25 Dekabr 2024, Çərşənbə

Hər il mart ayının 10-u Azərbaycan Respublikasında “Qızıl Aypara Günü” kimi qeyd olunur.
Dünyada humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən və bu istiqamətdə fəaliyyət göstərən müxtəlif təsisatlar mövcuddur. Bunların arasında Qızıl Aypara Cəmiyyətinin özünəməxsus yeri var.
Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə təsis edilmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən yaradılan qurum 1991-ci ilə kimi SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin tərkibində fəaliyyətini davam etdirmiş, özünəməxsus tarixi yol keçərək ölkəmizdə xeyirxah ideyaların həyata keçirilməsinə mühüm töhfələr vermişdir.

Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə də diqqət və qayğı artırılmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət ölkəmizdə rəsmi humanitar təşkilat kimi tanınmış, 1995-ci il noyabrın 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu və daimi üzvü qəbul edilmişdir. Qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətin qayğısı əhatəsində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 31 yanvar tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında”, 2007-ci il 22 may tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışan işçilərin əməkhaqlarının dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında”, 2008-ci il 7 aprel tarixli “Qızıl Aypara Gününün təsis edilməsi haqqında” sərəncamları cəmiyyətin fəaliyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sərəncamlara əsasən cəmiyyətin maddi-texniki bazası yaxşılaşdırılmış, icra hakimiyyəti və özünüidarəetmə orqanlarının cəmiyyətin yerli təşkilatlarının sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik etməsi təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi də dövlətin qayğısından lazımınca bəhrələnir. 2008-ci il yanvarın 10-da komitə yeni inzibati bina ilə təmin olunmuş, maddi-texniki baza yaxşılaşdırılmış, xidməti və yük avtomobilləri verilmiş, əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Son illər kollektivin sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 1 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi işçilərinin əməkhaqları 25 faiz, 2010-cu il 1 sentyabr və 2011-ci il 1 dekabr tarixli sərəncamlara əsasən isə 10 faiz artırılmışdır.
Tərkibində 1 şəhər və 7 rayon bölməsini birləşdirən komitənin bu gün 580 ilk təşkilatı və 36 mindən artıq üzvü vardır. Komitədə işlər 4 şöbə üzrə həyata keçirilir. Belə ki, Axtarış xidməti şöbəsi Stalin repressiyası, İkinci Dünya müharibəsi və miqrasiya zamanı itkin düşənlərin axtarışını, qaçqın və məcburi köçkünlər üçün lazımi sənədlərin bərpası işlərini həyata keçirir. Komitənin Gənclər və könüllülərlə iş şöbəsi gələcəyimiz olan gənclərin sağlamlığının təmin edilməsi məqsədilə idman, eləcə də gigiyena, təmizlik, təbiətin mühafizəsi kimi tədbirlərin təşkili ilə məşğul olur. Yeniyetmə və gənclərə fövqəladə hallar zamanı görüləcək təxirəsalınmaz tədbirlərə, ilk tibbi yardımın göstərilməsinə dair məlumatların verilməsi şöbənin səlahiyyətləri sırasına daxildir.
Təşkilati iş şöbəsi muxtar respublikada fəaliyyət göstərən idarə və müəssisələrdə komitənin ilk təşkilatlarını yaradır və Qızıl Aypara hərəkatı haqqında seminar və treninqlər təşkil edir. Şöbə həmçinin komitənin şəhər və rayon bölmələrinin işinə nəzarəti də həyata keçirir. Əhali arasında fövqəladə hallarla bağlı maarifləndirici tədbirlərin təşkili də uğurla yerinə yetirilir. 2017-ci ildə komitəyə fövqəladə hallara ­hazırlıq çərçivəsində 30 ədəd çadır gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, humanizm və xeyirxahlıq ideyalarının qoruyucusu və təşkilatçısı kimi fəaliyyətini artıracaqdır.

Naxçıvan Muxtar Respublikası
Qızıl Aypara Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR