25 Dekabr 2024, Çərşənbə

Ötən ay əldə edilən nəticələr bunu bir daha təsdiq edir

İctimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olan, sürətlə müasirləşərək qarşıya qoyulan strateji hədəfləri reallaşdıran Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində özünəməxsus inkişaf modelini yaradıb. Elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində bu gün muxtar respublika böyük uğurlara imza atır, qədim diyarda yaradılan bir sıra istehsalat müəssisələri onun ixrac potensialını artırır, xarici ticarət, həmçinin mədəniyyət əlaqələrinin genişlənməsinə şərait yaradır. Bu çərçivədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında mövcud əlaqələr daha da inkişaf edir.
Muxtar respublikalar arasında qarşılıqlı rəsmi səfərlər ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib. 2012-ci ilin iyun ayında Acarıstan Muxtar Respublikasının nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri bu baxımdan yaddaqalan olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən görüş zamanı ikitərəfli əlaqələrin daha sürətlə inkişafı üçün bir çox sahələr üzrə müzakirələr aparılıb. Həmin görüşdə Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında imzalanan “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” muxtar respublikalar arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatdığını sübut edən əsaslı sənəd kimi diqqəti cəlb edir.

2014-cü il iyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Gürcüstanın Acarıstan Hökuməti Sədrinin dəvəti ilə Batumiyə səfəri isə bir daha göstərdi ki, hər iki muxtar respublikanın qarşılıqlı əlaqələrinin bütün sahələr üzrə genişləndirilməsi üçün münbit şərait və real imkanlar mövcuddur. 2015-ci il oktyabrın 4-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridzenin Naxçıvana səfəri zamanı keçirilən görüşlərdə qarşılıqlı, faydalı əlaqələrin gələcəkdə də sürətlə inkişaf edəcəyi qeyd olunub. 2016-cı il iyunun 11-də Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlib. Naxçıvanda keçirilən görüşdə əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə edilib.
Ötən ayın 1-də isə Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş olub.
Görüşdə bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyinə əminlik ifadə olunub. Bunun üçün əsaslı zəmin də var. Çünki bu gün Acarıstan və Naxçıvan Muxtar respublikaları arasında əlverişli biznes və investisiya mühiti mövcuddur. Hazırda iqtisadi-ticarət, təhsil, mədəniyyət, səhiyyə və nəqliyyat sahələrində əlaqələr inkişaf etdirilir, qarşılıqlı əməkdaşlıq daha da möhkəmlənir. Gələcəkdə Naxçıvanla Batumi arasında hava nəqliyyatı əlaqələrinin yaradılması məsələləri də nəzərdən keçirilir. Digər tərəfdən, dünyanın siyasi tarixinə nəzər yetirdikdə bir daha aydın olur ki, dostluqlar, əməkdaşlıqlar dərin tarixi köklərə söykəndiyi zaman daha etibarlı, sıx və davamlı olur. Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələr də məhz dərin tarixi köklərə söykəndiyi üçün bu gün çox sürətlə inkişaf edir, möhkəmlənir. Hər iki tərəfin əməkdaşlığa verdiyi yüksək qiymət isə əminliklə deməyə əsas verir ki, muxtar respublikalar arasındakı qarşılıqlı münasibətlər bundan sonrakı mərhələdə daha sürətlə inkişaf edəcəkdir.
Bu gün muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilərək doğma Azərbaycanımızın quruculuq salnaməsi layiqli nümunələrlə zənginləşdirilir, strateji əhəmiyyət kəsb edən, gələcəyə hesablanmış kənd mərkəzləri layihəsi həyata keçirilir. Qədim diyarın şəhərləri, qəsəbələri ilə birlikdə bütün kəndləri də abadlaşdırılır, müasir görkəm alır. Yol tikintisi, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlərin istifadəyə verilməsi, sakinlərin məşğulluğunun təmin olunması kəndlərdə şəhər rahatlığı yaradıb, insanların yaşayış səviyyəsi yüksəlib, məskunlaşma artıb. Yeni inzibati binalar, müasir məktəblər, yollar kənd sakinlərinin rahat yaşayışını təmin edir. Fevralın 1-də Şərur rayonunun Çəmənli və Arpaçay kəndləri də muxtar respublikanın abadlaşan kəndləri sırasına qoşulub, həmin kəndlərdə yeni sosial obyektlər istifadəyə verilib. Hər iki yaşayış məntəqəsində kənd və xidmət mərkəzlərinin, Çəmənli kəndində isə həm də yeni məktəb binasının istifadəyə verilməsi, Dərvişlər-Arpaçay-Çəmənli-Babəki kənd avtomobil yolunda əsaslı yenidənqurma işlərinin aparılması dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının ifadəsidir.
Muxtar respublikada hər il yeni məktəb binaları tikilərək istifadəyə verilir, bütün yaşayış məntəqələrində yeni texnologiyalarla təchiz olunan mütərəqqi tədris metodları tətbiq edilir, gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər böyüməsi üçün bütün tədbirlər görülür. Bu tədbirlərin davamı olaraq fevralın 15-də Şahbuz rayonunun Kolanı kəndində yeni məktəb binası istifadəyə verilib. Yeni məktəb binası həm müəllimlərin, həm də valideynlərin uzun illərdən bəri ürəklərində olan arzularının həyata keçməsi deməkdir.
Ötən ay çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü tamam olub. Naxçıvanın muxtariyyət qazanması ilə birlikdə düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı çirkin planlara ciddi zərbə vurulub. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması da bu baxımdan təsadüfi deyil.
Ötən ayın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü günündə mükafatların təqdim olunması münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublika əhalisini və tədbir iştirakçılarını təbrik edərək deyib: “Ötən 93 il ərzində Naxçıvanın muxtar respublika kimi yaşaması nəticəsində onun ərazisi qorunmuş, muxtar respublika inkişafa qovuşmuşdur. Bu inkişaf müstəqillik dövründə daha da artmış, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurlar qazanılmışdır. Ümummilli liderimizin siyasi xəttinə sədaqətin bəhrələri şəhər və rayon mərkəzlərinin, qəsəbə və kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların həyat şəraitinin yaxşılaşmasında, ordu quruculuğunda özünü göstərir. Artan iqtisadi imkanlar muxtar respublikada elmin, təhsilin və mədəniyyətin inkişafına da öz təsirini göstərmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Naxçıvan tarixi sistemli şəkildə tədqiq olunmuş, abidələrimiz bərpa edilmiş, tariximizə və mədəniyyətimizə aydınlıq gətirən elmi əsərlər, kitablar və ensiklopediyalar, o cümlədən “Naxçıvan tarixi” çoxcildliyi nəşr olunmuşdur”.
Bu gün Naxçıvan Muxtar Respublikası özünün tarixinə və milli dəyərlərinə sahib çıxır. Naxçıvanın zəngin tarixinin hərtərəfli, sistemli şəkildə araşdırılması təkcə bu qədim diyarın keçdiyi şərəfli yolun öyrənilməsi baxımından deyil, bütövlükdə Azərbaycanımızın tarixinin kompleks tədqiqi üçün də böyük əhəmiyyətə malikdir. Gənc nəslin milli dəyərlər əsasında tərbiyə olunması sağlam gələcəyimizin formalaşmasına xidmət edir.
Tədbirdə mükafatlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 9 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan tarixi” çoxcildliyi elm sahəsində Naxçıvan Muxtar Respublika Mükafatına layiq görülüb.
Muxtar respublikamız qonşu ölkələrlə də iqtisadi-ticarət, mədəniyyət əlaqələrini genişləndirir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında səmərəli iqtisadi-ticarət əlaqələri qurulub. Həyata keçirilən tədbirlər əməkdaşlıq üçün yeni istiqamətlər açır. Münasibətlərin inkişafının göstəricisidir ki, bu gün qonşu İran İslam Respublikası üçün əlamətdar günlər muxtar respublikada da qeyd olunur. Fevralın 10-da İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən İran İslam Respublikasının yaranmasının 38-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Naxçıvan bu gün dünyaya açılır. Qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və ekoloji təmiz məhsulları hesabına muxtar respublikaya hər il yüz minlərlə turist gəlir, qarşılıqlı ticarət əlaqələri inkişaf etdirilir, Naxçıvan məhsulları xarici ölkə bazarlarında böyük rəğbət qazanır. ­Bununla birlikdə unutmuruq ki, belə olan halda dünyada gedən istənilən proses ölkəmizə, o cümlədən muxtar respublikamıza da təsirsiz ötüşmür. Xüsusən də qlobal iqtisadi böhranın hökm sürdüyü dövrümüzdə bir sıra məsələlərə daha çox diqqət yönəltmək artıq zərurətə çevrilib.
“Bu gün dünyada gedən böhrandan qorunmağın ən yaxşı yolu sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsindən və yerli istehsalın inkişaf etdirilməsindən keçir”, – deyən Ali Məclisin Sədri bildirib ki, bu, bir tərəfdən idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən əhali məşğulluğuna əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə həyata keçirilən tədbirlər öz nəticəsini göstərib, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb və yerli istehsalın həcmi artıb. 1996-cı ildə muxtar respublikada 10 adda məhsul istehsal olunurdusa, hazırda 366 adda məhsul istehsal edilir. Yeni yaradılan sahibkarlıq müəssisələri əhalinin 344 növdə məhsula olan tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsinə imkan verib.
Fevralın 11-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı o da qeyd olunub ki, 1996-cı ildə muxtar respublikada, ümumilikdə, 40 sənaye müəssisəsi vardısa, bu gün onların sayı 11 dəfə artırılaraq 442-yə çatdırılıb. Yeni fəaliyyətə başlayan müəssisələr, əsasən, yerli xammaldan istifadə etməklə öz fəaliyyətlərini qurublar ki, bu da hazır məhsulun daha ucuz qiymətə istehlakçılara çatdırılmasına imkan yaradır. Hazırda muxtar respublikada mövcud olan 442 istehsal müəssisəsindən 311-i və ya 70 faizi tamamilə yerli xammaldan istifadə edərək fəaliyyət göstərir. Bu hesaba bir tərəfdən digər sahələr də inkişaf edir, ikinci tərəfdən isə daxili bazar etibarlı şəkildə qorunur.
Ali Məclisin Sədri sahibkarlığın çoxşaxəli inkişafının əhəmiyyətini qeyd edib, muxtar respublikada ­bu sahədə görüləcək işləri diqqətə ­çatdırıb.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 6 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər kənd təsərrüfatı texnikalarının alınması, heyvandarlıq, plastik tara istehsalı və bağçılıq təsərrüfatlarının yaradılmasına sərf olunacaqdır.
Əvvəlki illərdə olduğu kimi, bu il də Naxçıvanda tikinti-qurucu­luq tədbirləri davam etdirilir. Cari ildə muxtar respublikanın 7 kəndində kompleks quruculuq işləri aparılacaq. Fevralın 23-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşin­ci sessiyasında həm də bu barədə danışılıb.
Sessiyada həmçinin 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilib, “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.
Naxçıvan Muxtar Respublikasında hər il Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz tutulur, şəhər və rayonlarda anım tədbirləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da Xocalı soyqırımının iyirmi beşinci ildönümü qeyd olunub. Fevralın 25-də Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksində bu münasibətlə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.
Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəfər Ocaqla görüşüb.
İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqətləri özünə cəlb edən, gündən-günə daha da gözəlləşən qədim diyar bir ildən sonra çox əhəmiyyətli bir missiyanı yerinə yetirəcəkdir. Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alacaq. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə, beynəlxalq səviyyədə mədəniyyət aləmində böyük irəliləyişlərin müjdəçisi kimi tarixdə qalacaqdır.
Bununla əlaqədar muxtar respublikamızda hazırlıq işləri bütün istiqamətlər üzrə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilib. Müsabiqə iştirakçıların fəallığı şəraitində keçib, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunub. Onu da qeyd edək ki, müsabiqəyə həm də muxtar respublikadan kənarda yaşayan yaradıcı insanlar – rəssamlar, memarlar və tələbələr tərəfindən müxtəlif məzmunda loqotip nümunələri təqdim edilib. Loqotiplər Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar Birliyinin birgə təşkil etdiyi komissiya tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik olması və asan qavranılması ilə yanaşı, həmin loqotipin Naxçıvanın türk-islam mədəniyyəti nümunələrini, eləcə də qədim tarixini və müasirliyini əks etdirməsinə üstünlük verilib.
Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib.
Ali Məclisin Sədri müsabiqənin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Ali Məclisin Sədri qeyd edib ki, təqdim olunmuş loqotiplərdən mövzunun əhatə olunması baxımından ən uyğunu müəllifi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyev olan loqotipdir. Burada Naxçıvanın həm türk, həm də İslam mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir tarixi rəmzlərlə çatdırıla bilib.
Təklif olunan loqotipin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipi kimi qəbul olunduğunu bildirən Ali Məclisin Sədri müəllif Tapdıq Həmzəyevə qalib olması münasibətilə təbriklərini çatdırıb və ona pul mükafatı təqdim edib.
Tədbirdə qarşıda duran vəzifələr qeyd olunub, əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrasının əlaqələndirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına, loqotipin təqdimatının keçirilməsi isə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə tapşırılıb.
Naxçıvanın mühüm və həssas geosiyasi məkanda yerləşməsi onun elmi şəkildə əsaslandırılmış çevik, tarazlı və çoxtərəfli münasibətlərinin qurulmasını, tarixi-mədəni bağlarımız olan İslam ölkələri ilə iqtisadi və mədəniyyət əlaqələrinin inkişafını zərurətə çevirir. Bu baxımdan İslam Konfransı Təşkilatı çərçivəsində əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı olanda 52 İslam ölkəsinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatın nümayəndələri Naxçıvana gələcəklər. Bu, muxtar respublikada formalaşan böyük mədəniyyətin, onun iqtisadi və turizm potensialının təqdimatı, əlaqələrin qurulması baxımından əvəzsiz imkanlar yaradacaqdır. Əminik ki, tarixin son beş min ilində Naxçıvan torpağında neçə-neçə sivilizasiyanın izlərini qoyub getmiş insanların çağdaş varislərinin bu gün, sözün həqiqi mənasında, qədim diyarda yaratdıqları xariqələr hər kəsin diqqətini cəlb edəcək, Naxçıvanın blokada vəziyyətində əldə etdiyi sürətli inkişafın özünəməxsus milli inkişaf modeli bir daha alqışlanacaqdır.

Rauf Kəngərli

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR