25 Dekabr 2024, Çərşənbə

Əgər Lizbirtdə yaşayış olsaydı, indi ora da şəhərləşən
kəndlərimiz sırasına qoşulacaqdı

Keçmiş sovet imperiyasının müstəqilliyini əlindən aldığı Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda neçə-neçə kəndimiz boşalıb. Lizbirt kəndi də bu taleyi yaşayıb. Şahbuz rayonunun Qaraboya, Zərnətün, Zırnel, Həncəran, Culfa rayonunun Qarakömər, Zoğala kəndləri kimi onun da adı bu gün arxivlərdə qalıb. 

Lizbirt kəndinin keçmiş sakini Bəxtiyar Novruzov bildirir ki, 1964-cü ildə kənddən köçüblər. Həmin vaxt onun 5 yaşı varmış. Amma ata-babalarının söhbətləri lizbirtli günləri onun yaddaşına köçürüb. Elə o xatirələrin təsiri altında kənddən bəhs edərək deyir: “Lizbirt kəndinin əsrarəngiz təbiəti var idi. Onun bumbuz suyu olan bulaqları can dərmanı idi. Çöllərindəki əvəlik, ələyəz, diyçə, çaşır, sobu, yemişan, həmərsin, zirinci həm yığıb qış dirriyi edir, həm də şəhərə gətirib satırdılar. Kənddə hər evin təndiri vardı. Çöllərin ətirli bitkilərindən yığıb kətə bişirərdilər. Kətənin, qalının, çöçənin, çörəyin ətri min ağaclıqdan adamı vurardı”.
Onun sözlərinə görə, Lizbirtin əkin sahələrində buğda əkilir, kənddə olan su dəyirmanında üyüdülürdü. Arpa, lobya, vələmir, darı, çəltik, pərinc, qarğıdalı və digər əkinlərdən də bol məhsul götürülürdü. Pərincin yaxşı yarması olurdu. Əkməyə texnika olmasa da, insanlar zəhmətə qatlaşır, bir qarış torpağı belə, boş qoymurdular. Əkində, əsasən, at kotanlarından istifadə olunurdu. Əkin sahələrinin çoxu dəmyə idi. Amma göl də var idi kəndin üst tərəfində. Əyri qaya bulağının suyu bura doldurulur, həyət-bacalardakı əkində, ağacların suvarılmasında qənaətlə istifadə olunurdu. Kənddə müxtəlif növ meyvələr yetişdirilirdi. Cəviz ağaclarına daha çox üstünlük verilirdi. Ağacların hər birindən 5-6 kisə cəviz yığmaq olurdu.

Bəxtiyar kişi deyir ki, kəndimiz üzbəüz iki təpənin üzərində binə olmuşdu. Ortada dərə var idi. Qaravuş dağından çıxan bulaqların suyu bir yerə yığılıb çay əmələ gətirirdi və o çay bu dərə ilə axıb gedərək Cəhriçaya qarışırdı. Kəndin yolu bu çayın içindən keçirdi. Odur ki, çətinlik vardı. O vaxtlar qış ayları çox sərt keçirdi. Dağlara yağan qarın suyu əriyəndə yazda daşan sel yolu çox vaxt bağlayırdı.
Deyir ki, kəndin insanları heyvandarlıqla da məşğul olublar. Kəndin aşağı tərəfində 8-9 kaha vurublar ki, bu kahaların hər birində 100 başdan artıq heyvan saxlanılırdı. Sonralar kənddə keçmiş sovet ordusunun hərbi bazası yerləşdirilmişdi.
Bəxtiyar kişi qeyd edir ki, 1964-cü ildə Lizbirtdə 2 ev qalmışdı. Camaat Naxçıvan şəhərinə, Babək rayonunun Didivar, Yuxarı Buzqov, Aşağı Buzqov kəndlərinə köçüb. Böyüyəndən sonra Lizbirt kəndi onu özünə çəkib. Gedib kənddə ev tikib, yaşayıb da. Amma uşaqlar məktəb yaşına çatanda yenidən köçmək məcburiyyətində qalıb. İndi də unutmur kəndini. Deyir, bərəkətli torpağı var. Aqrar islahat həyata keçiriləndə kəndin torpaqları lizbirtlilərə bölündü: “Bu ilin payızında gedib orda 14 hektar arpa əkmişəm. Gələn il 40-50 hektara çatdırmağı düşünürəm”.
Şirin xatirələrdən kövrələn Bəxtiyar kişi Xalq şairimiz Məmməd Arazın şeirinin iki misrasını pıçıldayır:
Kəndim balacasan, çox balacasan
Adın yox dünyanın xəritəsində...
Gərməçataq kənd sakini, tibb işçisi Həmzə Sadiqov da Lizbirt kəndi ilə bağlı xatirələrini bizimlə bölüşür. O, Lizbirti belə xatırlayır: “1960-cı illərin əvvəlləri idi. Naxçıvanda Tibb Texnikumunu yenicə bitirmişdim. Yuxarı Buzqov, Aşağı Buzqov, Gərməçataq və Lizbirt kəndlərində çalışmağa başladım. Şahbuz rayonunun ərazisində olan Lizbirt kəndi Payız kəndindən 4-5 kilometr aralıda, Cəhriçayın sol tərəfində yerləşirdi. Əvvəllər məktəb olmuşdu kənddə, sonralar uçub dağılmışdı, yeri qalırdı. Camaat çox əziyyət çəkirdi. Yolu yox, məktəbi yox. Elə aylar olurdu ki, at, ulaqla da kəndə getmək mümkün olmurdu. Bir ağır xəstə olanda adamlar çiyinlərində gətirib əsas yola çıxarırdılar. Yaz ayları olanda, çay daşanda isə insanların taleyi Tanrının ümidinə qalırdı”.
Bəli, adamları zəhmətkeş, əməksevər olan lizbirtlilər 1964-cü ildə kənddən köçmək məcburiyyətində qalıblar. İkinci Dünya müharibəsində kişiləri cəbhədə döyüşən, qadınları, qızları, ümumiyyətlə, əli iş tutan hər kəsin əməyi ilə torpağa daha çox alın təri axıdıb cəbhəyə ərzaq yardımı göstərən insanlar sonra Lizbirtdən ürək ağrısı ilə ayrılıblar. Arxiv sənədləri də təsdiq edir ki, 1944-cü ildə sakinlər Qızıl Ordunun çörək fonduna 1955 ton payızlıq buğda, 176 ton payızlıq arpa veriblər.
Bu kənd haqqında apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, o vaxtlar kəndin uşaqları gedib Naxçıvan şəhərində, Şahbuz qəsəbəsində, Şıxmahmud kəndində oxuyurmuşlar. Ailələr də daha çox bu səbəbdən tərk ediblər kəndi. Əgər Lizbirt kəndi qalsaydı, indi ona da muxtar respublikamızın əksər kənd­ləri kimi şəhər görkəmi veriləcəkdi, sakinlərin sosial həyatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görüləcəkdi. Cəmi 27 evi olan Ordubad rayonunun Nürgüt, 33 evi olan Xurs, Babək rayonunun Yuxarı Buzqov, Göynük, Culfa rayonunun Gal kəndləri kimi onun da qayğısına qalınacaqdı. İndi onun da müasir, yaraşıqlı məktəbi, xidmət mərkəzi, kənd mərkəzi, səhiyyə ocağı olacaqdı. İlin bir çox aylarında sakinləri digər bölgələrdən təcrid edən çayın üzərindən körpü salınacaqdı, yol çəkiləcəkdi. Bu gün Lizbirtə də qaz xətti çəkiləcək, onun işığı sönməyəcək, ocağı gur yanacaqdı...
...O vaxtlar da belə olsaydı, kimsə qopara bilməzdi onları bu ata ocağından. Təəssüf ki, bu günün bəxtiyarlığına çata bilmədi Lizbirt. Adı yaddaşımızdan silinməkdə olan kəndlərimizi xatırladıqca bu günümüzün qədir-qiymətini daha çox bilirik...

 

Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR