyi ilə ad-san qazanmış və şərəfli bir ömür yaşamışdır. Onun keçdiyi mənalı həyat yolu bugünkü və gələcək nəsillər üçün bir həyat məktəbidir. Bahar xanımın xatirələri, həyat örnəkləri, təcrübələri həmişə bizimlədir. Çünki əməyi ilə yüksələnlər, el hörməti qazananlar heç vaxt unudulmur, heç vaxt yaddan çıxmırlar. Bugünkü gənclər əməyə, torpağa, yurda bağlılığı onlardan öyrənməlidirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Bahar Talıbovaya həsr etdiyi “Bahar” poemasından parçalar oxumuş, Naxçıvan Dövlət Universitetinin tələbəsi Röya İsmayılova Ələddin Eyvazovun “Bahar” poemasından bir hissəni bədii qiraət etmişdir.
Sonda tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı, Bahar Talıbovanın həyat və fəaliyyətindən ətraflı bəhs edən “Nəsillərə nümunə: qayğı dolu ömür yolu” sənədli filminə baxmışlar.
“Şərq qapısı”