25 Dekabr 2024, Çərşənbə

Gözəlliyin onundan doqquzunun don olduğu kimi, yaşayış məskənlərinin də gözəlliyi tikililərin müasirliyi, küçə və yolların abadlığı, ətraf mühitin təmizliyi ilə ölçülür. Ortaq nöqtə hər ikisinin təminatında insan zövqünün və əməyinin olmasıdır. Çünki istənilən gözəlliyin arxasında sevgi və zəhmət dayanır. Bu meyarlardan birinin olmaması natamamlıq yaradar ki, bu da heç kimə lazım deyil. Muxtar respublikamızda indiyədək görülmüş işlərin mahiyyətində də məhz bu tamlıq durur. Təbiət və insan yaradıcılığının birgə ortaya qoyduğu gözəlliklərə isə muxtar diyarın istənilən bölgəsinə səfər etməklə şahid olmaq mümkündür. Biz isə budəfəki yolumuzu muxtar respublikada Araz çayına ən yaxın şəhər olan Culfadan saldıq.

 Culfanın tarixi çox qədimdir. Vaxtilə, daha doğrusu, 1727-ci ildə Culfa rayonunun ərazisi bir neçə nahiyədən ibarət olub. Culfa isə kənd kimi Dərəşam nahiyəsinə daxil edilib. 1926-cı ildə dairə mərkəzinə çevrilib. Buraya rayon statusu 1930-cu ildə verilib. Rayon mərkəzi 1949-cu ilə kimi Əbrəqunus olub. Həmin il Culfa rayonu yaradılıb. 1963-cü ildə indiki Ordubad rayonunun ərazisi də Culfa rayonuna birləşdirilib. 1965-ci ildə rayonlar ayrılıb. Qədim Culfa indi yerləşdiyi ərazidən 4-5 kilometr aralı məsafədə olan Gülüstan kəndi ərazisində Araz çayı boyunca uzanan karvan yolu üzərində qərar tutub. Bu bölgə haqqında bir çox alimlər, səyyahlar, tacirlər maraqlı fikirlər söyləyiblər. Məsələn, ingilis taciri Nyuberiyə görə, o vaxt şəhərdə evlərin sayı 3 minə, əhalinin sayı isə 20 min nəfərə çatırdı. Culfa şəhərinin adına Səfəvilər dövlətinin başlıca şəhərləri arasında rast gəlmək olur. Tarixçi Şərafəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində qeyd olunur ki, Culfa Naxçıvan vilayətində Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül Mülk körpüsü salınıb. Şəhərin adının etimologiyası haqqında da maraqlı məlumatlar var və mənbələrə görə, “Culfa” sözü müxtəlif variantlarda işlənib. Bəziləri bu sözün “toxucu” mənasını verdiyini söyləyirlər. Tarixi mənbələr bu şəhərdə vaxtilə toxuculuğun geniş şəkildə inkişaf etdiyindən xəbər verir. Culfa Şərq və Qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olub, burada müxtəlif istehsal sahələri fəaliyyət göstərib. Qədim Culfanın mühüm ticarət əlaqələrində rolunun nəticəsidir ki, XII-XIII əsrlərə aid edilən Culfa karvansarayı nəinki Naxçıvan Muxtar Respublikası ərazisində, ümumilikdə, Azərbaycan Respublikasının ərazisində elm aləminə məlum olan ən böyük karvansaraydır. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayı şəhər karvansarayları qrupuna aid olub, orta əsrlərdə Culfa şəhərinin mühüm ticarət əhəmiyyətini bir daha ortaya qoyur. Sovetlər Birliyi dövründə Culfa strateji dəmiryol nəqliyyatının qovuşduğu məkan kimi öz əhəmiyyətini qoruyub saxlayıb. Elə bu əhəmiyyətindən dolayı Culfanı həm dəmiryolçular, həm də hərbçilər şəhəri kimi tanıyırdılar. Buraya SSRİ-nin ən ucqar nöqtələrindən gəlib-gedənlər olurdu. Ancaq Culfanın əsl şəhər kimi formalaşması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Son illər ərzində Culfa şəhəri də daxil olmaqla rayonun ən ucqar kənd yaşayış məntəqələri yeni quruculuq mərhələsinə qədəm qoyub. Rayonda böyük quruculuq işləri aparılıb, yeni yollar salınıb, tarixi tikililər bərpa olunub, Culfa şəhəri müasir görkəmə qovuşub. Hər ötən il rayonun tarixinə yeniliklərlə daxil olub. 2016-cı ildə Culfa rayonunda müxtəlif sahələrdə görülən işlər həm rayonun, həm də muxtar respublikanın müasir tarixində yaddaqalan hadisələrdəndir. 

Naxçıvanın qədim tarixində mühüm rola malik Əlincəqala Culfa rayonunun ərazisində yerləşir. Azərbaycan xalqının mübarizlik əzmini nümayiş etdirən qala birinci-altıncı əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunub, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə bərpa olunan “Əlincəqala” tarixi abidəsi ötən il iyunun 17-də burada yaradılmış muzeylə birgə istifadəyə verilib. Yerləşdiyi coğrafi mövqeyinə görə bərpası hədsiz zəhmət, bəzi hallarda müasir tikinti layihələrinin həyata keçirilməsindən daha böyük bacarıq və maliyyə tələb edən bu qalanın yerli və əcnəbi qonaqların istifadəsinə verilməsi qalanın özü qədər əsl cəsarət nümunəsidir desək, yanılmarıq. İndi bura yolu düşən hər kəs qalanın möhtəşəmliyi ilə görülmüş işlərin möhtəşəmliyini eyni məkanda görmək və hiss etmək imkanına malikdir. Qalanın zirvəsində dalğalanan üçrəngli bayrağımız isə bu möhtəşəmlik duyğusuna həm də qürur hissi verir.
Rayonda ötən il bərpa olunaraq istifadəyə verilən tarixi abidələrdən biri də Gülüstan türbəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən bərpa edilmiş və 2016-cı il iyunun 30-da istifadəyə verilmiş dünya əhəmiyyətli Gülüstan türbəsi XVI yüzilliyə aid “Çaldıran səfəri ruznaməsi”ndə, XVII əsr türk səyyahı Övliya Çələbinin “Səyahətnaməsi”ndə, 1815-ci ildə Culfada olmuş Mirzə Saleh Şirazinin “Səfərnamə”sində xatırlanır. Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan və özünəməxsus xüsusiyyətləri ilə seçilən türbənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Qeyd edək ki, bərpa işləri zamanı hər iki tarixi abidəyə gedən avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, ziyarətə gələnlərin rahatlığı təmin olunub.
Qeyd edək ki, muxtar respublikada görülən tikinti-quruculuq işləri içərisində öz spesifikliyi ilə seçilən kənd və xidmət mərkəzlərinin tikintisi 2016-cı ildə də diqqət mərkəzində saxlanılıb. Ötən il rayonun Saltaq kəndində kompleks qurucu­luq işləri həyata keçirilərək yeni sosial obyektlər istifadəyə verilib. Saltaq kənd sakini Arif Nuriyev bizimlə söhbətində bildirdi ki, ötən il kəndimizdə böyük quruculuq işləri aparıldı. Dördmərtəbəli məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası öz qapılarını sakinlərin üzünə açdı. Artıq uşaqlarımız müasir məktəb binasında təhsil alırlar. İkimərtəbəli kənd mərkəzində kənddə fəaliyyət göstərən dövlət qurumları üçün lazımi şərait yaradılıb. Kənd sakinləri bir mərkəzə üz tuturlar ki, bu da problemlərin vaxt itirmədən tez bir zamanda həllinə imkan verir.
Kəndin digər sakini Mahir Əsgərov isə bizimlə söhbətində daha çox kəndin yenidən qurulmuş yollarına diqqət çəkdi: “Əvvəllər kəndimizin yolları çox bərbad vəziyyətdə idi. Yayda toz-torpaq, payız və yaz aylarında isə palçıqdan hərəkət etmək mümkün deyildi. Hər zaman fikirləşirdik ki, rayonumuzun kəndlərində aparılan quruculuq işlərindən bizə də pay düşər. Keçən il kənddə böyük tikinti işləri aparıldı, yeni binalar istifadəyə verildi, kəndimizin yolları da abadlaşdırıldı. Ötən il yeni obyektlərlə yanaşı, kəndimizdə su dəyirmanı da istifadəyə verildi. Su dəyirmanında üyüdülən buğdanın çörəyi dadlı olur. Keçmiş zamanlarda ata-babalarımız bu üsulla dən üyüdüblər, ona görə də sağlam qidalanıblar. İndi kənddə belə bir dəyirmanın fəaliyyət göstərməsi hər birimizin sağlamlığına xidmət edir. Kəndimizin sakinləri ilə bərabər, ətraf kəndlərdən də taxıl üyütmək üçün dəyirmana gəlirlər. Hər birimiz görülən bu işlərə görə dövlətimizə minnətdarlığımızı bildiririk”.
2016-cı il Gülüstan kəndi üçün də düşərli il olub. Tarixi adını bu gün də yaşadan Gülüstan kəndi quruculuq tədbirlərindən payını alaraq müasirliyə qovuşub. Xatirimdədir, ötən il yeni sosial obyektlər istifadəyə verildikdən sonra mən də kəndə ezam olunmuş, burada görülən işlərlə bağlı bir yazı hazırlamışdım. Həmin vaxt da, elə bu dəfə də kənd sakinləri görülən işlərdən ağızdolusu danışdılar. Kənd sakini Elbrus Zeynalov dedi ki, Gülüstan kəndi rayon mərkəzinə yaxın kəndlərdən olsa da, sovet dövründə tam unudulmuş, diqqətdən kənarda qalmış yaşayış məntəqələrindən biri olub. Kəndin yolları elə vəziyyətdə olurdu ki, bəzən yaxınlıqdakı rayon mərkəzinə getmək üçün də minbir əziyyət çəkirdik. Keçən il kəndimizdə qu­ruculuq işləri aparıldı, yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verildi. Bəzən adi bir ərzaq və yaxud sənaye məhsulu üçün rayon mərkəzinə gedirdiksə, indi bunu kəndimizdə yaradılmış xidmət mərkəzindən əldə edirik. Bir sözlə, çətinliklərimiz arxada qalıb. Söhbətə digər kənd sakini Rasim Ələkbərov da qoşulur. Onun dediklərindən: “Bu kənddə ötən ilədək qaz, elektrik və rabitə təminatı istisna olmaqla, digər sahələrdə əziyyət çəkmişik. İndi rahat yolumuz var, gediş-gəlişimiz asanlaşıb. Uşaqlarımız yeni, hərtərəfli şəraitlə təmin olunmuş məktəbdə təhsil alırlar. Kəndimizə yeni içməli su xətti çəkilib, artıq hər kəs ekoloji cəhətdən təmiz su ilə təmin olunub. Rabitə xətləri yenilənib, kənddə bütün evlər telefonlaşdırılıb. Yəni yaxşı yaşamaq üçün bütün zəruri tədbirlər həyata keçirilib. Bizə göstərilən bu qayğıya görə dövlətimizə minnətdarlıq edirəm”.
Rayonun orta əsrlərdə Şərqin əsas elm və mədəniyyət mərkəzi kimi tanınan Xanəgah kəndində də ötən il quruculuq tədbirləri aparılıb.
2016-cı ildə Culfa şəhərində görülmüş işlər də diqqət çəkir. Şəhərdəki M.Əsgərov küçəsində yerləşən 17 nömrəli, beşmərtəbəli, 50 mənzilli və 15 nömrəli, dördmərtəbəli, 56 mənzilli yaşayış binaları əsaslı təmir işlərindən sonra sakinlərin istifadəsinə verilib. 2016-cı il dekabrın 2-də isə rayon mərkəzində daha bir dövlət qurumu üçün inzibati binanın açılışı olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada burada xidmət edən əməkdaşlar üçün lazımi iş şəraiti yaradılıb, iş otaqları yeni avadanlıqlar və texniki vasitələrlə təmin olunub. Eyni zamanda binanın ikinci mərtəbəsində 4 xidməti yaşayış mənzili istifadəyə verilib, ailələr üçün hərtərəfli məişət şəraiti yaradılıb. Hazır­da isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin Culfa rayonunda inzibati və yardımçı binalarının tikintisi aparılır.
Culfa şəhər sakini Vahid Həsən­ovla həmsöhbət olduq. Şəhərdə görülən işlərlə bağlı fikirlərini öyrəndik. O dedi: “Culfa şəhəri 20-25 il bundan əvvəl elə bir görkəmdə idi ki, bir əcnəbiyə göstərsəydin, buranın şəhər olduğuna inanmazdı. Sovet dövründən qalmış köhnə binalar, dağılmış yol və səkilər, qırılmış ağaclar və sair Culfanı çox nimdaş görkəmdə göstərirdi. İndi isə şəhərin gözəlliyindən, təmizliyindən nə qədər danışsaq, azdır”.
Culfa şəhər sakini Anar Hüseyn­ov isə şəhərin gözəlliyindən, təmizliyindən danışarkən diqqəti daha çox yeni təmir olunmuş yaşayış binalarına yönəltdi. Həmsöhbətim bildirdi ki, buradakı yaşayış binaları sovet dövründə tikilib. Uzun illərdir ki, istismar olunduğundan artıq köhnəlmək üzrə idi. Ancaq sağ olsunlar, son illərdə buradakı binaların böyük əksəriyyəti əsaslı şəkildə təmir olunub. İndi şəhərdəki yaşayış binalarının çoxunun dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, daxilində təmir işləri aparılıb, kommunikasiya xətləri yenilənib. Əvvəlcə şəhərin görməli yeri dedikdə, bir-iki ünvanı nəzərdə tuturduqsa, indi Culfanın hər tərəfi abad və gözəldir. İnanırıq ki, görülən bu işlər növbəti illərdə də davam etdiriləcək.
Rayonda olarkən Culfa Rayon İcra Hakimiyyətindən 2016-cı ildə müxtəlif sahələr üzrə görülmüş işlərin nəticələrini özündə əks etdirən statistik rəqəmləri də əldə etdik. Öyrəndik ki, ötən il rayonda 7919,3 min manatlıq, yaxud 2015-ci illə müqayisədə 1 faiz çox sənaye məhsulu istehsal olunub. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi isə 7,1 faiz artaraq 35821,2 min manat təşkil edib. Əkin sahələri üzrə ötən il 4974 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 13822 ton, 4050 hektar buğda əkini sahəsindən 11058 ton, 130 hektar bostan əkini sahəsindən 1827,8 ton, barverən meyvə bağlarından 3241,1 ton, üzüm bağlarından 5897 ton məhsul yığılıb. Ümumilikdə, 2016-cı ildə Culfa rayonunda kənd təsərrüfatı sektorunda 59255,4 min manatlıq məhsul istehsal edilib ki, bu da 2015-ci illə müqayisədə 7,1 faiz çoxdur.
Təbii ki, əldə edilmiş nəticələr əhalinin həyat səviyyəsinin də yaxşılaşmasına səbəb olub, zəhmətkeş insanların qurub-yaratmaq əzmini yüksəldib. Bu istiqamətdə görülən işlərdən biri də rayon sakinlərinin məşğulluğunun təmin olunmasıdır. Ötən il Culfa rayonunda 333 yeni iş yeri açılıb ki, bunun da 324-nü daimi iş yerləri təşkil edir.
Culfa rayonunda 2016-cı ildə əldə edilmiş uğurlu nəticələri digər sahələr üzrə də sadalamaq mümkündür. Hər halda əldə etdiyimiz məlumatlar bunu deməyimizə əsas verir. O ki qaldı Naxçıvanın bu qədim bölgəsi haqqında gəldiyimiz ümumi qənaətə – bax bu haqda bir neçə kəlmə deməyə dəyər: Culfa rayonu qədim keçmişə, tarixi zənginliyə malik rayondur. Bu rayonun köksündə Naxçıvanın tarixi və mədəni zənginliyini, dövlətçilik ənənələrini özündə yaşadan abidələrimiz var. Ancaq bu abidələr əsrlər keçsə də, yalnız ötən iyirmi ildən bir az artıq dövrdə öz layiqli qiymətini və bundan sonra yaşamaq haqqını alıb. Qədim Culfa şəhəri yüz illər boyu strateji əhəmiyyət kəsb etsə də, şəhər kimi indi əsl simasına qovuşub. Rayonun kəndləri qədim tariximizin bir parçası, dədə-babalarımızın yaşadığı, ömür sürdüyü bir yurd yeri kimi yalnız indi əsl abadlığına qovuşub, insanların gələcəyə olan inamı artıb.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 22 kənd yaşayış məntəqəsi olan Culfa rayonunda Dizə (cari ildə burada quruculuq işlərinin aparılması nəzərdə tutulub), Camaldın və Qazançı kəndləri istisna olmaqla, bütün kəndlər abadlaşdırılıb. Görünən odur ki, Haçadağ kimi Naxçıvanın simvolunu, Əlincəqala kimi mübarizlik tariximizi özündə yaşadan Culfa rayonu bundan sonra da muxtar respublikamıza gələnlərin ən çox üz tutduğu bölgələrimizdən olacaq. Görülən işlər hər kəsə tarix və müasirliyi bu rayonun simasında öyrənməyə imkan verəcək.


Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR