Hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə zəruri qanunvericilik bazası yaradılmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulmuşdur. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması muxtar respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması baxımından atılan mühüm addım oldu. Ötən illər ərzində böyük inkişaf yolu keçmiş Fövqəladə Hallar Nazirliyi və onun yerlərdəki strukturları üçün müasir inzibati binalar tikilib istifadəyə verilmiş, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Belə ki, 2012-ci ildə nazirliyin yeni inzibati binası istifadəyə verilmiş, binada müasir xidmət şəraiti, elektron nəzarət və idarəetmə sistemləri yaradılmışdır. Həmçinin 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələri, 2013-cü ildə Şərur və Babək rayon şöbələri, 2014-cü ildə isə Sədərək rayon şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar istifadəyə verilmiş, müasir iş şəraiti yaradılmışdır. Mülki Müdafiə Alayının təlim mərkəzində döyüş hazırlığı məşğələlərinin, təlim və məşqlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin saxlanması, istismarı və texniki xidmət göstərilməsi üçün müasir avtomobil parkı istifadəyə verilmişdir.
Muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallara çevik reaksiyanın verilməsi və nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2009-cu ildə Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmış və bu sahədə fəaliyyətin nümunəvi təşkili üçün zəruri addımlar atılmışdır. Nazirliyin mühüm fəaliyyət sahələrindən biri olan aviasiya manqasının fəaliyyətinin təmin olunması məqsədilə vertolyot alınıb gətirilmiş və Mülki Müdafiə Alayının təlim mərkəzində vertolyot meydançası tikilmişdir.
Muxtar respublika ərazisində baş vermiş təbii, texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılmışdır. Bundan başqa, muxtar respublikada tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin nəzdində mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılaraq ən müasir sınaq avadanlıqları və cihazları ilə təchiz edilmişdir.
Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan şəhərində nazirliyin zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası tikilmiş və 2017-ci il yanvarın 11-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə şəxsi heyətin istifadəsinə verilmişdir.
Fövqəladə hallar zamanı təxliyə olunan əhalinin və zərərçəkənlərin tələbatının ödənilməsi, yaşayışın və qidalanmanın normal təşkil edilməsi, habelə ehtimal olunan radioaktiv, kimyəvi və bioloji zəhərlənmələr zamanı əhaliyə vaxtında fərdi mühafizə vasitələrinin paylanması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, Mülki Müdafiə Alayında mülki müdafiə səfərbərlik ehtiyat anbarı yaradılmış, Şərur, Sədərək, Ordubad və Culfa şəhərlərində yaşayış binalarının zirzəmiləri təmir edilərək fərdi mühafizə vasitələri anbarı kimi uyğunlaşdırılmış və əhalinin yaş kateqoriyasına uyğun mühafizə vasitələri tədarük olunaraq rayon fövqəladə hallar komissiyalarına təhvil verilmişdir. Muxtar respublika ərazisində radioaktiv, kimyəvi və bioloji çirklənmə şəraitində nazirliyin mülki müdafiə qüvvələrinin fəaliyyət göstərməsi üçün müasirtipli radiasiya axtarış və ölçü cihazları alınıb gətirilmiş, bu cihazlarla işləyən mütəxəssislər treninqlərdə iştirak edərək müvafiq sertifikatlar almışlar. Həmçinin muxtar respublikanın mülki müdafiə səfərbərlik anbarından Şərur və Sədərək rayonları üçün ayrılmış radiasiya və kimya kəşfiyyatı cihazları daşınaraq həmin rayonların səfərbərlik anbarlarında ehtiyata qoyulmuşdur.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar 10 ictimai yaşayış binasının zirzəmisi əsaslı təmir edilmiş, 201 yaşayış binasının zirzəmisi təmizlənərək yararlı hala salınmışdır. Həmçinin içməli su mənbələrində monitorinqlər keçirilərək sanitar-gigiyena norma və qaydalarına əməl edilməsinə nəzarət olunmuş, çay hövzələrində selə qarşı tikilən bəndlərin, suburaxıcı və selötürücü qurğuların vəziyyəti yoxlanılmış, irihəcmli su anbarlarında bəndlərin təhlükəsizliyinə və hidrotexniki qurğuların fəaliyyət rejiminə nəzarət edilmişdir.
Muxtar respublikanın səhiyyə müəssisələrində yaradılmış ixtisaslaşdırılmış tibbi yardım briqadalarının fövqəladə hallarda hazırlığına xüsusi diqqət yetirilərək onların şəxsi heyəti ilə mütəmadi olaraq taktiki-xüsusi məşğələlər və təlimlər keçirilmişdir.
Şəxsi heyətin peşəkarlığının artırılmasında mütəxəssis hazırlığı mühüm rol oynayır. Ötən il 2 zabit Rusiya Federasiyasının Mülki Müdafiə Akademiyasına təhsil almağa göndərilmiş, 2 zabit Rusiya Federasiyasının Həştərxan şəhərində “Xəzər – 2016” beynəlxalq kompleks təlimində, 2 zabit Qəbələ şəhərində dağ alpinizmi təlimində iştirak etmişdir. Bu istiqamətdə işlər 2017-ci ilin əvvəlində də davam etdirilmiş, fevralın 20-22-də Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyindən gələn ekspertlərin iştirakı ilə Xüsusi Riskli Xilasetmə Xidmətində “Qar uçqunları zamanı axtarış işlərinin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilmiş və yeni alınmış axtarış xilasetmə cihazlarından istifadə qaydaları xilasedicilərə öyrədilmişdir.
Fövqəladə Hallar Nazirliyi bundan sonra da mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində səylə çalışacaq, muxtar respublikada mülki müdafiə işi müasir tələblər səviyyəsində qurulacaqdır.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti