25 Dekabr 2024, Çərşənbə

Muxtar respublika ərazisindəki qəbiristanlıqlarda məzarların ətrafına çəkilmiş dəmir çəpərlərin sökülməsi ictimaiyyət tərəfindən razılıqla qarşılanıb. Bununla bağlı qəzetimizin 17 fevral 2017-ci il tarixli nömrəsində məlumat verdiyimizdən bu barədə ətraflı danışmağa ehtiyac görmürük. Oxucular da təsdiq edər ki, dəmir çəpərlər qəbiristanlıqlarda uyuyan mərhumların hansı “sinfə” məxsus olduğunu uzaqdan bildirirdi. Açıq deyək ki, bundan daxilən narahat olan insanlar da az deyildi. Həyata keçirilən tədbirlər buna son qoydu. 

Bu tədbirlərin davamı olaraq belə ünvanlarda kütləvi təmizlik işlərinin aparılması da təqdirəlayiqdir. Düzdür, hər bir məzar sahibinin vaxtı olduqca buraya gəlməsi, səliqə-sahman yaratması fərdi şəkildə indiyə qədər də olub. Ancaq bu da var ki, yaşadığı yerdən köçüb gedən insanların yaxınlarının məzarları sahibsiz qaldığından həmin məzarlar baxımsız hala düşürdü. Ancaq təmizlik işlərinin kütləvi şəkildə aparılması bu problemi həll edib.
Ötən şənbə günü muxtar respublika sakinləri belə ünvanlarda iməciliklər keçiriblər. Bununla bağlı olaraq iməciliklər keçirilən bir neçə ünvana üz tutduq.

İlk getdiyimiz yer Şərur şəhər qəbiristanlığı oldu. Burada görüşdüyümüz rayon ağsaqqalı Fəxrəddin Kərimov dedi ki, Azərbaycan xalqı hər zaman adət-ənənələri, milli-mənəvi dəyərləri ilə seçilən xalq olub. Bu dəyərlər əsrlərin sınağından üzüağ çıxaraq müasir dövrümüzədək yaşadığımız həyat tərzinin bir hissəsinə çevrilib. Dəyərlərimizi yaşadan isə bizə böyüklərimizdən miras qalmış əxlaqımız, soy-kökümüzə bağlılığımız və bu ənənələrimizin dini dəyərlərimizlə bir-birini tamamlamasıdır. Ancaq etiraf edək ki, bəzən dəyərlərimizi mənəvi aşınmalara məruz qoyan da bizik. Halbuki hərtərəfli inkişaf milli və mənəvi sistem üzərində qurularkən daha sağlam olur. Əks halda, bunun mənfi təsiri də elə ilk olaraq bizə – cəmiyyətə dəyir. Söhbət son illərdə Azərbaycan cəmiyyətində əsas müzakirə mövzusuna çevrilmiş israfçılıqdan, bu israfçılığın insanlara vurduğu psixoloji zərbələrdən gedir. Halbuki istənilən cəmiyyətdə israfçılıq heç kim tərəfindən müsbət xarakterizə olunmur.
Müsahibim onu da vurğuladı ki, bu gün Naxçıvanın hər yerində yas məclisləri üçün hərtərəfli şəraiti olan binaların tikilməsi, İslamın olduğu kimi təbliğ edilməsi insanlar tərəfindən minnətdarlıq hissləri ilə qarşılanır. Elə qəbiristanlıqlardakı çəpərlərin sökülməsindən sonra təmizlik işlərinin aparılması da eləcə... Çox xeyirxah və lazımlı işdir. Bu ünvanları digər yerlərdə yaşayan qohum-əqrəba da ziyarət edir. Onlar bizim öz mərhumlarımıza necə münasibət göstərməyimizi burada görürlər.
İməcilik günü əməkdaşlarımız digər ünvanlarda da olublar. Sədərək kənd qəbiristanlığında keçirilən iməcilikdə müəllim Məhərrəm Seyidov bildirib ki, dünənə qədər qəbiristanlıqlarımızda məzarların ətraflarına çəkilmiş dəmir çəpərlər bir-birinə boy verirdi. Normal hal olmasa da, reallıq belə idi. Qəbiristanlıqlara baxanda insanların maddiyyat və mənəviyyatındakı çatışmazlıqları görmək olurdu. Əksəriyyət daha çox yeri zəbt edən qəbirətrafı dəmir çəpərlərə üstünlük verirdi. Bəziləri isə qəbirləri qardan, yağışdan qorumaq üçün üzərlərinə dam örtükləri də düzəltdirirdi. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli Qərarına əsasən mövcud olan məzarlıqlarda dəfn zamanı qəbirlərin milli-dini dəyərlərin tələblərinə və qaydalara uyğun ölçüdə salınması nəzərdə tutulub. Hər bir qəbir üçün ölçü qaydaları müəyyən olunub. Qaydalara görə hər bir məzarın eni 1 metr 40 santimetr, uzunluğu isə 2 metr 20 santimetr olaraq müəyyənləşdirilib.
Bu, dövlətin müəyyən etdiyi ölçü­lərdir və heç kim də bunu yaddan çıxarmamalıdır. Ancaq elə məsələlər var ki, bunun həlli bizdən asılıdır. Məsələn, məzarlıqların təmiz saxlanılması. Bu tədbiri ürəkdən alqışlayıram. Biz bugünkü iməcilikdə qəbiristanlıqda səliqə-sahman yaratdıq. Bu işləri müntəzəm olaraq davam etdirəcəyik.
Ordubad rayon sakini Malik Əhmədov əməkdaşımızla söhbətdə deyib ki, belə tədbirlərin həyata keçirilməsi çox zəruri və təqdirəlayiqdir. Qəbiristanlıqlar təmiz saxlanılmalıdır. Burda uyuyanlar öz yaxınlarımızdır. Elə etməliyik ki, onları ziyarət etməyə gələrkən, məzarlara baxarkən gördüyümüz mənzərədən xəcalət hissi keçirməyək. Belə bir tədbirin həyata keçirilməsini alqışlayıram.
Culfa rayon sakini Savalan Qənbərovun sözlərinə görə qəbiristanlıqlarda belə bir xeyirxah işin görülməsi dinimizə uyğundur. Təmizlik həm də hər bir insanın xarakterini göstərən keyfiyyətdir. Bu keyfiyyət onun yaşadığı həyatda bütün sahələrdə özünü göstərməlidir. Sevindirici haldır ki, artıq muxtar respublikamızın bütün bölgələrində bu işə başlanılıb və insanlar tərəfindən razılıqla qarşılanıb. Odur ki, hamı bu işdə fəallıq göstərir.
Naxçıvan şəhər sakini Hüseyn Dünyamalıyev dedi ki, naxçıvanlılar hər zaman öz dəyərlərinə sədaqətləri ilə seçiliblər. Bir zamanlar yas məclislərində də izafi xərclər baş alıb gedirdi, mərhum sahibləri məclisi harada və necə təşkil edəcəklərini saatlarla müzakirə edirdilər. Ancaq indi bu sahədə Naxçıvan nümunəvi bir regiona çevrilib. Elə bugünkü tədbir də bu istiqamətdə görülən işlərin davamıdır.
Son olaraq deyək ki, İslam dininin dəyərlərinə ehtiramla yanaşmaq hər birimizin borcudur. Ulu Tanrının yaratdıqları arasında insana verdiyi dəyər və ona hörmət səbəbi ilə qəbirləri qorumaq, təmizləmək dəfn və ziyarət əsnasında qəbirləri tapdalamamaq, üzərində oturmamaq tələb olunur. İnanırıq ki, muxtar respublikamızın sakinləri bundan sonra qəbiristanlıq ərazilərində təmizlik işlərinin aparılmasında, yaşıllıqların salınmasında, yeni ağacların əkilməsində fəallıq nümayiş etdirəcəklər. Ümumilikdə isə muxtar respublikamızda həyata keçirilən bu kimi tədbirlər insanları mənəvi saflığa, həmrəylik nümayiş etdirməyə çağırır. Digər tərəfdən isə qəbiristanlıqlarda görülən işlər bir il sonra Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı kimi təqdimatında mühüm rol oynayacaq. Bu isə həyata keçirilən tədbirlərin mahiyyətini daha da artırır. Bunu hər bir naxçıvanlı yaxşı dərk edir. Dedik­lərimizin ifadəsidir ki, şənbə günü muxtar respublikamızın bütün qəbiristanlıqlarında iməciliyə çıxan sakinlər fəallıq göstə­rib, məzarlıqlarda səliqə-sahman yaradıblar.

Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR