25 Dekabr 2024, Çərşənbə

Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz gəlir. Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın tarixi köklərini və milli dəyərlərini özündə əks etdirən bir bayramdır. Bu bayram gur tonqalları, gözoxşayan noğullu-nabatlı, dadlı şirniyyatlı və yanar şamlı xonçaları, yamyaşıl səmənisi, diləkləri ilə tanınır və sevilir.

Hər il olduğu kimi, bu il də muxtar respublikamızın əhalisi xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşır. Novruzun gəlişi ilə təbiət canlanır, hər tərəf yaşıl dona bürünür.
Bu ərəfədə hər birimizin arzusudur ki, bütün bayramlar kimi, Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, yalnız və yalnız xoş hisslərlə xatırlansın.
Aparılan təhlillərdən aydın olur ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı insanların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir, vətəndaşlara maddi və mənəvi ziyan dəyir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində Novruz tədbirlərinin keçirildiyi günlərdə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və ayıq-sayıqlığın təmin edilməsi məqsədilə tədbirlər planı hazır­lanıb. Plana uyğun olaraq mədəniyyət, təhsil müəssisələrində, uşaq bağçalarında, mehmanxana və şadlıq evlərində, ticarət mərkəzlərində, kütləvi olaraq insanların bayram şənliyinə toplaşdığı yerlərdə yoxlama-nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bayram şənlikləri və tədbirlərinin keçirilməsi zamanı arzuolunmaz hadisələrlə üzləşməmək üçün aşağıda sadalanan yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasını tövsiyə edir.
Bir çox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün seçilməməsi xoşagəlməz fəsadların yaranmasına gətirib çıxarır. Yadda saxlamaq lazımdır ki, tonqal yandırılan yerlərdə əvvəlcədən təhlükəsizlik tədbirləri həyata keçirmək vacibdir. Novruz bayramında əhali tərəfindən pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, elektrik və rabitə xətləri çəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımçı tikililərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.
Əsən güclü külək zamanı tonqallar yandırılmamalıdır. Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Tonqal yanandan sonra onun közünün ətrafa yayılmaması üçün mütləq torpaqlanmalıdır. Unutmaq olmaz ki, zəif küləyin əsməsi nəticəsində də tam sönmə­miş və nəzarətsiz qalmış tonqalın közü yanğına səbəb ola bilər.
Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılmasına yol vermək olmaz. Çünki məşəllər evlərin dam örtüklərinin, həyətyanı sahələrdəki çəpərlərin və ot-saman tayaları yığılmış yerlərin üzərinə düşə və güclü yanğınların baş verməsinə səbəb ola bilər.
Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə, eləcə də digər yaşayış sahələrində avtomobil şinlərinin üst-üstə yığılaraq yandırılması qəti qadağandır. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər. Bu cür hallara yol vermək olmaz.
Novruz şənliklərinin və tədbirlərinin keçirildiyi küçə və meydanlarda kütləvi şəkildə toplaşan insanlar xoşagəlməz hadisələrin baş verməməsi üçün mütləq qaydada bir-birlərinin təhlükəsizliyini qorumalıdırlar.
Milli adət-ənənələrimizə uyğun olaraq uşaqlar tonqalların üzərindən atılarkən diqqətli olmaq lazımdır. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdırlar.
Novruz bayramının bir bəzəyi də xonça tutmaq, şam yandırmaqdır. Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Yanar şamın nəzarətsiz qoyulması xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxara bilər.
Bayram tədbirləri zamanı əhali ilə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, xüsusən də mədəniyyət və təhsil müəssisələri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməli, qabaqlayıcı tədbirlər görməlidirlər.
Milli bayramımız olan Novruzu acı sonluqla başa vurmamaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün diqqətli olmaq lazımdır.

Bayram şənliklərinin keçirilməsi zamanı vətəndaşlarımız yanğın hadisələri ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin “101” xidmətinə məlumat verməyi unutmamalıdırlar.

Turan Şahhüseynov
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR