Qarşıdan uzun əsrlərdən üzübəri özü ilə bərabər yeni həyat gətirən, torpağı oyadan, təbiəti canlandıran, könülləri təzələyən, təbiəti gözəlləşdirən, bayramlarımızın ən alisi, ən sevimlisi olan Novruz bayramı gəlir. Al-əlvan Novruz şamları, yeddiləvin şirniyyatlar, qırmızı kəmərli səməni ev-eşikdə bolluq, bərəkət simvoluna çevrilib. Minilliklər boyu xalqımız yazın gəlişinin xəbərçisi olan Novruzu ümummilli bayram kimi təntənə ilə qeyd edib. Bu ənənə yaşadılaraq və ildən-ilə daha da zənginləşdirilərək günümüzə qədər gəlib çatıb.
Muxtar respublikamızın hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı bölmələrində də Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir.
Bu münasibətlə ön xətdə keçirilən növbəti şənlikdə ilk olaraq bayram tonqalı yandırıldı, Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin Şərur Xalq Yallı Ansamblının kollektivi müxtəlif rəqs nömrələri ilə əsgərlər qarşısında çıxış etdilər. Bahar qızı öz xonçasından əsgərlərə bayram sovqatı payladı, əsgərlərimiz bir-birindən şux musiqi sədaları altında qol qaldırıb oynadılar. Rəqslərdən ibarət rəngarəng konsert proqramı əsgərlərdə xoş ovqat yaratdı.
Şənlik əsnasında əsl bayram əhval-ruhiyyəsində olan əsgər və zabitlərlə görüşüb həmsöhbət olmaq imkanı əldə etdik. “N” hərbi hissənin zabitlərindən Azad Abbasov və Ziya Şıxəliyev bildirdilər ki, ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan müstəqil dövlətçilik və həmrəylik ideyası Azərbaycanda inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Dahi şəxsiyyətin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər görülür, dövlət-xalq-ordu birliyi möhkəmlənir. Bu birlik və həmrəylik müstəqil Azərbaycan Ordusunun qüdrətini və şəxsi heyətin döyüş ruhunu artırır. Bayramlarda və əlamətdar günlərdə ictimaiyyətin, müxtəlif təşkilatların nümayəndələrinin hərbi hissələrdə olması, hərbi hissələrə bayram sovqatlarının təqdim edilməsi əsgər və zabitlər tərəfindən böyük minnətdarlıqla qarşılanır və şəxsi heyət arasında əhval-ruhiyyənin daha da yüksəlməsinə səbəb olur. Elə Novruz bayramı münasibətilə hərbi hissədə bayramın yüksək səviyyədə qeyd edilməsi dövlətimizin və xalqımızın hər zaman ordumuzun yanında olmasından xəbər verir. Hərbçilərimiz vurğuladılar ki, biz də xalqımızın əmin-amanlıqda yaşamasına öz töhfəmizi verməyə, sərhədlərimizin keşiyində ayıq-sayıq dayanmağa çalışacağıq.
Əslən Xocalıdan olan əsgər Cəmşid Qəhrəmanov qəzetimiz vasitəsilə öz valideynlərinə salamını və bayram təbriklərini çatdırmağı xahiş etdi və dedi ki, bu gün ön xətdəki hərbi hissədə xidmət keçməkdən qürur duyur, ordumuzun qüdrətinin gündən-günə artdığına çox sevinir. O, əminliyini bildirdi ki, tezliklə ordumuz işğal altında olan torpaqlarımızı azad edəcək, o və ailəsi yenidən öz şəhərinə, doğma Xocalısına qayıdacaqlar.
Əsgər Elşən Allahverdiyevin dediklərindən: “Bu gün hər bir əsgər yaxşı bilir ki, arxamızda xalqımız dayanıb. Xalqımızı bir daha əmin edirik ki, müqəddəs Vətən torpaqlarının hər qarışını göz bəbəyi kimi qoruyuruq, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetiririk. Qəzetiniz vasitəsilə valideynlərimizi təbrik edərək demək istəyirik ki, bizdən arxayın olsunlar, bizim üçün burada hər cür şərait yaradılıb, heç nədən çətinliyimiz yoxdur”.
Düşmənlə ön xətdə qalanan tonqal ətrafında keçirilən şənliyə əsgərlərimizin böyük əhval-ruhiyyə ilə qatılması, yallı rəqsiylə birlik və həmrəylik nümayiş etdirməsi bir daha göstərdi ki, Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi var. Ən çətin döyüş tapşırığını yerinə yetirməyə hazır olan ordumuzun igid əsgərləri Qələbə sevincini də bu şəkildə qeyd edəcəkləri günü, ən əsası isə Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyirlər.
Səbuhi Hüseynov