Təbiəti qorumaq, onu daha da zənginləşdirmək və əlverişli ekoloji şərait yaratmaq üçün muxtar respublikamızda uğurlu ekoloji siyasət həyata keçirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 28 faizi xüsusi mühafizə olunan təbiət əraziləri kimi qorunur, regionun fauna və flora zənginliyi ildən-ilə daha da artır. Əldə olunan müsbət nəticələr beynəlxalq qurumlar tərəfindən də etiraf olunur, Naxçıvanın adı təbiətə xoş münasibət göstərən ölkələrlə birgə çəkilir.
Təbiətin qorunması sahəsində həyata keçirilən ekoloji tədbirlər hər birimizi bu işdə fəal olmağa sövq edir. Gənc nəslin ekoloji maarifləndirilməsinə də ciddi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, nazirliyin aidiyyəti təşkilatlarla birgə hazırladığı tədbirlər planına uyğun olaraq təhsil müəssisələrində şagird və tələbələrin ekoloji biliklərinin artırılması məqsədilə sərgi-seminarların keçirilməsi davam etdirilir. Növbəti belə tədbir fevralın 28-də Naxçıvan Tibb Kollecində keçirilib.
Tədbiri kollecin direktoru Sona Məmmədova açaraq bildirib ki, ətraf mühiti qorumaq, təbiətə qayğı göstərmək üçün təbiəti öyrənməli, ekoloji təhsilə diqqəti artırmalıyıq. Bu gün Naxçıvanın təbii zənginliklərini öyrənmək, qorumaq və təbliğ etmək hər kəsin vətəndaşlıq borcudur.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elçin Kazımov “Naxçıvanın təbiəti, ekologiyası və bu sahədə görülən işlər” mövzusunda çıxış edərək həyata keçirilən tədbirlərdən danışıb, muxtar respublikanın zəngin bitki örtüyündən və onların mühafizə edilməsindən bəhs edib.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı film nümayiş etdirilib.
Sonra şagirdlər Naxçıvanın zəngin təbiət nümunələrini özündə əks etdirən sərgi ilə tanış olublar.
Xəbərlər şöbəsi