Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 16-da start verilib.
Naxçıvan şəhərində keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. Məktəblilər Bakı şəhərində Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.
Bakı şəhərinə yola düşən tur-aksiya iştirakçısı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Anar Rəsulzadə ilə söhbətimizdə bildirdi ki, bu cür tur-aksiyaların keçirilməsi, ümumilikdə, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsinə geniş şərait yaradır. Bakıya səfəri zamanı paytaxtımızın inkişafının canlı şahidi olacağını qeyd edən Anar dedi: “Prezidentimizin tövsiyəsi ilə reallaşan bu layihə sayəsində ölkəmizi daha yaxından tanıyacağıq. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Söhbətə qoşulan həmin məktəbin 11-ci sinif şagirdi Ceyhun Zülfüqarov da məktəblilərə bu şəraiti yaradan dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi. O dedi ki, ilk dəfə Bakı şəhərinə gedəcək: “Ölkəmizi tanıyaq” tur-aksiyası biz məktəblilərin dünyagörüşünün zənginləşməsinə böyük təsir göstərəcək. Tur-aksiya ərzində bu günədək görmədiyimiz tarixi yerləri gəzmək imkanı qazanacaq, ölkəmizin paytaxtı Bakı şəhəri ilə yaxından tanış olacaq, yeni məlumatlar əldə edəcəyik”.
Xəbərlər şöbəsi