25 Dekabr 2024, Çərşənbə

Şərur rayonu

Şərur rayonunda 8 Mart – Qadınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov bildirib ki, Azərbaycan qadınları həmişə cəmiyyətin aparıcı qüvvələrindən olub. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq qəhrəmanlıq səhifəsi məhz qadınlarımızın adı ilə bağlıdır. Qadınlarımız bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstəriblər.
Vurğulanıb ki, Azərbaycan qadını həm də dünyaya böyük sərkərdələr, bəşəriyyətin mədəni fikir xəzinəsini yaradan və yaşadan əbədi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adı çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Vurğulanıb ki, ölkəmizdə ümummilli liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti bu gün uğurla davam etdirilməkdədir. Bunun ifadəsidir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılıb. Artıq Azərbaycan qadını ictimai-siyasi proseslərin önündə gedən qüvvəyə çevrilib.

Qeyd olunub ki, muxtar respublikamızda da qadınlar hərtərəfli qayğı ilə əhatə olunublar. Onlar regionumuzun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, uğurlu nəticələr qazanır, sosial-iqtisadi inkişafa öz töhfələrini verirlər.
İbrahim Məmmədov bildirib ki, bunu Şərur rayonunun timsalında da görmək olar. Hazırda rayonda dövlət qulluğunda işləyənlərin 34 faizini qadınlar təşkil edir. Qadınlarımızdan 1 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 1 nəfər Prezident mükafatçısıdır. 6 nəfər Azərbaycan Respublikasının, 7 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 3 nəfər Azərbaycan Respublikasının, 1 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi fəxri adını daşıyır. 9 nəfər “Tərəqqi” medalı ilə təltif olunub, 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar dövlət qulluqçusudur. Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında təmsil olunanların 3 min nəfərini, yaxud 29 faizini qadınlar təşkil edir.
İcra başçısı Qadınlar Günü münasibətilə tədbir iştirakçılarını və onların timsalında rayonun bütün qadınlarını təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Tədbirdə Rayon Birləşmiş Həmkar­lar İttifaqları Komitəsinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ünbülbanu Musayeva, Azərbaycan Respublikasının Əməkdar müəllimi Rahilə Seyidova çıxış edərək qadınların rayonun sosial-iqtisadi həyatında, gənc nəslin təlim-tərbiyəsində, səhiyyə, mədəniyyət və digər sahələrdə fəal iştirakından danışıblar.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı maraqlı konsert proqramı ilə davam edən tədbir iştirakçılara xoş ovqat bəxş edib.
Sonda qadınlara hədiyyələr təqdim olunub.

Babək rayonu

8 Mart – Qadınlar Günü Babək rayonunda da yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək qadınları bayram münasibətilə təbrik edib. O bildirib ki, ölkəmizin hərtərəfli inkişafında Azərbaycan qadınlarının da böyük töhfəsi vardır.
Qeyd olunub ki, Azərbaycan qadınları cəmiyyətimizin fəal üzvüdürlər. Qadınlarımız tutduqları vəzifələrdə dövlətimizə xidmət etməklə bərabər, həm də qayğıkeş ana, vəfalı həyat yoldaşıdır. Hazırda ölkəmizdə ictimai həyatda fəaliyyət göstərənlərin böyük bir hissəsini qadınlar təşkil edir. Naxçıvan Muxtar Respublikasında da qadınlar ictimai-siyasi sahədə fəal iştirak edir, bunun üçün onlara geniş imkanlar yaradılır, qadın əməyi yüksək qiymətləndirilir.
İcra başçısı bildirib ki, Babək rayonunda müxtəlif sahələrdə çalışan qadınlar öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Hazırda Babək rayonunun 74 minə yaxın əhalisinin 50 faizi, Yeni Azərbaycan Partiyası üzvlərinin isə 41,2 faizi qadınlardır. Rayon üzrə mədəniyyət işçilərindən 214 nəfəri, səhiyyə işçilərindən 345 nəfəri, məktəb direktorlarından isə 14 nəfəri qadınlardır. Qeyd olunub ki, qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar yüksək dövlət mükafatları ilə təltif olunurlar.
Sonra Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov və Şıxmahmud kənd tam orta məktəbinin direktoru Elmira Qocayeva çıxış ediblər.
Çıxışlarda Azərbaycan xalqının qadına, onun cəmiyyətdəki roluna, tutduğu mövqeyə böyük hörmətlə yanaşdığı vurğulanıb.
Tədbirin bədii hissəsində mu­siqi nömrələri səsləndirilib, rəqslər olub. Sonda qadınlara hədiyyələr verilib.

 

Ordubad rayonu

Ordubad rayonunda da Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınlarımızın rolunu daha da artırıb. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınların iştirakı təmin olunmasın. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün muxtar respublikada, eləcə də Ordubad rayonunda qadınlar müxtəlif dövlət orqanlarında çalışır, bölgənin ictimai həyatında fəallıq göstərirlər.
Vurğulanıb ki, hazırda rayonda müxtəlif sahələrdə 1954 qadın çalışır. Onlardan 53 nəfəri məsul vəzifələri icra edir. Son illərdə rayonun ictimai həyatında fərqlənən qadınlardan 27 nəfər müxtəlif fəxri adlarla təltif olunub.
Bayram tədbirində Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Qürbət Rzayevin, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Vilayət Bağırovun, “Tərəqqi” medalı ilə təltif olunmuş müəllim Sura Əsədovanın çıxışları olub. Çıxış edənlər zəriflik və gözəllik rəmzi olan qadın, ana adının tarixboyu Vətənimizdə həmişə uca tutulduğunu, Azərbaycan qadınının bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında mühüm xidmətlər göstərdiyini, Azərbaycanda qadına daim böyük hörmət bəslənildiyini qeyd ediblər.
Tədbir rayon Mədəniyyət Evinin “Dübəndi” instrumental ansamblı solistlərinin, “Nuray” rəqs qrupunun rəngarəng çıxışları ilə yadda qalıb.
Sonda qadınlara hədiyyələr təqdim edilib.

 

Culfa rayonu

Qadınlar Günü münasibətilə Culfa rayonunda keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev Azərbaycan qadınlarının öz dərin zəkaları və istedadları ilə bu gün ölkəmizə fədakarcasına xidmət etdiklərini bildirib.
Qeyd olunub ki, yeni əsrin Azərbaycan qadını milli dəyərləri öz simasında ehtiva etməklə bərabər, həm də müasir proseslərlə ayaqlaşaraq intellektual səviyyəsini daim artırır, yüksək təhsilə malik kamil şəxsiyyət kimi formalaşır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınların iştirakı təmin olunmasın. Qadınlarımız bu gün Azərbaycanımızda gedən ictimai-siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir, dövlətimizin hərtərəfli inkişafına öz töhfələrini verirlər.
Dövlətimizin qadınlara göstərdiyi böyük qayğı müqabilində qadınların da daim cəmiyyət həyatında aktiv fəaliyyət göstərəcəyinə əminliyini bildirən icra başçısı onları təbrik edib, ictimai işlərdə və şəxsi həyatda uğurlar arzulayıb.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xanım Tağıyeva qadınlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək bundan sonra da Vətənimizin hərtərəfli inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Sonra tədbirdə iştirak edən qadınlara hədiyyələr təqdim olunub.
Bayram tədbiri rayonun musiqi kollektivlərinin çıxışları ilə davam etdirilib.

 

Kəngərli rayonu

Kəngərli rayonunda da Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, müstəqilliyimizin bərpasından ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin hərtərəfli inkişafına, gənc nəslin təlim-tərbiyəsinə, onların intellektual-mədəni potensialının artırılmasına dəyərli töhfələr verib. Muxtar respublikamızda da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti uğurla həyata keçirilir. Qadınlarımız muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, uğurlu nəticələr qazanırlar. Qadın əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, qadınlarımız hər il Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, digər dövlət mükafatlarına layiq görülürlər.
Qeyd olunub ki, hazırda Kəngərli rayonunda 14 qadın Azərbaycan və Naxçıvan Muxtar Respublikasının fəxri adlarını daşıyır, 4 qadın “Tərəqqi” medalı ilə təltif edilib. Səhiyyə sahəsində 124, təhsil sahəsində 470, mədəniyyət sahəsində 110 qadın çalışır. Rəhbər vəzifədə 6 qadın, idarəçilik və dövlət qulluğu sahələrində isə 20 nəfər qadın göstərilmiş etimadı şərəflə doğruldur.
Yeni Kərki kənd tam orta məktəbinin direktoru Təhminə Mustafayeva və Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin direktoru Dilguşə Qurbanova çıxışlarında qadınlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayonun musiqi kollektivlərinin çıxışları olub, qadınlara hədiyyələr təqdim edilib.

 

Şahbuz rayonu

8 Mart – Qadınlar Günü münasibətilə Şahbuz şəhərindəki “Yeni Batabat” şadlıq sarayında tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev tədbirdə çıxış edərək qadınları bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, müasir dövrümüzdə qadınlarımız cəmiyyətimizin fəal üzvü kimi böyük nailiyyətlər əldə edirlər. Vurğulanıb ki, bu gün ölkə Prezidentinin həyata keçirdiyi siyasətin muxtar respublikamızda uğurla davam etdirilməsi nəticəsində qadınların cəmiyyətimizdəki rolu artıb. Bu gün cəmiyyətimizin inkişafında əməyi olan qadınlar yüksək mükafatlarla, fəxri adlarla təltif olunurlar. Ötən illər ərzində şahbuzlu qadınların fəxri ad alması, medallarla təltif olunması buna nümunədir. “Azərbaycan qadını tarixən öz mənəvi keyfiyyətləri ilə şöhrət qazanıb”, – deyən icra başçısı çıxışının sonunda qadınlara cansağlığı, ailə səadəti, işlərində uğurlar arzulayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmməd­ov və təşkilatın Qadınlar Şurasının sədri Mətanət Məmmədova, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Növrəstə Xudiyeva və “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva çıxış edərək qadınlara xoş arzularını çatdırıblar. Bildirilib ki, cəmiyyətdə olduğu kimi, ailədə də xüsusi yeri olan Azərbaycan qadınına həmişə böyük hörmət göstərilir.
Bayram tədbirində Şahbuz Rayon Mədəniyyət Evinin instrumental ansamblı kollektivinin çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb, xoş ovqat yaradıb.

 

Sədərək rayonu

Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart – Qadınlar Günü münasibətilə keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açıb.

Vurğulanıb ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunun qadınları da dövlət qayğısı ilə əhatə olunublar. Hazırda rayonun idarə, müəssisə və təşkilatlarında yüzlərlə qadın çalışır. Onların əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Bunun ifadəsidir ki, Sədərək rayonunda 1 nəfər qadın Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 1 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, 1 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi fəxri adlarını daşıyır. Müəllimlərdən 2 nəfəri “Tərəqqi” medalı, 1 nəfər tibb işçisi “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. İki nəfər müəllim “İlin müəllimi” müsabiqəsinin qalibidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov, Sədərək kənd 1 nömrəli tam orta məktəbin direktoru Gülnarə Hüseynova rayonda qadınlara göstərilən diqqət və qayğıdan danışıblar.
Çay süfrəsi arxasında davam edən tədbirdə qadınlara hədiyyələr təqdim olunub.
Tədbir boyu Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsinin musiqi kollektivləri rəngarəng repertuarla çıxış ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR