Martın 16-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin 6 rayonundan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
Məktəblilər əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 600-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarında böyük marağa səbəb olub.
“Naxçıvan” Universitetinə gələn şagirdlərə ali təhsil ocağı barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 9 kafedra və 5 şöbə var. 2015-ci il sentyabrın 15-də “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Bu gün universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilib. Bu gün ali təhsil ocağı dünyanın 50-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edir.
Bizimlə söhbətində tur-aksiya iştirakçıları Naxçıvana səfərlərindən məmnunluq ifadə etdilər. Bakı şəhərinin Xəzər rayonundakı 136 nömrəli məktəbin 10-cu sinif şagirdi Aysel Mayılova bildirdi ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gəlməyimə çox sevinirəm. Bu səfərin təşkil olunmasına görə Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. O dedi: “Naxçıvanın qədim tarixi abidələrlə zəngin və gözəl təbiəti olması haqqında çox eşitmişdim. Amma bunu öz gözlərimlə görəndə deyilənlərin həqiqət olduğunu anladım. Naxçıvan şəhərinin təmizliyi, gözəlliyi, insanların gülərüz və qonaqpərvər olması məni valeh etdi. Bu cür tur-aksiyaların təşkil olunması hər bir məktəbli üçün sevinc mənbəyidir. Çünki biz Azərbaycanın tarixi dövlətçiliyinin beşiyi olan muxtar respublika ilə tanış olmaqla həm də qədim tariximizi və mədəniyyətimizi daha yaxından öyrənmək imkanı qazanırıq”.
Bakı şəhərinin Nəsimi rayonundakı 111 nömrəli məktəbin 9-cu sinif şagirdi Anar Quliyev isə qeyd etdi ki, bizim bəzi şagird yoldaşlarımız tur-aksiya çərçivəsində ölkəmizin başqa bölgələrinə gediblər. Mən özümü çox bəxtəvər hiss edirəm ki, qədim Naxçıvan diyarı ilə yaxından tanış olmaq imkanı əldə etmişəm: “Bu gün Naxçıvanın bir neçə qədim tarixi abidəsi, mədəniyyət və təhsil müəssisələri ilə tanışlıq məndə xoş təəssürat yaratdı. Naxçıvan torpağı mənim üçün çox əzizdir, çünki bura həm də ümummilli liderimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı diyardır. Mən çox sevinirəm ki, dahilər yurdunu görmək imkanı qazanmışam. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdaram”.
Səbuhi Həsənov