Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və İslam mədəniyyəti” mövzusunda 211-ci məşğələsi keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda dini sahədə vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 1993-cü ildə ümummilli liderimizin “Allahın yolunda hamımız hür olaq” adlı kitabı Azərbaycan və bir neçə xarici dildə, o cümlədən ərəb dilində nəşr olunub. 1994-cü ilin iyul ayında ulu öndərin müqəddəs Məkkə və Mədinəyə ümrə ziyarəti İslam dünyasının diqqət mərkəzində olub. 1996-cı və 1997-ci illərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi ilə dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyulub, dövlətin din sahəsinə və dindarlara qayğısı artıb. Bu ənənə bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxışında vurğulayıb ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının şərəfli bir tarixi vardır. Bu tarixin böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərib. Qüdrətli şəxsiyyət bu sahədə özündən sonra böyük siyasi və dövlətçilik təcrübəsini miras qoyub. Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyev bu gün Azərbaycanın dini etiqad azadlığının qorunması və beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi üçün əhəmiyyətli işlər görür. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmiz multikultural dəyərlərin yaşadıldığı və təbliğ olunduğu bir məkan kimi dünyada şöhrət qazanıb.
Vurğulanıb ki, bu gün muxtar respublikada da dini tolerantlıq mühiti mövcuddur. 2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə muxtar respublikada dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Qeyri-islami icmalar olmayan muxtar respublikada radikal və dini nifrət yayan cərəyanlara, qondarma dini təriqətlərə, zərərli dini ideyalara qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparılır.
Xəbərlər şöbəsi