Sürətlə inkişaf edən, müasir ölkəyə çevrilən Azərbaycan Respublikası beynəlxalq arenada da böyük nüfuz qazanmış, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə diqqəti üzərinə cəlb etmişdir. Bu baxımdan ölkəmizin beynəlxalq hökumətlərarası təşkilat olan Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir.
Azərbaycan dövləti 1992-ci il martın 2-də BMT-nin Baş Məclisinin 46-cı sessiyasında bu nüfuzlu beynəlxalq quruma tamhüquqlu üzv qəbul edilmişdir. Həmin gün Nyu-Yorkda Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılmış, may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır.
Buna baxmayaraq, müstəqilliyimizin ilk illərində hakimiyyət dairələrinin dövlət idarəçiliyindəki naşılığı və siyasi səbatsızlığı üzündən ölkəmizin beynəlxalq qurumlarla, o cümlədən BMT ilə əməkdaşlığı lazımi səviyyədə deyildi. Bu da yenicə bərpa olunmuş dövlət müstəqilliyimizin davamlı olmasına mənfi təsir göstərir, dünyaya inteqrasiyanın qarşısında ciddi maneəyə çevrilirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra bütün bunlara son qoyuldu. Böyük tarixi şəxsiyyətin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətləri və aparıcı ictimai təşkilatları ilə sıx əlaqələr yaratdı. Ulu öndər Heydər Əliyev nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı xarici siyasətin prioriteti hesab edərək deyirdi: “Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.
Ulu öndər Heydər Əliyev BMT ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Çünki bu mötəbər qurumla sıx əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, dünya dövlətləri ilə bərabərhüquqlu faydalı münasibətlər qurmasına da real imkanlar yaradırdı. Bununla müstəqilliyimizin ilk illərindən Ermənistan silahlı qüvvələrinin ərazi bütövlüyümüzü pozaraq torpaqlarımızı işğal etməsi faktını da mötəbər beynəlxalq təşkilatın tribunasından bütün dünyaya çatdırmaq imkanı əldə etmiş olurduq. Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışmış və həlledici məqamlarda öz məqsədinə nail olmuşdur. Təsadüfi deyil ki, ölkəmizin təşəbbüsləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, işğalçı qüvvələrin ölkə ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.
BMT Nizamnaməsinin 2-ci maddəsində təşkilata üzv dövlətlərin bir-birinin suverenliyinə, sərhəd toxunulmazlığına qəsd etməsinin yolverilməzliyi göstərilmiş, 6-cı maddədə isə yazılmışdır ki, BMT Nizamnaməsinin prinsiplərini sistematik olaraq pozan ölkə Təhlükəsizlik Şurasının təqdimatı və Baş Assambleyanın qərarı ilə təşkilatdan xaric edilə bilər. Nəhayət, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, Azərbaycan məruz qaldığı işğala son qoymaq üçün hərbi gücə əl atmaq hüququna malikdir. Bütün bunlar Azərbaycanın haqlı olduğunu, əgər münaqişənin təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından sülh yolu ilə həlli mümkün olmazsa, digər yollarla həllini istisna etmir.
Ölkəmiz BMT Baş Assambleyasının işində fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə Assambleyanın 49-cu və 50-ci sessiyalarında ümummilli lider Heydər Əliyev Azərbaycan nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Həm 1995-ci ilin oktyabrında Baş Assambleyanın 50-ci sessiyasında, həm də BMT-nin Minillik Zirvə Toplantısında çıxış edən ümummilli lider Heydər Əliyev qlobalizasiya mövzusuna toxunmuş, qlobalizasiyanın müsbət inkişafı, həmçinin Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasının əhəmiyyətini vurğulamışdır.
2003-cü ilin sentyabrında isə cənab İlham Əliyev BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edərək bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşmazlıqların meydana çıxması şəraitində uyğun çevik və adekvat münasibət göstərə bilmir. O, mövcud BMT mexanizmlərinin zamanın tələblərinə cavab vermədiyini və bununla bağlı təşkilatda islahatların aparılmasının vacib məsələyə çevrildiyini vurğulamışdır. 2004-cü ilin sentyabrında keçirilən BMT Baş Assambleyasının 59-cu sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yenidən BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə toxunaraq bu mötəbər qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırlatmış, onların hələ də həyata keçirilmədiyini diqqətə çatdırmış, bunun üçün işlək mexanizmin yaradılmasının zəruriliyini irəli sürmüşdür.
Azərbaycan-BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə, şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir quruma qeyri-daimi üzv seçilməsidir. Bu həm də müstəqillik dövründə diplomatiyamızın qazandığı ən böyük uğurlardan biridir.
Azərbaycan dövləti Birləşmiş Millətlər Təşkilatının bir çox xüsusi qurum və orqanları – BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və digərləri ilə fəal əməkdaşlıq edir. Bu əlaqələrimiz ildən-ilə daha da genişlənməkdədir. Bu baxımdan YUNESKO ilə əməkdaşlıq önəmli çəkiyə malikdir. Qloballaşmanın bütün dünyada qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir dövrdə Heydər Əliyev Fondu xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi olan zəngin mədəni irsinin və dəyərlər sisteminin bəşəri miqyasda tanınmasına və təbliğinə nail olmuşdur.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı da daim bu beynəlxalq qurumun diqqətində olmuşdur. Ötən dövrdə muxtar respublikada Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Kənd İnvestisiya Proqramı üzrə 150-dək layihəsi icra edilmişdir.
Ötən il martın 2-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Murat muxtar respublikaya səfər etmiş, Naxçıvan şəhərinin mədəniyyət müəssisələri, tarixi abidələri, istehsal sahələri ilə tanış olmuşdur. Mayın 12-15-də isə Naxçıvan Dövlət Universitetində “BMT Modeli” konfransı keçirilmişdir. Konfrans Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində baş tutmuşdur.
Göründüyü kimi, Azərbaycanın BMT üzvlüyünə daxil olması ilə yaranan qarşılıqlı əlaqələr sürətli inkişaf yolu keçərək çoxşaxəli əməkdaşlığa çevrilmişdir. Eyni zamanda Azərbaycan da bu mötəbər beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini vermişdir. Bütün bunlar respublikamızda ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasət kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Rauf Kəngərli