25 Dekabr 2024, Çərşənbə

Xalq özünün mövsümlərə uyğun hazırladığı təqviminin son çərşənbəsinə müxtəlif adlar vermişdir. Belə ki, axır çərşənbə “İlaxır çərşənbə”, “Axırıncı çərşənbə”, “Baca-baca”, “Yeddiləvin” adlarıyla da bilinən Od çərşənbəsidir.

Od çərşənbəsi də əski görüşlərlə bağlıdır. Bəziləri oda tapınmanı, odu müqəddəs saymanı Zərdüştlük etiqadı ilə əlaqələndirirlər. Halbuki Zərdüştlükdən də qabaq insanlar yaradılışın əsasının rəmzlərindən biri olan odu təsəvvürlərində müqəddəsləşdirmişlər. Belə bir etiqad yaranmışdır ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, öz yaradılışlarının əsası olan od təbiəti də bir o qədər tez isidər, adamlara xoşbəxtlik gətirər.
Qədim insanlar, ata-babalarımız, ulu əcdadlarımız bütün canlı təbiəti oyadan, isindirən Odu, Günəşi müqəddəs sayaraq ona bir növ yaradılışın, canlı həyatın əsas qüvvələrindən biri kimi baxmış, bu mənada Odu müqəddəsləşdirmişlər.

Od-ocaq bu gün də xalqımız tərəfindən müqəddəs sayılır. Heç də təsadüfi deyil ki, bu gün də Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında xalqın müqəddəs saydığı bir çox ziyarətgahlar həm də ocaq olaraq adlandırılır. Bu, şifahi xalq ədəbiyyatı nümunələrimizdə özünü bariz şəkildə göstərir. Naxçıvandan toplanmış bayatılarımızda da biz ziyarətgah yerlərinin ocaq kimi təsvir edildiyini görürük:


Əshabi-Kəhf ocaq-ocaq,
Orda şamlar yanacaq.
Qəm yemə, dəli könül,
Sən dediyin olacaq.

Naxçıvanda odla bağlı adət və inanc sistemlərinə, od kultuna daha çox Axır çərşənbədə rast gəlinir. Bu çərşənbədə tonqallar daha güclü çatılır, daha güclü atəşfəşanlıq edilir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlamaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar. Yandırılmış odun üstündən “ağırlığım, uğurluğum (“yorğunluğum” sözünün zamanla dəyişilmiş forması), dərdim, bəlam bu oda tökülsün”, – deyib tullanarlar. İnama görə, odun üstündən tullanan şəxs ilboyu xəstələnməz, dərd, qəm ondan uzaq durar.
Naxçıvanda ilin axır çərşənbəsi olan Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzə qədər gəlib çatmışdır. “Qodu xan” rəvayətinə görə, Odlu çərşənbədə adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayar, həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyərmişlər. Elə ki Günəş doğdu, hamı onu salamlayıb “Qodu xan” nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hər bir kəs tonqaldan öz odunu yandırıb ocaqlarını alışdırmaq üçün evə tələsərmişlər. Adamlar tonqalın dövrəsinə dolandıqca, eləcə də gəlib öz ocaqlarını yandırdıqca bu cür oxuyarmışlar:

Qodu xan, Qodu xan,
Söndürmə odu xan.
At üstə qod gətir,
Ulusa od gətir.
Sözü bal, Qodu xan,
Özü al, Qodu xan.

Od ünsürünün xalqımız arasındakı müqəddəsliyini ortaya qoyan yüzlərlə şifahi xalq ədəbiyyatı nümunəsi var. “Od imandandır”, “Odsuz ocaq olmaz”, “Oda yanmayan, balasına da yanmaz”, “Od ocaqda yanar”, “Oda pənah aparanın ocağı sönməz”, “Oda dərdini deyən xeyir aparar”, “Odu söyən qara günə qalar”, “Od-ocağa baxmayanın günü xoş keçməz”, “Ocaq sönməyən yerdə məskən salarlar” və sair bu kimi atalarımızın söylədikləri ilə bərabər bir çox inanclarımızda da odun, ocağın müqəddəsliyi qorunub saxlanmışdır.
“Ocaq yananda səslənirsə, demək, kimsə sözünü danışır”, “Od hisli olarsa, uzaqdan qonağın gələcək”, “Ocağa yanaşanda salam verərlər”, “Ocaqda kül titrəyəndə Od xeyrə oynayır”, – deyərlər və odun ailədə bir körpə dünyaya gətirəcəyinə inanarlar, “Ocağın tüstüsü üstünə gəlsə, sevgilin göyçək olar”, “Gün düşən yerdə xəstəlik olmaz”, “Gün doğanda doğulan uşaq göyçək olar”, “Çıraq yandıranın çırağı sönməz olar” xalq inancları bunların bir qismidir.
Xalqımızın oda olan inamı, inancı andlarda, alqış və qarğışlarda da mühafizə edilib. “Od haqqı”, “Ocaq haqqı”, “Ocağa and olsun”, “İşığa and olsun” kimi andlar, “Ocağın bərəkətli olsun”, “Ocağın nurlu olsun”, “Ocağın odlu olsun”, “Oduna nur çilənsin”, “Ocağın qaralmasın” kimi alqışlar, “Od-ocaq tapmayasan”, “Ocağın qalanmasın”, “Ocağın sönsün”, “Ocağın dağılsın”, “Ocaq üzü görməyəsən” kimi qarğışlar xalqımızın mifik təfəkküründə, dünya ilə bağlı düşüncələrində odun nə qədər müqəddəs mahiyyət daşıdığını göstərir.
Biz də boz ayın sonuncu çərşənbəsində bütün xalqımıza barlı-bərəkətli günlər arzulayırıq. “Ağırlığınız-yorğunluğunuz” qaladığınız tonqallara tökülsün. Ocağınız qaralmasın, Odunuz daim yanar olsun.


Elxan Məmmədov
AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq
şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR