25 Dekabr 2024, Çərşənbə

Muxtar respublika qadınları ictimai-mədəni və sosial-iqtisadi
həyatda fəal iştirak edirlər

Qadın adı ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Tariximizin hər bir səhifəsi Azərbaycan qadınının müdrikliyi, fədakarlıq və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və təşəkkül tapmasında, bu günlərədək yaşadılmasında qadınlarımızın misilsiz xidməti olmuşdur. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənilmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çox­əsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür.

Ölkəmizdə dövlət qadın siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmış, onların ictimai-mədəni həyatda yeri daha da möhkəmlənmişdir. Dahi rəhbərin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra qadınların dövlət idarəçiliyində təmsilçiliyinə, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmasına ciddi diqqət göstərilmiş, bu sahənin inkişafını tənzimləyən qanunvericilik bazası yaradılmış, ölkəmiz qadın hüquqlarının qorunması haqqında bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Ümummilli liderin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Qurultayının keçirilməsi isə qadınların hüquqlarının qorunmasına, ölkəmizin sosial və siyasi həyatında onların iştirakına, xüsusilə dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasına şərait yaratmışdır. Ulu öndər qadınların xalqımızın tarixində yerini və rolunu yüksək qiymətləndirərək deyirdi: “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.
Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir. Bu gün Azərbaycan qadını təkcə respublikamızın elmi-mədəni potensialının artırılmasına töhfə vermir, bütövlükdə ölkəmizin milli dövlət quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli Fərmanı ilə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanunu ölkədə bu sahədə dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır.
Dövlət başçısının bu il 8 Mart – Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanlandığı təbrikində deyilir: “Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti vardır. Ötən əsrin ilk onilliklərində, dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl seçib-seçilmək hüququ qazanan qadınlarımız zəngin ictimai-siyasi fəaliyyətləri sayəsində çoxsaylı müvəffəqiyyətlər əldə etmişlər. Bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar xüsusi vurğulamaq lazımdır ki, mədəniyyətin, incəsənətin, elmin və təhsilin müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları məhz onlar atmışlar. Gənc xanımlarımızın nəsillərin mənəvi varisliyi prinsipini bu gün də qorumaqla özlərinin maarifpərvər sələflərinin ləyaqətli davamçılarına çevrilmələri sevindirici haldır”.
Dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm göstəricilərindən biridir.
Naxçıvanlı qadınlar dövlət idarəçiliyində, ictimai-mədəni həyatda fəal iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 7-si, muxtar respublikada bələdiyyə üzvlərinin 285-i qadınlardır. Hazırda muxtar respublikada 15 qadın bələdiyyə sədri, 76 qadın təhsil, 27 qadın mədəniyyət müəssisələrinin rəhbəri vəzifəsində çalışır. Ümumilikdə, təhsil, mədəniyyət və səhiyyə sahəsində 20 minə yaxın, dövlət qulluğunda 600-dən artıq qadın işləyir, sahibkarlıq fəaliyyəti ilə 19 qadın məşğul olur. Heç şübhəsiz ki, muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətin böyük dəstəyi və davamlı qayğısı dayanır.
Muxtar respublikada qadınlar analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir, xalqımızın gələcəyi üçün ailə dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan qadınının ictimai həyatımızdakı dünənki, bugünkü mövqeyi dilimizə, vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və Azərbaycançı­lıq məfkurəsinə sədaqət nümunəsi olmuş və gələcəkdə də olacaqdır!”
Son illər muxtar respublikada qadınların ictimai fəallığını yüksəltmək, onları öz hüquqları barədə məlumatlandırmaq məqsədilə müntəzəm olaraq maarifləndirmə tədbirləri keçirilir. Ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şərait­ləri yaxşılaşdırılır, onların məişət və sosial problemləri həll olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq sağlamlıq imkanları məhdud qadınlar, eləcə də aztəminatlı ailənin üzvü olan qadınlar peşə kurslarına cəlb olunur, məşğulluq problemləri həll edilir.
Muxtar respublikada istedadlı qadınların yaradıcılıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Keçirilən yaradıcılıq müsabiqələrində istedadlı gənc qadınların iştirakı təmin edilir. Bundan əlavə, hər il milli dəyərlərimizi, adət-ənənələrimizi, zəngin keçmişimizi ilmələrə və tablolara köçürən istedadlı qadınların əl işlərinin sərgi-satışı təşkil olunur, mədəni-kütləvi tədbirlərdə yaradıcı qadınların sənət əsərləri nümayiş etdirilir. 2016-cı ildə milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud, aztəminatlı ailənin üzvü olan, istedadlı qadınların 11 dəfə əl işlərinin sərgi-satışı təşkil olunmuş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında və sərgi-satışlarda 304 istedadlı qadının 1069 əl işi satılmışdır.
Muxtar respublikada təhsil sahəsində görülən məqsədyönlü tədbirlər qadınların da təhsil səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Bunun nəticəsidir ki, son illərdə ali təhsil müəssisələrinə daxil olan, o cümlədən 500-700 arasında bal toplayan abituriyentlər arasında qızlar çoxluq təşkil edir. Bununla yanaşı, muxtar respublikada müasir tibb ocaqlarının istifadəyə verilməsi qadınların sağlamlıqlarının qorunmasına hərtərəfli şərait yaratmışdır. Muxtar respublikada 8 minə yaxın qadının idmanın müxtəlif növləri ilə məşğul olması da yaradılan şəraitin məntiqi nəticəsidir.
Bu gün muxtar respublikanın ictimai-mədəni həyatında fədakarlıq göstərmiş, öz fəallıqları ilə seçilən qadınların əməyi də qiymətləndirilir, yubileyləri geniş qeyd edilir. Təkcə 2016-cı ildə 24 qadın Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna və mükafatına, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, medallarla təltif olunmuşdur.
Qadınlarımız bundan sonra da adət-ənənələrimizi, ailə dəyərlərimizi yaşadacaq, ictimai fəaliyyətləri ilə muxtar respublikanın inkişafına, onun çiçəklənməsinə öz töhfələrini verəcəklər.

 

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR