Dünən 8 Mart – Qadınlar Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində istedadlı qadınların əl işlərindən və ötən il qadınların nəşr olunmuş kitablarından ibarət sərgiyə baxıblar.
Bayram tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib, ölkəmizə ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq edib. Azərbaycan qadınları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qadınların cəmiyyətdəki statusunun və rolunun yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Həyata keçirilən genişmiqyaslı fəaliyyət qadınların ictimai və siyasi fəallıqlarının yüksəlməsinə, onların mənəvi və intellektual potensiallarının artırılmasına, sosial müdafiələrinin möhkəmləndirilməsinə təkan verib.
Rəhman Məmmədov deyib ki, ulu öndərimiz tərəfindən əsası qoyulan dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada qadınların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Müasirləşən və inkişaf edən muxtar respublikamızda bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır.
Sevindirici haldır ki, muxtar respublika qadınları yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, özəl sektorda, dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında fəaliyyət göstərir, məsul vəzifələrə irəli çəkilirlər.
Diqqətə çatdırılıb ki, muxtar respublikada təhsil, səhiyyə, mədəniyyət sahələrində minlərlə qadın fəaliyyət göstərir. Onlar öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq vətəndaşlar kimi yetişməsi işinə, insanların sağlamlıqlarının qorunmasına, mədəniyyətimizin inkişafına böyük töhfələr verirlər. Bir sözlə, muxtar respublika qadınları öz fəaliyyətləri ilə Naxçıvanın sosial-iqtisadi, ictimai-siyasi həyatında yaxından iştirak edir, öz layiqli töhfələrini verirlər.
Rəhman Məmmədov bayram tədbirinin qadın iştirakçılarına Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təbrikini çatdırıb və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək bildirib ki, hər bir cəmiyyətin inkişaf səviyyəsi o cəmiyyətdə qadına olan münasibətlə çox bağlıdır. Ölkəmizdə qadın adı həmişə uca tutulub, böyük hörmət və ehtiram göstərilib. Hələ orta əsrlərdə ilk dəfə olaraq Naxçıvanda qadın adına layiq Möminə xatın türbəsi ucaldılıb.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikamızda qadınlar bütün sahələrdə təmsil olunurlar. Onlar sahibkar, dövlət qulluqçusu, həkim, müəllim, rəssam, sənətkar, deputat, beynəlxalq dərəcəli idmançılardır. Bütün bunlar onu göstərir ki, cəmiyyət həyatının hər hansı bir hissəsini qadınlarsız təsəvvür etmək mümkün deyil.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov deyib ki, muxtar respublikada sosial qayğıya ehtiyacı olan qadınlara müxtəlif xidmətlər göstərilir. Hazırda muxtar respublikamızda yaşayan 221 sağlamlıq imkanları məhdud qadına evdə sosial-məişət xidmətləri göstərilir, onların yaşayış sahəsində iməciliklər təşkil edilir, bu kateqoriyadan olan şəxslərin tibbi müayinədən keçməsi təmin olunur, məişət şəraitləri yaxşılaşdırılır. Eyni zamanda nümunəvi ailələrin yubiley tədbirləri qeyd olunur, muxtar respublikanın uzunömürlü sakinləri ilə görüşlər təşkil edilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 50,1 faizi və ya 225045 nəfəri qadınlardır.
Ramilə Seyidova deyib ki, muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Hər bir sahədə qazanılan uğur muxtar respublika qadınlarının yoluna çıraq olub, ictimai, sosial, mədəni mühitin aktiv iştirakçısı olmasına yeni çalarlar gətirib, fərdi nailiyyətlər qazanmasına şərait yaradıb. Məhz belə qayğının nəticəsidir ki, muxtar respublikada qadınlara müstəqillik ideyası ətrafında sıx birləşərək bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai hadisələrin fəal iştirakçısı olaraq regionumuzun sosial, elmi-intellektual, mədəni potensialının artırılmasına əvəzsiz töhfələr verən əhəmiyyətli qüvvə kimi yanaşılır.
Çıxışının sonunda Ramilə Seyidova qadınlara göstərilən diqqət və qayğıya görə muxtar respublika qadınları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Bayram tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva, Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sürəyya Ələkbərova çıxış edərək qadın ucalığından, muxtar respublikada qadınların ictimai fəallıqlarından danışıblar.
Tədbirdə “Heydər Əliyev və Azərbaycan qadınının keçdiyi yol” adlı film nümayiş etdirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən qadınlara diplomlar və hədiyyələr verilib.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri, mahnı və rəqs ansamblı üzvlərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanlarının çıxışları olub.
Xəbərlər şöbəsi